20 aprel 2021 13:43
2424

Dünyanın ən kiçik ölkəsi- Vatikan/FOTO

Vatikan ərazisinə görə dünyanın ən kiçik ölkəsi olsa da, yüz milyonlarla insanın müqəddəs saydığı tarixi və mədəni irsi ilə seçilir.

“İki sahil” xəbər verir ki, İtaliyanın paytaxtı Roma sərhədləri daxilində yerləşən Vatikan dövləti, öz mühafizəçilərinə və qurumlarına sahib olan bir dövlətdir. Katolik inanclı insanlar üçün müqəddəs bir mərkəz olan bu ölkə, eyni zamanda Papanın daimi iqamətgahıdır. Hər il milyonlarla qonağı qarşılayan Vatikan həm də dünyanın ən vacib arxivlərindən birinə ev sahibliyi edir. İntibah dövrünün böyük sənətkarlarının əsərlərini də görə biləcəyiniz burada daimi olaraq 850 nəfər əhali yaşayır. Vatikan ya da rəsmi olarak Stato della Citta del Vaticano yəni Vatikan Şəhər Dövləti ərazisi və əhalisinə görə dünyanın ən kiçik ölkəsidir. Ancaq buna baxmayaraq, bu yer tarixi əhəmiyyətinə görə dünyanın diqqət mərkəzindədir. Paltarlarının Mikelancelo tərəfindən dizayn edildiyi irəli sürülən isveçrəli mühafizəçilər tərəfindən qorunan Vatikan, keçmişdə indikindən daha çox gücə və əhəmiyyətə sahib olub.

Xristianlığın Katolik təriqətinin müqəddəs mərkəzi olan bu yer, sənət əsərləri və arxivi ilə də diqqət mərkəzidə olub. Dünyanın ən kiçik ölkəsi Vatikan dini mərkəz olmaqla yanaşı, mədəni zənginliyi sayəsində hər il milyonlarla ziyarətçini qəbul edir. Bu qədim dövlət Tiber çayının sol sahilində yerləşir. İtaliya sərhədləri daxilində San Marino ilə birlikdə iki ölkədən biri olan Vatikan, eyni zamanda dünyanın ən kiçik ərazisinə sahib olan dövlətdir. 0,44 kvadrat kilometr ərazisi olan bu yerdə, Müqəddəs Peter Bazilikası, Vatikan Muzeyi və Papa məmurlarına aid evlər də var. Bura getmək üçün viza tələb olunmasa da, tək nəqliyyat seçiminin İtaliya olduğundan, Şengen vizası olmadan daxil olmaq mümkün deyil. Bu səbəbdən bu yeri ziyarət etmək istəyənlər Şengen vizası almalıdırlar. Bu kiçik ölkə təxminən hər gün yüz minlərlə turist qəbul edir. Bu turistlərdən bəziləri inanclarına görə, bəziləri də mədəniyyət və sənətə görə Vatikanı ziyarət edirlər. Katolik inancının mərkəzi olan Vatikanın dövlət başçısı olan Papa, eyni zamanda Katolik inancının da mənəvi lideridir. Əvvəlki adı Papa Dövləti olan, Roma İmperiyası dağıldıqdan sonra ərazi baxımından İtaliyanın orta bir hissəsinə aid olsa da, suverenlik bütün Katolik krallıqlarını əhatə edirdi. Bu da əslində islahatların başladığı 16-cı əsrə qədər bütün Avropanı nəzərdə tuturdu. Təxminən min il əvvəl başlayan Səlib yürüşlərini əmr edən Papalar, zaman-zaman Katolik krallarını dindən də uzaqlaşdıra bilərdilər. Bu mövzuda ən məhşur nümunə İngiltərə Kralı VIII Henrinin evliliyi səbəbindən kilsədən qovulması və buna görə Anglikan Kilsəsini qurmasıdır.

Vatikan, xüsusilə gücünün zirvəsində olduğu orta əsrlərdə, sənətdə öndə gedirdi. Sənət Vatikanın təyin etdiyi qaydalar çərçivəsində formalaşmış və bu istiqamətdə irəliləmişdir. Buna görə, buranın təsdiq etməyəcəyi bir sənət əsərinin daimi olması imkansız idi. İntibahın başlanğıcına təsadüf edən XV əsrdə vəziyyət tədricən dəyişməyə başlasa da, Leonardo Da Vinçi, Mikelancelo, Bernini, Rafael və Donatello kimi sənətkarlar Vatikan üçün işlər görüblər. Mikelancelonun Sikstin Kapellasındakı Afina Məktəbini təsvir etməsi sənət tarixinin ən əhəmiyyətli əsərlərindən biridir. Vatikanda yerləşən və mühüm bir yerə sahib olan muzeylər Avropa tarixində böyük əhəmiyyətə malikdir. Burada sərgilənən sənət əsərlərindən əlavə, köhnə sənədlər də tarixşünaslıqda böyük əhəmiyyətə malikdir. Əsrlər boyu Avropada böyük söz sahibi olan Vatikanda toplanan məlumatlar və sənədlər günümüzdə dünyanın ən böyük arxivlərindən biridir. Müqəddəs Pyotr bazilikası Vatikanın əsas binalarından biridir. 137 metr hündürlüyü olan bu bina Romanın da ən yüksək tikilisidir. Belə ki, Romanın mərkəzindəki binaların heç biri Müqəddəs Pyotr bazilikasından yüksək tikilməyib. Mikelancelo və Bernini tərəfindən hazırlanan Müqəddəs Pyotr Bazilikası, katoliklər üçün ən vacib dini binadır. Dünyanın ən böyük kilsə binalarından biri olan Müqəddəs Pyotr Bazilikası, turistlərin ziyarətinə açıq olduğu kimi mərasimlərin də keçirildiyi bir yerdir. Pandemiya öncəsi, tez-tez dini ayinlərə şahidilik edən bazilikada qarşısındakı geniş meydanda həm ayaqda, həm də oturmuş qaydada toplantılar aparılırdı.

Papanın tez-tez təbliğ etdiyi bu ərazi, koronavirus səbəbindən tarixində heç olmadığı qədər boşdur.

Vatikanla əlaqəli başqa bir maraqlı detal da 100 nəfərlik ordusunun olmasıdır. İsveçrəli katoliklərdən yaranan bu yüz nəfərlik ordu Vatikanın qorunmasına cavabdehdirlər. Bu qoruma əlbəttə daha çox simvolik xarakter daşıyır. Ənənəvi geyimdə olan bu gözətçilər turistlərin də diqqət mərkəzində olmağı bacarırlar.

 Vüsal Cahanov, “İki sahil”