03 may 2021 21:57
1040

 Ermənistan ordusuna göz dağı parkı

İşğaldan azad edilmiş ərazidə disput

Dan yeri söküləndən bəri ağac-ağac, budaq-budaq çılğınlaşan, yallar aşan, yamac-yamac, düzən-düzən dolaşan, yolçularından biganəlik görüncə kükrəyən yellər gah sağa meyillənir,  gah sola. İndiyəcən torpaqda duymadığım, duya bilmədiyim gözəl bir tərpəniş hiss edirəm. Vətən müharibəsinin iştirakçılarıyla, işğalçını diz çökdürənlərlə görüşə tələsdiyim məqamlarda könlümlə təbiət arasında oxşarlıq tapmaq istəyirəm. Könlümü işğaldan azad edilmiş torpaqlar bilirəm, əsən yelləri – düşüncələrim. Düşüncələrimin sırasını kəlmələşəcəyim əsgərlərin işıqlı düşüncələrinin nizamlayacağına əminliklə göy üzünə baxıram. Hökmüylə buludları uzaqlaşdıran yelləri bağrıma basmaq keçir könlümdən. Ötən ilin oktyabrında Murovdağ yaxınlığında – döyüşlərə bir güllə məsafəsi qədərincə yaxınlıqda, mövqe qələbəsi qazanmış döyüşçülərin əhatəsində kükrəyən, əsə-əsə özünü ora-bura çırpan yelləri sinəmə sıxmışdım. Onda bu yellərdən umacağım vardı, indi onlarla bağrıbadaş olmaq istəyirəm...

Əsgərlərlə Vətən müharibəsindən, qazanılan Zəfərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakıda açılan Hərbi Qənimətlər Parkından danışacağıq, ölkə başçısının dediklərini qürurla xatırlayacağıq...

Vətən müahribəsi zəfərlə başa çatdı...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakıda Hərbi Qənimətlər Parkı açıldı...

Hərbi Qənmətlər Parkını Vətən müharibəsində Azərbaycan əsgərinin qətiyyətinin, döyüş hazırlığının, vətənsevərliyinin, döyüş əzminin, qələbə ruhunun, qazanılan Qələbənin sənədi bilirik. Qazilər də, Vətən mühribəsində döyüşənlərin kürəyini nəfəsiylə isidən ictimaiyyət də. Bu sənəd dünyəvi mahiyyətli sənəddir. Bu sənəd Azərbaycan Ordusunun qalibiyyətinin, Ermənistan ordusunun rəzilliyinin etirafı sənədidir. Bu sənədin xarakteri həm də Vətən müharibəsində döyüşlərin xronikasının bir çalarını – düşmənin necə müdafiə olunduğunu, döyüşlərdə dövlətçilik nüfuzu ilə bir sırada hərbi potensialını necə itirdiyini ümumiləşdirir. Hərbi Qənimətlər Parkına gələnlər eksponat olaraq ermənilərin qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyatları, digər sursatları görəcək, bu eksponatları işğalın aqibətinin tarixə proyeksiyası biləcək. Yəni Hərbi Qənimətlər Parkı mahiyyəti etibarilə bəşəriliyin parkıdır. Bu düşüncələrin zəmanətiylə (və təqdimatıyla) baxışları erməniliyin uçurub-dağıtdığı evlərin çökmüş divarlarından yığılmayan əsgərlərin əhatəsinə çatıram...

– Hərbi Qənimətlər Parkı gələnlərə 44 gün davam edən Vətən müharibəsinin tarixi haqqında, Azərbaycan həqiqətləri haqqında bilgilər aşılayacaq, ölkəmizdə yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularının, dünyaduyumunun formalaşmasında əhəmiyyətli olacaq, – deyirəm.

Zabit Ruslan Novruzov deyir ki, Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin müdafiə xəttini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazandı. Bu qələbələr döyüşçülərimizin döyüş əmini, qələbə ruhunu kükrədirdi. Azərbaycan ordusu düşmənin müdafiə səddini, komanda məntəqələrini dağıtdı, hərbi resurslarını, canlı qüvvələrini məhv etdi. Düşmənin əsgər və zabitləri, muzdlu döyüşçüləri çarəsiz müdafiə döyüşləri aparırdı. Azərbaycan Ordusunun gücü, qüvvəti, qüdrəti qarşısında dayana bilməyən məğlub ordunun şəxsi heyəti döyüş texnikalarını, silahlarını, olan-qalan hərbi resurslarını atıb qaçırdı...

Zabit Mirsadıq Zeynalov Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin bir fikrini xatırladır: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir. Başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq”, sonra deyir ki, Hərbi Qənimətlər Parkında Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad edilən torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanlarından hazırlanmış böyük ölçülü lövhə-eksponat, lövhə-eksponatın üzərində “Qarabağ Azərbaycandır!” şüarı var.

Mirsadıq Zeynalovun fikrini zabit Ruslan Novruzov tamamlayır:

– Bu şüar Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikrin şüarı kimi yaşadılıb. Bu şüar Vətən müharibəsində də azərbaycançılığın şüarı oldu. Bu şüar döyüşçülərin Vətən sevgisini də əhatələdi, döyüşləri də, qələbəni də. Bu şüar tarixi şüar kimi, tarixin şüarı kimi yaşanıldı, yaşadıldı. Bu şüarın işığında döyüşənlər də tarixi zəfər qazandı...

– Hərbi Qənimətlər Parkı haqqında əsgərlərimizin məlumatı var. Onlar da bilirlər ki, buradakı oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb, – müddəətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rübail Həmidov belə deyir...

