08 may 2021 14:06
949

Son çarə olan antibiotik: Elm adamları kolistinin effektivliyinin sirrini kəşf etdilər

İnsanlarla bakteriyalar arasında görünməz və sonu bilinməyən bir mübarizə gedir. Ölümcül patogenlərlə mübarizədə həkimlər həm təbii, həm də süni şəkildə yaradılan antibiotiklərdən istifadə edirlər. Lakin təhlükəli mikroorqanizmlər olduqca sürətlə inkişaf edir və superbakteriyaların meydana gəlməsinə səbəb olur.

Superbakteriyalar məlum olan antibiotiklərin əksəriyyətinə qarşı davamlıdırlar. Bəzi güclü antibiotiklər də var ki, superbakteriyaları məhv edə bilirlər, lakin orqanizmə zərərləri də həddindən artıq çoxdur. Alimlər onlara son çarə kimi baxmağı məsləhət görürlər. Yüksək toksikliyinə görə bu cür dərmanların qəbulu  əsasən, xəstənin böyrəkləri və qaraciyəri üçün ciddi risklərlə doludur.

Ancaq bir insanın həyatını qurtarmaq məsələsinə gəldikdə, bütün vasitələrdən istifadə olunur. Bu cür son çarə dərmanlardan biri kolistindir. İlk dəfə 1947-ci ildə tapılıb. Colistin, E. Coli və Pseudomonas aeruginosa, eləcə də Acinetobacter baumannii bakteriyaları kimi ölümcül bakteriyalar ilə uğurla mübarizə aparır.

Kolistinin aşkarlanmasından 70 ildən çox vaxt keçsə də, bütün bu müddətdə onun fəaliyyət mexanizmi alimlər üçün sirr olaraq qalıb.

Nəhayət, 6 aprel 2021-ci ildə London İmperial Kollecinin tədqiqatçıları Texas Universitetindəki həmkarları ilə birlikdə “eLife”da bu təbii mənşəli bakteriya qatilinin necə işlədiyini izah edən bir məqalə dərc etdilər.

Əvvəlcə tədqiqatçılar kolistinin bakteriyaları şar kimi partlatdığını aşkar etdilər.

Bakteriyaların membran adlanan iki qabığı var və kolistin hər iki membranı deşərək, bakteriyaları öldürür. Alimlər kolistinin xarici membranı əsas komponentinə hücum edərək məhv etdiyini artıq bilirdilər: lipopolisakkarid (LPS) makromolekuluna. Məlum olmayan antibiotikin bakteriyaların daxili zarını necə məhv etməsi idi.

Kolistinin daxili membranı xarici ilə eyni şəkildə pozduğu və LPS-ni məhv etdiyi ortaya çıxdı. Əvvəllər elm adamları daxili membrandakı az miqdarda lipopolisakkarid səbəbindən bu ehtimalı nəzərə almırdılar.

Bu məlumatdan istifadə edərək tədqiqatçılar kolistinin superbakteriyalara qarşı təsirini artırmağın yolunu tapdılar.

 Elm adamları, kistik fibroz xəstələrində ağır ağciyər zədələnməsinə səbəb olan Pseudomonas aeruginosa ilə mübarizə aparmaq üçün təcrübədən keçirilmiş murepavadin dərmanından istifadə etdilər. Tədqiqatçılar, murepavadinin kolbanın içərisinə nüfuz etməsinə və bakteriyaları tamamilə məhv etməsinə kömək edən daxili membrandakı LPS yığılmasını təşviq etdiyini tapdılar.

Tədqiqat müəllifləri bildirirlər ki, murepavadinin klinik sınaqlar tezliklə başlamalıdır. Sınaq nəticələri müsbət olarsa, kolistinlə birlikdə istifadəsi müxtəlif bakterial infeksiyalarla uğurla mübarizə aparacaqdır.

Nubar Süleymanova, “İki sahil”