Qısqanc insanlar adətən tərk edilməkdən qorxurlar.Bu tip insanların psixologiyasını araşdıran məşhur psixiatr doktor Selin Baranın sözlərinə görə, qısqanclığın məhəbbətlə əlaqəsi yoxdur.
Cəmiyyətdə qısqanclığa səbəb kimi sevgi və çox sevmək göstərilir. Halbuki, qısqanclıq sevginin göstəricisi deyil. Eşq, hədsiz sevgi və bağlılıq duyğusudur. İnsanın sevdiyi, aşıq olduğu və yiyələndiyi insanı itirməkdən narahat olması gözlənilən haldır. Bu səbəblə, bir-birini həqiqətən sevən iki insan arasında bir az qısqanclıq olması normal bir haldır, lakin yiyələnmə duyğusunun sevgi ilə bir əlaqəsi yoxdur. Psixiatr, həmçinin əlavə edib ki, qısqanclığın içərisində özünə inam əskikliyi kimi hisslər gizlənir. İnsanın özünə inamında çatışmazlıq olduğu zaman, özünü yetərsiz, dəyərsiz və əhəmiyyətsiz hiss edir. Sahib olduğu sevgini haqq etmədiyini, yoldaşını itirəcəyini düşünür və narahat olur.
Həddindən artıq qısqanc adam, yoldaşına davamlı nəzarət edir, təqib edir, onun həyatını çətinləşdirir və üzərində bir təzyiq yaradıb bu şəkildə onu itirməyəcəyini düşünür. Qısqanclıq hissinin verdiyi həyəcanla aparılan təqib etmə, təzyiq altında saxlama, qəzəb, şübhəlilik qarşı tərəfi daha da uzaqlaşdırır. Məşhur psixiatrın məsləhətlərinə görə, hər bir insan sevdiyini başa düşməli və onun həyatına artıq dərəcədə müdaxilə etməməlidir.
Samirə Tağıyeva, "İki sahil"