16 aprel 2021 15:25
817

Azərbaycan ictimaiyyəti və dünya görməlidir ki, müharibə hansı miqyasda olub

“Hərbi Qənimətlər Parkının yaradılması həm tarixi cəhətdən, həm də gənclərimizdə, Azərbaycan xalqında vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca əhəmiyyətlidir və bunu təqdir edirik.”

Bu sözləri “İki sahil”ə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

A.Əlizadə bildirib ki, bu, dünya miqyasında qəbul edilmiş təcrübədir: “Müharibələrdən sonra belə parkların yaradılması təbii qarşılanmalıdır. Azərbaycanı bu məsələ ilə bağlı bu və ya digər formada qınamaq istəyən ölkələrin özlərində belə, bu cür postmüharibə dövrünü əhatə edən parklar, memorial komplekslər yaradılıb. Bizim qardaş ölkəmiz olan Türkiyədə də Çanaqqala zəfərini özündə təcəssüm etdirən bir memorial kompleksi var.”

Partiya sədri qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük Zəfər qazandı: “44 günə biz 30 il ərzində işğal altında olan torpaqlarımızı işğaldan azad etdik və bunu qəhrəman Azərbaycan oğulları etdi. Təbii olaraq bunun bütövlükdə həm Azərbaycan ictimaiyyətinə, eyni zamanda, dünya birliyinə təqdim olunması lazım idi və Hərbi Qənimətlər Parkının yaradılması ilə də bunu etmək mümkün olacaq.”

Həmsöhbətimiz bildirib ki, bəzi dövlətlər bundan narahatdırlar. Xüsusilə də Rusiya və Fransa:  “Çünki həmin Hərbi Qənimətlər Parkında nümayiş olunan silahlar onlar tərəfindən təmənnasız olaraq ermənilərə verilmişdi və bu illər ərzində ermənilər işğalçılıq siyasətlərini də elə həmin silahlar vasitəsilə yürüdə bilmişdilər. Nümayiş olunan silahlar qənimət olaraq ələ keçirilib, sıradan çıxarılmış silahlardır.”

Partiya sədri vurğulayıb ki, Azərbaycan ictimaiyyəti, eləcə də dünya görməlidir ki, müharibə hansı miqyasda olub: “Hansı miqyasda biz silahlanmış quldurlara, terrorçulara, qondarma bir dövlətə, separatçılara qarşı mübarizə aparmışıq və 44 gün ərzində hansı nailiyyətlər əldə olunub.”

A.Əlizadə bildirib ki, Hərbi Qənimətlər Parkında bütün bunlar özünü əks etdirir və artıq 3 gün ərzində çox böyük insan kütləsi, Azərbaycan vətəndaşları oranı ziyarət ediblər: “Hər birimizin qazilərimizin və şəhidlərimizin ruhu qarşısında borcumuzdur ki, oranı ziyarət edək. Həm bugünkü, həm də gələcək nəsillər görsünlər ki, torpağı işğalçılardan azad etmək üçün necə mücadilə aparılıb, hansı taktikadan istifadə olunaraq qələbə əldə olunub.”

Röya Rasimqızı, “İki sahil”