Napoli şəhərinin kənarındakı turizm bölgələrindən biri olan Proçida adasında yaşayan əhali ümumilikdə COVID-19 əleyhinə peyvənd edilib.
“İki sahil” xəbər verir ki, Proçida bütün əhalinin peyvəndini tamamlayan ilk italyan adası olub. Proçida adasında təxminən 6 min 900 doza peyvənd tətbiq edildiyi və bunun əhalinin 92 %-ni əhatə etdiyi ifadə edilib. Vaksinasiyanın yüksək səviyyədə olmasının virusun adada yayılma riskini azaltmağa kömək edəcəyi qeyd edilib. Proçidadan sonra qonşu İskya adasında da sakinlər üçün peyvənd işlərinin gücləndiriləcəyi bildirilib.
İtalya mətbuatında yer alan digər xəbərlərdə Proçidadan “COVID-19-suz ada” olaraq bəhs edilib. COVID-19-a qarşı geniş yayılmış vaksinasiya kompaniyasının 27 dekabr 2020-ci ildə başladığı ölkədə peyvənd olunanların sayı bu günə qədər 21 milyon 27 min 308-ə çatdığı bildirilib. Peyvənd olunanların 6 milyon 348 min 757-si ikinci doza alanlardır.
Xatırladaq ki, ölkədə 14 aydır davam edən COVID-19 epidemiyasında bu günə qədər 121 mindən çox insan həyatını itirib.
Vüsal Cahanov, “İki sahil”