10 iyun 2021 00:58
1483

«Beşinci kolon»un qrant ovçusu, torbaçı Əli Kərimlinin yaddaşsızlıq sindromu

1993-cü ildə müstəqilliyinin əbədiliyi naminə inqilab edən Azərbaycan xalqı AXC-Müsavat cütlüyünün hakimiyyətinə son qoydu

Buqələmun kimi cildini ağalarının sifarişinə görə dəyişən, lakmus kağızına bənzəyən, dilənçilik xüsusiyyətlərinə görə «torbaçı» adlandırılan AXCP sədri Əli Kərimlinin sən demə, yaddaşsızlıq xəstəliyi də varmış. Söz vaxtına çəkər, deyiblər. 1993-cü ilin bu aylarına təsadüf edən AXC-Müsavat iqtidarı dövründəki səbatsızların «xidmətləri» nəticəsində yaranan hakimiyyətsizliyin acı nəticələri heç vaxt yaddan çıxmır. O dövrdəki xəyanətlərini unudan, səriştəsizlərin önündə gedən, özünü «fədai» hesab edərək ağzı köpüklənə- köpüklənə danışan Əli Kərimlinin sərsəmləmələri üzrü günahından betər təəssüratı yaradır. Bir çox ölkələrdə, bölgələrdə inqilablar yaratmaq üçün «beşinci kolon»ların xidmətlərindən istifadə edən beynəlxalq təşkilatların Azərbaycandakı «hərəkətverici qüvvəsi» Əli Kərimli kimi xainlər, «islahatçı sədr»in qulbeçələri, himayəsində olan qeyri-hökumət təşkilatlarıdır.

Öz ölkəsinin milli maraqlarına ziyan vuran «siyasi ambisiya» həvəskarlarının, «beşinci kolon»un alternativi, qrantyeyənlər cameəsi adlandırılan «Milli Şura»nın hay-küyçülərinin «demokratiya», «insan hüquqları» kimi sayıqlamalarının arxasında bankomat maraqları dayanır. Çoxüzlü prizma kimi simaları dəyişilən, müxtəlif cəbhələrə xidmət edən, prezident, parlament seçkiləri ərəfəsində canlanan, sabitliyi pozmaq qarşılığında mənimsəyəcəyi vəsaitləri hesablayan AXCP sədri Əli Kərimlinin erməni lobbisi ilə iş birliyinin əsasında da maddi maraq dayanır. Milli xəyanətkar Sevinc Osmanqızının «göz muncuğu» olan, Vətənə xəyanət notlarından ibarət müsahibələrində obyektivlikdən, düzlükdən dəm vuran Əli Kərimliyə 1993-cü ilin mayın 25-də AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə Prezidentin İcra Aparatında keçirilən müşavirədəki çıxışlarından bəzi məqamları xatırladaq.
 Dövlət katibi kimi respublikada hüquq-mühafizə orqanlarının rüşvətxorluğundan bəhs edən, « Respublikada mafioz qüvvələr güclənir, və onlar ölkəni demək olar ki , idarə edir», «İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlanmalıdır», « Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir», «İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-saçıq mənimsənilməsi, qeyri- qanunui yollarla xaricə satılması, həmin vəsaitlərin xaricdə saxlanılması və bu sahədə dövlət əmlakının talan edilməsi adi hal alıb. Biz bunu etiraf etməliyik» söyləyən Əli Kərimlinin bu «etiraflarının» sayını artırmaq da olar. O dövrdə dövlət katibi olan Əli Kərimli onu da bildirirdi ki, respublikada hələ rəsmi özəlləşdirilmənin başlanmadığı bir məqamda dövlət əmlakının mənimsənilməsinin kütləvi hal, iqtisadiyyatın bütün sahələrində cinayətkarlığın iri miqyas alması adi hala çevrilib. AXC-Müsavat iqtidarının «məsul şəxsi» olan Əli Kərimlinin bu sözləri o dövrdə ölkədə yaranan hərc-mərclik haqqında izahına ehtiyac duyulmayan aydın təsəvvür yaradır. AXC-Müsavat iqtidarı dövründə Ali Məhkəmənin sədri olan Tahir Kərimli də Nazirlər Kabinetini «milyarderlərdən ibarət olan cinayətkarların yığışdığı dövlət aparatı kimi» səciyyələndirir. Əli Kərimli o dövrdə ölkəyə rəhbərlik edən Əbülfəz Elçibəyin «Ay məmurlar, rüşvəti milyon dollarlarla almayın, yüz minlərlə alın, insafla alın» sözlərini də unutmamalıdır. Niyyəti və əməli Azərbaycanda daxili sabitliyi pozmaq olan, fəaliyyəti ilə hər zaman ölkənin nüfuzuna xələl gətirməyə çalışan radikal müxalifətin başbiləni Əli Kərimli və «yurd şefi»nin antimilli şəbəkəsi ölkəmizin nüfuzunun zədələnməsi üçün hər cür çirkinliyə əl atırlar. Xarici dairələrdən aldıqları qrantların «hesabatlarını» vermək, mövcudluqlarını nümayiş etdirmək üçün küçələrə çıxan Əli Kərimlinin qaragürühçu tayfası ilxı, sürü anlamından başqa bir şey deyildir. Xarici mənbələrdən aldığı xəyanət haqqı ilə ailəsi Londonda istirahət edən Əli Kərimlinin xarici ölkələrdə formalaşdırdığı şəbəkə üzvləri ilə qrant üstündəki davaları hələ də gündəmdədir. Həqiqət budur ki, artıq öləziməkdə olan Əli Kərimlinin «fəaliyyəti» daxildən çox, xarici qüvvələrə göstərilən xidmətə hesablanıb. AXCP sədrinin dağıdıcı və zorakı məqsədləri üçün istifadə etdiyi «qeyri-hökumət təşkilatları», «siyasi partiya» adı altında fəaliyyət göstərən «buyruq qulları», Azərbaycan dövlətçiliyinə və nüfuzuna xələl gətirmək üçün hər cür xəyanətə əl atan korafəhimlər, primitiv düşüncə tərzinə malik olanlar, «ərəb bahar»larından, «narıncı, qızılgül, məxməri inqilab»lardan həvəslənən daxili düşmənlərimiz xarici dairələr tərəfindən hazırlanan məlum «ssenari»lərin dağıdıcı obrazlarıdır.
 Bu gün də eyni ssenarilər əsasında dağıdıcılıq əməllərini davam etdirmək niyyətində olan «mədə niyyətlilərin» rəzillik siması Əli Kərimlinin və «Milli Şura»nın tör-töküntüləri unutmamalıdırlar ki, Azərbaycan xalqı dövlətçiliyimizin və müstəqilliyimizin əbədiliyi naminə mövcud iqtidarın ətrafında daha sıx birləşib. 2003-cü ilin oktyabr hadisələrindən nəticə çıxarmayan səbatsızlar məkrli niyyətlərinə çatmaq üçün nə qədər satqınlıq etsələr də gözü tərəzi olan xalq öz sözünü mövcud iqtidara etimadı ilə bildirib.

