03 may 2021 13:23
996

Füzulinin inkişaf potensialı - Hansı sahələr daha əlverişlidir?/VİDEO

“Füzuli rayonu xüsusi potensiala malik olan rayonlarımızdandır. Nəzərə alsaq ki, işğaldan öncə rayon bir sıra məhsulların, o cümlədən pambıq və üzüm istehsalına görə respublikada ilk yerlərdən birini tutub”. Bu sözləri “İki sahil”ə açıqlamasında Füzuli rayonunda inşa olunan hava limanına səfəri zamanı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Füzulidən olan deputat qeyd edib ki, rayonun torpaq örtüyünün çox məhsuldar olması burada kənd təsərrüfatının inkişafı üçün əlverişli zəmin yaradır: “Eyni zamanda, sənayenin inkişafı üçün bir sıra tikinti materialları, müxtəlif təbii sərvətlər var ki, bu amillər rayonda həm kənd təsərrüfatının, həm də sənayenin paralel inkişafı üçün şərait yaradır.

Bundan başqa Füzulinin turizim imkanları da xeyli genişdir. Rayon mərkəzinə yaxın ərazidə yerləşən tarixi Azıx mağarası turizimdə mühüm yerlərdən birini tutacaq. Eyni zamanda, tarixi əhəmiyyət daşıyan Şah İsmayıl məscidi və digər tarixi abidələr turistləri özünə cəlb edəcək. Bundan başqa Füzulidə yay və qış turizminin inkişafı üçün xeyli sayda gözəl mənzərəli ərazilər, göllər, çay yataqlar və sair var.

Bütün bunlar imkan verəcək ki, bərpa və yenidənqurma işlərindən sonra iqtisadiyyat daha qısa zamanda bərpa olunsun. Nəticə etibarı ilə biz növbəti illərdə tədricən işğaldan azad olunmuş bütün ərazilərin, o cümlədən Füzulinin Azərbaycanın inkişafında xüsusi paya sahib olmasını müşahidə edəcəyik”.

Taleh Bağırov, “İki sahil”