18 aprel 2021 11:24
490

Karantin rejimi sərtləşdirildi

Aprelin 18-dən Özbəkistanda karantin rejimi daha da sərtləşdirilir.

“İki sahil” xəbər verir ki, bununla bağlı Koronavirusun Yayılmasının Qarşısının Alınması üzrə Xüsusi Respublika Komissiyası məlumat yayıb.

Məlumatda deyilir ki, COVID-19 aşkar edilən bütün məktəb və uşaq bağçaları iki həftə müddətinə karantinə bağlanır.

Karantin qaydalarına nəzarət böyük ticarət mərkəzlərində, mağazalarda və bazarlarda da gücləndirilir. Bu məkanlara gedərkən qoruyucu maskadan istifadə etməli, girişdə antiseptik vasitələrlə əllərini silməli və sosial məsafəni gözləməlidirlər. İctimai iaşə müəssisələrində, restoran və kafelərdə eyni vaxtda 100-dən çox adam olmamalıdır. Avtobuslarda isə yerlərin 50 faizi dolmalıdır. Zəruri hallarda xəttə buraxılan avtomobillərin sayı artırılmalıdır.

Ramazan ayı müddətində dindarlar sosial məsafəyə əməl etməklə və maska taxmaqla məscidlərin həyətlərində açıq havada ibadət etməlidirlər. İftar zamanı iştirakçıların 100-dən çox olmamalıdır.

Xatırladaq ki, aprelin 1-dən Özbəkistanda toyların və digər şənliklərin, həmçinin kütləvi mədəni tədbirlərinin keçirilməsinə məhdudiyyət qoyulub.