Azərbaycan dövlətinin güc mənbəyi, güvənc yeri, başlıca dəstəyi radikalları arxivə göndərən xalqdır, milyonların inam və etimadıdır.
«Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Naxçıvanı işğal altına salmaq istəyənlərin cəhdləri baş tutmadı: «Halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər. O vaxt Daxili Qoşunların komandanı, bu gün xaricdə gizlənən bir tula, oraya desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırlar. Bunlar Xalq Cəbhəsi-Müsavat xəyanətkarlarının əməlləridir».

Əksinə, xalqın qəzəbindən, özlərinin yetişdirdikləri korpus komandiri Surət Hüseynovun hədələrindən qorxan iqtidarsızlar son məqamda canlarını qurtarmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevə müraciət etdilər ki, onları burada, Prezident Aparatının qarşısında asmasınlar.

2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəyəndə də xalqın etirazları ilə üzləşdilər. Xarici havadarlarının göstərişlərini yerinə yetirən Əli Kərimlinin dövlətçiliyimiz, milli maraqlarımız əleyhinə təxribatları yenə də baş tutmayacaq. Çünki Azərbaycan xalqı 1993-cü ildə müstəqilliyimizin əbədiliyi naminə inqilab edərək AXC-Müsavat cütlüyünü hakimiyyətdən əbədilik uzaqlaşdırdı. Tamaşalar sona çatdı, pərdələr çəkildi, kulisdə baş verən siyasi oyunlar aşkarlandı. Çayın eyni yerindən suyun bir dəfə axdığını antimillilərə xatırlatmağın vaxtıdır. Əli Kərimli kimi hələ də radikalizm düşüncələri ilə yaşayanlar üçün deyilib ki, bir daha dönməmək şərtilə yolun sonuna çatan qatarın dalınca baxmaq faydasızdır.

Xuraman İsmayılqızı, «İki sahil»