04 may 2021 15:17
452

Böyük qayıdışla bağlı bütün zəruri addımlar atılmaqdadır

"Cəbrayıl rayonunun girişindəki "Xoş gəlmişsiniz" lövhəsinin bərpası biz cəbrayıllıların böyük sevincinə səbəb olub. Bilindiyi kimi, bu lövhə Cəbrayıl rayonunun girişində, Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşir. Uzun illər idi düşmən lövhənin yerləşdiyi əraziyə nəzarət etdiyi üçün insanlar həmin yerə gedə bilmirdilər. Azərbaycan xalqı uzun illərdən sonra Cəbrayıl lövhəsini 2016-cı ilin Aprel döyüşlərindən sonra gördü. Belə ki, Cocuq Mərcanlı azadlığa qovuşandan sonra əsgərlərimiz "Xoş gəlmişsiniz" lövhəsinə bayraq sancmışdılar. Nəhayət, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından sonra işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Cəbrayıl rayonu da düşmən işğalından azad edildi".

Bu fikirləri "İki sahil"ə açıqlamasında YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına olan son səfəri bir çox önəmli məsələlərlə yadda qaldı. Bu səfər Azərbaycanın regionun söz sahibi olması ilə yanaşı, irimiqyaslı layihələrin icrasına başlanması baxımından da mühüm əhəmiyyət kəsb edir: "Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə aparılacaq bərpa, quruculuq işləri dövlət siyasətimizin əsas prioritetlərindən birinə çevrilib. Yeni mərhələdə bu regionlar yenidən dirçəldiləcək, həmin ərazilərdə kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradılacaq. Artıq bu torpaqlara böyük qayıdışla bağlı addımlar atılmaqdadır. İnanırıq ki, qısa zaman kəsiyində işğaldan azad edilmiş rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Bir daha bütün Cəbrayıl ictimaiyyəti adından cənab Prezidentimiz, qalib Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk".