07 may 2021 00:48
2352

Şəhid anası: Aqilim öz qəhrəmanlığı ilə “Mənim şəhidli dünyam” kitabını yazdı

Ordumuzun əsgər və zabitləri 44 gün davam edən Vətən müharibəsində göstərdiyi igidliklərlə tarix yazdılar. Azərbaycanın müasir qəhrəmanlıq salnaməsinə çevrilmiş bu tarix indi  dildən-dilə dolaşır. Adını qəlblərə daimi yazdıran şəhidlərimizdən biri də Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunması” medalları ilə təltif edilən kapitan Aqil Niyaz oğlu Məlikovdur.

Şəhid Məlikov Aqil Niyaz oğlu 6 aprel 1986-cı ildə Quba rayonunun Alpan kəndində doğulub. O, orta təhsilini Alpan kəndindəki şəhid Elşad Bayramovun adını daşıyan məktəbdə alıb. Aqil Məlikov 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərb elminin sirlərinə yiyələndikdən sonra bir il Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində çalışıb. 2010-cu ildə Şəki rayonunun Şorsu kəndindəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsini icra edib. Buradan da Tərtər rayonundakı “N” saylı hərbi hissəyə göndərilib. Hərbi xidmətini Goranboy və Gəncədəki hərbi hissələrdə bölük komandiri kimi davam etdirən Aqil Məlikov 2016-cı ildə Ağdamda yerləşən “N” saylı hərbi hissənin Maddi texniki təminat üzrə bölük komandiri kimi fəaliyyət göstərib. Elə həmin ilin şanlı Aprel döyüşlərində iştirak edib.

Bundan sonra Bakıda, Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə çalışan Aqil Məlikov yenidən ön cəbhəyə can atıb. Nəticədə o öz xahişi ilə Ağcabədi rayonundakı hərbi hissələrdən birinə xidmətə göndərilib. Daha sonra isə Beyləqan rayonunun Harami düzündəki hərbi hissəyə tabor komandirinin müavini təyin edilib. Burada çalışarkən ona kapitan hərbi rütbəsi verilib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayanda Aqil Məlikov da ilk gündən döyüşlərə atılıb,  Füzuli rayonunun 4 kəndinin düşməndən azad edilməsində iştirak edib. O, Qaraxanbəyli kəndində düşmənin gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin atası Niyaz kişi “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, o, oğlanlarını hələ kiçik yaşlarından hərbi ruhda böyüdüb: “Bu baxımdan Aqilin hərbini seçməsi gözlənilən idi. Yeri gəlmişkən onu da deyim ki, Aqil Aprel döyüşlərinin də iştirakçısı olub. O, həmin döyüşlərdən söz açanda deyərdi ki, Milli Ordumuz həmin döyüşlərdə nəinki öz gücünü göstərdi, düşmənə və dünyaya bir daha sübut etdi ki, biz indiki vəziyyətlə heç vaxt barışmayacağıq. Tezliklə erməniləri işğal etdikləri ərazilərimizdən qovacağıq... Bir sözlə, işğal altındakı torpaqları erməni vəhşilərindən xilas etmək idi onun amalı. Şübhəsiz, bu həm də hər bir valideynin arzusu idi. Bu arzunu reallaşdırmaq üçün övladlarımız canlarından keçdilər. Bu mənada Aqil bizə şəhidliyi ilə başucalığı, qürur gətirdi.”

Niyaz kişi Vətən müharibəsi başlayanda Aqillə telefon danışığı zamanı onun yüksək əhval-ruhiyyədə olmasını  bildirdi: “Oğlum  dedi ki, artıq düşmənin müdafiə xəttini yarıb üç kəndimizi erməni vəhşilərindən təmizləmişik. Bu, onunla sonuncu danışığımız oldu.” Elə Aqilin həyat yoldaşı da həmin telefon danışığını xatırladı: “Çox sevincli idi, elə bil toyda idi. Son sözü də bu oldu: “Mənə görə narahat olmayın, hər nə olsa şərəfimdir!”

Niyaz kişi daha sonra dedi ki,  Aqilin özü, ailəsi, eləcə də bizimlə bağlı arzuları yarımçıq qaldı: “Aqilin ən böyük arzusu isə işğal altındakı ərazilərimizi erməni vəhşilərindən təmizləmək, Vətən torpaqlarını azad görmək idi. Oğlum Vətənlə bağlı arzularını qəhrəmancasına, canı bahasına da olsa yerinə yetirdi... . Xalqımız var olsun, şəhidləri uca tutur. Bütün şəhid valideynləri qarşısında baş əyirəm”.

Şəhidin anası Sara xanım isə vurğuladı ki, övlad itkisi çox ağır olsa da, oğlunun Vətən uğrunda şəhidlik zirvəsinə yüksəlməsi ona təsəlli verir: “Sən demə, balam bizi  şəhid olub tanıdacaqmış... Ana qəlbim sızlasa da, yenə Vətən sağ olsun! Bilirəm ki, Vətən uğrunda şəhid olanlara “ölüb” demirlər. Qazanılan Zəfərdə mənim oğul balamın da payı var. İndi  bu torpağı qanları, canları bahasına azad edənlərdən söz düşəndə, kapitan oğlum Aqilimin də adı çəkilir. Bu, mənə təsəllidir.”

Söhbətinin bu məqamında Sara xanım bir detala da toxundu. Bildirdi ki, Aqilin onlara təhvil verilən əşyaları arasında  Cəmil Əlibəyovun “Mənim analı dünyam” kitabı da olub: “Aqilim isə öz qəhrəmanlığı ilə “Mənim şəhidli dünyam” kitabını yazdı. Onun bu kitabını mən, eləcə də ailəsi  hər gün, hər saat vərəqləyirik və həmişə də vərəqləyəcəyik.”

Kapitan Aqil Məlikov ailəli idi, onun Xədicə və Süleyman adlı iki övladı yadigar qalıb. Şübhəsiz, onlar vətənpərvər ruhda böyüyəcək, azğın düşmənə qarşı son nəfəsinədək mərdliklə vuruşmuş, ərazi bütövlüyümüzə nail olmuş atalarını, onun kimi qəhrəmanları daim qürurla anacaqlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”