16 aprel 2021 15:17
1834

Ermənistanın təxribatları üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsini ləngidir- ŞƏRH

“Ermənistan müharibədə məğlub olsa da təxribatlarından əl çəkmir. Bu, bir neçə faktorla bağlıdır. İlk olaraq onu qeyd edim ki, Ermənistanda bütün siyasi qüvvələr xarici ölkələrin müəyyən dairələri tərəfindən idarə olunur. Ona görə bunların hər birinin öz marağı var. Bu baxımdan təxribatlar davam edəcəyi gözlıniəndir. Amma belə vəziyyət Ermənistanı fəlakətə sürükləyir".

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Zaman Partiyasının sədri Musa Ağayev söyləyib.

Partiya sədri bildirib ki, Ermənistanda bu ilin iyun ayında seçkilər keçiriləcək və baş nazir Nikol Paşinyan yenə də sərsəm fikirlərlə çıxış edir: “Vzəiyyətdən xilas olmaq üçün status məsələsini yenidən qaldırmaq fikrindədir. Bir tərəfdən bu, daxili auditoriya üçün edilir və seçkilərdə yenidən qalib olmağa hesablanıb. Digər tərəfdən isə Ermənistanda revanşist qüvvələrə müəyyən mənada cavabdır.”

Həmsöhbətimiz qeyd edib ki, müharibədə məğlub olan Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir: “Ermənistan iddia edir ki, onlarda xəritə yoxdur. Bu, sadəcə ağ yalandır. Ona görə ki, ərazilər hərbçilər tərəfindən minalanır və bunun xəritəsi hazırlanır. Xəritə var, sadəcə vermək istəmirlər. Bu isə hərbi cinayətdir, beynəlxalq konvensiyalara və hüquqa ziddir. Minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi üçün  Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsi ilə əlaqələr qurmağa çalışır. Amma Ermənistan bu prosesi də yubatmaqla məşğuldur. Bir daha sübut olunur ki, müharibənin bitməsinə baxmayaraq ermənilər Azərbaycan xalqına qarşı hərbi cinayətlərini davam etdirirlər.”

Müsahibimiz  təcavüzkar dövlətin minalanmış ərazilərin xəritəsini verməməklə nəyə nail olmaq istəməsindən  söz açıb: “Düşmən tərəf  10 noyabrda Üçtərəfli Bəyanata imza atandan sonra təxribata əl atdı. Bu təxribatın nəticəsi olaraq antiterror əməliyyatı keçirilidi və erməni diversantlar həbs edildi. Ermənilər məhz həmin terrorçuları “hərbi əsir” adı ilə geri qaytarmağa çalışırlar. Məğlub tərəf olmalarına baxmayaraq güzəştlərə nail olmaq istəyirlər.  Amma onların iddialarının heç biri reallaşmayacaq".

Ermənistanın müharibə cinayətlərinə bəzi beynəlxalq qurumların susqunluq numayiş etdirməsinə toxunan partiya sədri qeyd etdi ki, həmin təşkilatlar Qərbin geosiyasi maraqlarını həyata keçirmək üçün alətə çevriliblər: "Aprelin 8-də ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə köməkçisinin müavini Corc Kent “Türk irsi” qeyri-hökumət təşkilatının internet-seminarında çıxış edərkən bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya istəyərsə, Amerika  bu məsələyə yenidən qayıda bilər. Qərb dairələri torpaqlarımızın 30 ilə yaxın müddət ərzində işğalda qalmasıma göz yumdular. Azərbaycan Ordusunun tarixi Qələbəsindən, 10 noyabr Bəyanatından sonra həmin dairələr uduzduqlarını anladılar. Artıq münaqişə həll olunub, müharibə Azərbaycanın qələbəsi ilə bitib.  Ermənistan isə həmin qüvvələrin təsiri ilə nəsə əldə etməyə çalışır".

Həmsöhbətimiz  vurğulayıb ki, minalanmış ərazilərin xəritəsinin verilməməsində əsas məsuliyyət Ermənistan tərəfindədir. Düşmən tərəfi bu təxribatla üçtərəfli Bəyanatın tələblərinin yerinə yetirilməsi prosesini ləngidir. Ermənistanın hərbi cinayətləri Qarabağa Böyük Qayıdış Proqramının həyata keçiriləməsinə də mane olur.

Müsahibimiz işğaldan azad edilmiş ərazilərə icazəsiz səfər edənlərə də çağırış edib: “Bu insanlar 30 ilə yaxındır ki, dədə-baba torpaqlarından uzaq düşüblər və bu torpaqlarda onların ata-babalarının, əzizlərinin qəbirləri var. Təəssüf ki, o qəbiristanlıqların əksəriyyətindən heç bir əsər-əlamət qalmayıb. Amma həmin ərazilərə icazəsiz səfər bu insanların özlərinin həyatına təhlükədir. Düşmən hər tərəfi minalayıb. Heç kim icazəsiz həmin ərazilərə getməsin. İnşallah tezliklə Qarabağa Böyük Qayıdış başlayacaq və vətəndaşlarımız öz ata-baba yurduna qovuşacaqlar.”

Yaqut Ağaşahqızı, “İki sahil”