– Hərbi Qənimətlər Parkında bir lövhə var. O lövhə tarixin dilmancıdır: düşmənin itirdiyi maşınların nömrələri bəşəri şüarın ayaqlarına döşəndi, işğalçılıq – vətənsevərliyin. Bu lövhə tarixin işğalçılığa kinayəsidir, – deyirəm. Xatırladıram ki, Hərbi Qənimətlər Parkının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu lövhə önündə bu lövhədən danışaraq dedi:

– Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı. Budur onlara verilən cavab. Qarabağ Azərbaycandır!..

Əsgər İzzət Hacıyev deyir:

– Ölkə başçımız sonra dedi ki, Hərbi Qənimətlər Parkına gələnlər görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Düşmən 30 il ərzində azad edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, Azərbaycan hərbçiləri bütün bu maneələri dəf edərək düşməni məğlub etdi.

Zabit Əmrah Əhmədov ölkə başçısının bir fikrini də xatırladır: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. 

Hiss olunur ki, əsgərlər deyilənləri yaddaşına köçürür; disputun pedaqoji mahiyyəti təsirini göstərməkdədir.

– Ölkə başçısının bu fikirləri müharibələr tarixinin mahiyyəti mahiyyətlərə, xarakteri xarakterlərə bənzəməyən bir müharibə haqqında sərkərdə kəlamıdır. Hərbi Qənimətlər Parkına gələnlər eksponatlara  bu kəlamın işığında baxacaqlar, – deyirəm. Zabit Ruslan Novruzov deyir ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı, qüdrəti o maneələri darmadağın etdi. Düşmən belə mühəndis-maneələr sistemi yaradanda nə vaxtsa döyüşlər olacağını nəzərə alıbmış, Azərbaycan əsgərinin Vətən sevgisini, döyüş əzmini, qələbə ruhunu nəzərə almayıbmış. Düşmən bu illər ərzində bundan da möhkəm sədd yaratmış olsaydı, Azərbaycan əsgəri onu da darmadağın edərdi, – əsgər Səyyad Mirzəyev belə deyir...

– Məzuniyyətimdə Hərbi Qənimətlər Parkına da gedəcəm. Televiziyadan gördüklərimiz ilkin təəssüratlar olsa da, Parkın mahiyyətini dərk etmişik. Necə deyərlər, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Parka biz də gedəcəyik, – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rübail Həmidli belə deyir.

– Parkda düşmənin əsgər və zabitlərinin dəbilqələrindən ibarət bir stend var. Bu stend işğalçılığın rəzil günə düşdüyünü göstərən stenddir. Silahını atıb qaçan, döyüş texnikasını atıb qaçan, yük maşınlarını, minik maşınlarını atıb qaçan əsgər öldürülməyibsə, el-obasına nə üzlə qayıdacaq?, – əsgər Babək Xudiyev belə deyir.

– Min illərdi məğlub dövlətin döyüşçüsü özünü danır, kimliyinin tanınmamasına çalışır. Görəsən, Ermənistanın məğlub ordusunun əsgər və zabitləri də cəmiyyətdən gizlənəcəkmi?, – əsgər İxtiyar İdrisov belə deyir.

İxtiyar İdrisovun fikirlərini əsgər Cabbar Məmmədzadə davam etdirir:

–Dəbilqə döyüşçünün papağıdı, papaq qeyrət rəmzidi. Ermənistanın döyüşçüləri olan-qalan qeyrətini də Vətən müharibəsində itirdi.

Zabit Mirsadiq Zeynalov əsgər Cabbar Məmmədzadənin fikrinə fəlsəfi yozum verir:

– Hərbi Qənimətlər Parkında dediyiniz o lövhə düşmənin həm də nəyi itirdiyini yaşadır, –

Bu yozum düşüncələrə erməniliyin rəzillik çaları kimi hopur...

Bu Park tarixi gerçəkliyin, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlara ehtiramın,  Azərbaycan Ordusunun qürur, Ermənistan ordusuna göz dağı parkıdı.

– Ölkə başçısının Hərbi Qənimətlər Parkında təltif edilən hərbi qulluqçularla görüşündə deyib: “Yaralanmış hərbçilər, ağır yaralanmış hərbçilər bir amalla yaşayırdılar ki, tezliklə sağalıb yenə də döyüşə qayıtsınlar. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti yüksək mənəvi ruh göstərmişdir. Peşəkarlıq, qəhrəmanlıq öz yerində, mənəvi ruh”. Vətən müharibəsində qazanılan Zəfər bu ruhun zəfəridir, – zabit Ruslan Novruzov disputu yekunlaşdırır. Hərbi Qənimətlər Parkından söz düşəndə bir gerçəklik yenidən yaşanılacaq: vətənpərvərlik qüdrətdir, bu qüdrət mübarizənin (müharibənin) sonunda işğalçılığı məhv edir.

Zabitlərin də, gizirin də, əsgərin də dedikləri bizə bir gerçəkliyi xatırladır: Vətən müharibəsi vətənpərvərliyin işğalçılığa qarşı apardığı ədalətli müharibə idi. Bu müharibə bəşəriliyin erməniliyə qarşı müharibəsiydi. Bu müharibədə dünyanı bürüməyə meyilli olan bir təxribat sistemi də məhv edildi. Hərbi Qənimətlər Parkı həm də bəşəriliyə qənim kəsilənlərə görk Parkıdı: İnsanlığa, bəşəriliyə xor baxanların sonu budur – dünyəvi nifrət, dünyəvi lənət!..

 Rəşid Faxralı