Bruney Darüssalam Borneo adasında yerləşən kiçik bir ölkədir. Malayziya torpaqları ilə əhatə olunmuş bu kiçik ölkə zəngin neft ehtiyatları sayəsində dünyanın ən zəngin ölkələrindən biridir. Ölkəni idarə edən Sultan Həssənal Bolkiah, dünyanın ən zəngin adamlarından biridir. Həmçinin Malayziya və İndoneziya da Borneo adasında yerləşir. Monarxiyanın idarə etdiyi bu kiçik sultanlıq zəngin yeraltı sərvətləri ilə diqqət çəkir. Bruney Sultanlığı dünyanın ən əhəmiyyətli neft istehsal edən ölkələrindən biridir. Rəsmi adı "Barış Evi Bruney" olan ölkə 1984-cü ilə qədər İngiltərədən yarı vəziyyətdə asılı olub və bu tarixdən sonra tam müstəqilliyini qazanıb. Təxminən 400 min insanın yaşadığı Bruney Sultanlığı ümumi milli məhsul baxımından dünyada Qətərdən sonra ikinci yerdədir. Ölkədə adambaşına düşən gəlir ildə 50 min dollara yaxındır. Ancaq ölkədə gözlə görünən gəlir bərabərsizliyi var. Ölkənin paytaxtı və ən əhəmiyyətli yaşayış yeri olan Bandar Seri Begavan, qeyri-adi tikililəri ilə diqqət çəkir. 100 min insanın yaşadığı paytaxt, eyni zamanda kral sarayına da ev sahibliyi edir. 20-ci əsrin ikinci yarısından bu yana xüsusilə bölgədə neft emal olunmağa başladıqdan sonra Bandar Seri Begavan sürətlə inkişaf etməyə başlayıb. Oxşar profildəki Dubay, Əbu-Dabi və Doha kimi şəhərlərlə müqayisədə keçmişdə onlar kimi kiçik bir qəsəbə olan Bandar Seri Begavan böyük bir sıçrayışla inkişaf edib.
İslam qaydaları ilə idarə olunan Bruney Darüssalamda əhalinin əksəriyyəti müsəlmandır. Malay dilinin rəsmi dili olduğu ölkənin yeganə quru qonşusu, eyni dildə danışdıqları Malayziyadır. 1950-ci illərdən sürətlə inkişaf etməyə başlayan Bruney Sultanlığında və ən böyük şəhəri olan Bandar Seri Begavanda bir çox möhtəşəm binalar tikilməyə başlayıb. Bunlardan ən əhəmiyyətlisi günbəzi qızılla örtülü olan Sultan Ömer Ali Seyfeddin Məscididir.
Hind-Muğal təsirinə malik olan məscid, Uzaq Asiyadakı məscidlər arasında ən diqqətçəkən tikilidir. İtalyan memar Rudolfo Nolli tərəfindən dayaz su hövzəsi sahilində tikilən məscidin mərməri İtaliyadan, xalçaları Belçikadan, çilçıraqları İngiltərədən, qranitləri Çindən gətirilib. Namaz vaxtından başqa turistlərin də ziyarət edə biləcəyi məscidin minarəsi 52 metr yüksəklikdədir.
Tekstil və meşə təsərrüfatı məhsulları ölkədə neftdən sonra ən vacib istehsal məhsullarıdır. Neft emalı başlamazdan əvvəl də Bruneyin əsas gəlir mənbələri tekstil və meşə təsərrüfatı olub. Tropik iqlim qurşağında yerləşən Bruney təbii olaraq sulu meşələrlə örtülü olduğundan burada əldə edilən məhsullar da ölkə daxilində çox geniş yayılıb.
Rəsmi valyutası Bruney Dolları olan ölkədə tezliklə neft ehtiyatlarının tükənməsi yeni gəlir mənbələrini axtarmağa səbəb olub. Bir çox məhsulun idxal olunduğu ölkədə xüsusilə əmlak investisiyalarına yüksək tələbat var.
Vüsal Cahanov, “İki sahil”