Erkən nikah hallarına Aran, Gəncə-Qazax, Lənkəran iqtisadi rayonlarında daha tez- tez rast gəlinir
Statistikaya görə, indiyədək dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir. UNICEF-in (United Nations International Children's Emergency Fund) məlumatına görə, ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu təcrübə xüsusilə münaqişələrdən əziyyət çəkin ölkələrdə və humanitar böhran şəraitində olanlarda daha çox müşahidə edilməkdədir. Bu baxımdan mütəxəssislər ən çox Cənubi Asiya və Afrikanın Sahara bölgəsini qeyd edirlər.
Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah halları hələ də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da mövcuddur və cəmiyyətimizdə narahatlığa səbəb olan problemdir. Erkən nikah hallarına Aran, Gəncə-Qazax, Lənkəran iqtisadi rayonlarında daha tez- tez rast gəlmək olar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə Problemləri” şöbəsinin müdir müavini Kamilə Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir: “Erkən nikah hallarının qarşısının alınmasına dair mütəmadi olaraq həm qanunvericiliyin təkmilləşdirilməsi, yeni sənədlərin hazırlanması və qəbul edilməsi, həmçinin əhalinin, xüsusilə yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın fəsadları barədə məlumatlandırılması istiqamətində tədbirlər həyata keçirilir”. Müsahibimiz “Nikah bağlayan tərəflər buna məcbur edilərsə qanunvericiliyə görə, hansı tədbirlər nəzərdə tutulub” sualımıza cavabında vurğuladı ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində qızlar üçün minimal nikah yaşı 17-dən 18-ə qaldırılıb, habelə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nikah yaşına çatmayan qadını nikaha məcbur etməyə görə cinayət məsuliyyəti müəyyən edilib.
Bilavasitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də bu qurumun nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək mərkəzlərinin erkən nikahın qarşısının alınması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barədə söz açan müsahibimiz söylədi ki, yeniyetmə və gənclərin, valideynlərin erkən nikahın mənfi nəticələrinə dair “Sağlam həyat naminə erkən nikaha YOX deyək” layihəsi, Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində və regionlarda yerləşən ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində “Erkən nikah və reproduktiv sağlamlıq” mövzusunda görüşlər keçirilib. Bunlardan əlavə “Sağlam həyat naminə erkən nikaha YOX deyək” adlı yaddaş vərəqəsi və digər maarifləndirici vəsaitlər nəşr edilərək əhali arasında paylanılıb. Həmçinin “Erkən nikah - uşaqlığımızı əlimizdən almayın”, “Erkən nikah-uşaq evliliyi” və s. adlı sosial çarxlar hazırlanaraq rəsmi saytlar və sosial şəbəkələr vasitəsilə yayımlanıb.
Bütün sadalananların fonunda son 10 il ərzində erkən nikahların sayında azalmanın müşahidə olunduğunu qeyd edən Kamilə Əliyeva söylədi ki, əgər 2011-ci ildə nikahları qeydə alınmış 18 yaşadək qızların sayı 5138 idisə, 2020-ci ildə bu rəqəm 165-ə enib.
Həmsöhbətimiz vurğuladı ki, təkcə dövlət tərəfindən görülən işlərlə erkən nikah hallarının qarşısının alınması mümkün deyil: “Bu problemin həllində ictimaiyyətin bütün təbəqələrinin, həm dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, həm də cəmiyyətin bütün üzvlərinin fəal iştirakı vacibdir. Bununla əlaqədar, belə hallarla üzləşən şəxslərə Dövlət Komitəsinin elektron ünvanına, “Facebook” səhifəsinə və ya Komitə yanında fəaliyyət göstərən gender-əsaslı zorakılıqla bağlı qaynar xəttə (860) müraciət etmək tövsiyə edilir”.
Erkən nikahların yeniyetmələrdə yaratdığı psixoloji travmalarla bağlı klinik- psixoloq Nuriyyə Quliyevanın da fikirlərini öyrəndik. Həmsöhbətimiz bildirdi ki, XXI əsrdə yaşamağımıza baxmayaraq təəssüflər olsun ki, hələ də erkən nikahlara yol verilir: “ Bəzən ailələrin böyükləri - ağsaqqallar və ağbirçəklər də belə nikahlara razılıq verirlər. Əksər gənclər, yeniyetmələr nə fiziki, nə də fizioloji baxımdan nikaha hazırdılar. Fizioloji olaraq dəyən zərərlərin, fəsadların tibbi tərəfləri də var. Lakin mən psixoloji tərəflərinə toxunmaq istəyirəm. 14-15 yaşında insan hələ yetkinliyə keçid dövrünü yaşayır. Erkən nikaha sövq edilənlərin böyük əksəriyyəti hələ uşaqlıq dövrünü başa vurmurlar. Belə olan halda təbii ki, həmin şəxslərdə psixoloji problemlər yaranacaq. Çünki hələ onların maraqları öz yaşıdları ilə ünsiyyət qurmaqdır, dostları, rəfiqələri, sinif yoldaşları ilə hansısa nailiyyətlərini bölüşməkdir. Psixoloji cəhətdən evliliyə hazır olmayan insana bu cür ağır məsuliyyət yüklənilir. Ev, ailə bir müddət sonra körpə qayğılar və 14, 15 yaşlı özü hələ uşaq olan şəxs bunların öhdəsindən gəlməlidir, bu yükü qaldırmalıdır. Yeniyetmənin böyük ailəni idarə edərək, fərdinə qulluq etməsi belə o yaşda özü-özlüyündə travmadır”. Müsahibimiz xanımların 23 yaşdan əvvəl nikaha daxil olmalarını tövsiyə etmir. Nuriyyə Quliyeva söylədi ki, psixoloji baxımdan evlilik yaşı oğlanlarda 25 yaşdan sonra daha idealdır: “Çünki kişi həm də ailənin başçısıdır və onun iqtisadi baxımdan ailəni idarə etməsi üçün əvvəlcə müəyyən qədər özünü təsdiq etməsi vacibdir”.
Günel Eyyubova, “İki sahil”