Hər bir fəslin özünəməxsus qidalanma rejimi var. Mütəxəssislərin fikrincə, hər mövsümdə olduğu kimi, yayda da sağlam qidalanmaqla bəzi sağlamlıq problemlərini azaltmaq mümkündür. Yayda havanın temperaturunun yüksəlməsi ilə qidalanma vərdişlərindəki dəyişikliklərlə birlikdə yüksək təzyiq, ürək çatışmazlığı da müşahidə edilməkdədir. Bundan başqa, isti havalarda tərləmə ilə ortaya çıxan su və mineral itkisi nəticəsində baş gicəllənməsi, huşunu itirmə hissi və ürək bulanma kimi sağlamlıq problemləri də ola bilər. Xüsusilə körpə və uşaqlarda ishal olma riski, qida zəhərlənmələri artır. Ancaq sağlam və balanslı bəslənmə ilə yay aylarında sıxlıqla görülən bu cür sağlamlıq problemlərinin azaldılması mümkündür.
Mövzu ilə bağlı “İki sahil”ə danışan həkim-dietoloq, Leyla Zülfüqarlı deyib ki, fəsillər dəyişdikcə qida rasionumuzdakı yeməklər də bir-birini əvəz edir: “Qışda daha çox isti xəmir xörəklərinə, yaz-payız aylarında zəngin vitaminli meyvələrə üstünlük verilir. Yay mövsümündə isə əsasən, meyvə-təvəzlər, az yağlı yüngül yeməklər rahatlıq üçün ən çox üz tutulan qidalardır.
İsti havalarda qəbul edilən qidalara sağlamlıq baxımından, xüsusilə diqqət yetirmək lazımdır, çünki isti və nəm havanın təsiri ilə orqanizmdə maddələr mübadiləsində pozuntular ola bilər və bu, müəyyən xəstəliklərə gətirib çıxarır. Yay mövsümündə bəsit karbohidrat qrupu menyuda az yer almalıdır. Məsələn, kartof, şəkər, ağ undan bişirilən xəmirli xörəkləri minimuma endirilməlidir. Onların yerini daha mürəkkəb karbohidratlar, yəni yaşıllığı bol olan göyərtilər, mövsümü tərəvəzlər, kələm və s tutmalıdır.
Maye qəbulu , xüsusilə də sərin içkilərdən isti havalarda daha çox istifadə edilir. Ancaq burada da diqqət yetirilməsi lazım olan məqamlar var. Bəzən insanlar səhv olaraq həmin mövsümdə energetik, qazlı və şəkərli içkilərə meyl edirlər. Əslində isə yayda onların qəbulu məhdudlaşdırılmalıdır. Qızmar yay günlərində istifadəsi tövsiyə olunan digər qida qrupu isə süd məhsullarıdır. Bu fəslidə qatığa üstünlük vermək, gün ərzində hətta 1 litrə qədər qəbul etmək olar. İmmun sisteminə nəzarət etmək lazımdır. Bunun üçün bir sıra bitki toxumları, məsələn, kətan, qaraçörək otu, zərdəçal, sarıkök, darçın və s. toxumları qatığa qatılaraq qəbul edilməsi yüksək səmərə verir”.
L. Zülfüqarlı qeyd edib ki, bəzi ekspertlər məhz yay mövsümündə pəhriz saxlamağın doğru olmadığını qeyd edirlər. Bu, yalnış yanaşmadır: “Hər şeydən əvvəl bilməliyik ki, pəhriz sağlam həyat dərzi deməkdir. Əgər biz sağlam həyat tərzini mədudlaşdırsaq bunun sadəcə zərərini yaşaya bilərik. Hər mövsümdə sağlam qidalanmalı, pəhriz saxlaya bilərik. Yay mövsümünün olması heç nəyi dəyişmir. Əksinə, yayda ifrazat orqanlarımızın sayı artır. Yəni, adi hadla ifrazat orqanımız ikidir- bağırsaq və böyrək. Yayda dərilər də buna qoşulur. Dəri vasitəsilə biz tər ifraz etməklə daha çox toksidlərdən azad oluruq. Buna görə də yayda daha çox maye qəbul etmək lazımdır. Beləliklə də bu mövsümdə çəki azaltmaq daha asan və zəruri, məqsədəuyğundur. İkincisi yayda insanların özgüvəni artır. Artıq elə bir mövsümdür ki, geyimlərdən də zövq ala bilirik. Yay ayında hormonlar qış ayına nisbətən çəki itirməyi daha çox dəstəkləyir. Çəki itirməyə mane olan melatonin hormonu qışda aktivləşir yayda isə aktivliyi azalır”.
Həkim-dietoloqun sözlərinə görə, sağlam arıqlamağı düşünən hər bir kəs ilk növbədə sağlam qidalanmağı özünə əsas prinsip götürməlidir. Sağlam rasional qidalanmaq qidalanmağın funksiyalarını öyrədir. Bir qidanın özünün orqanizm üçün o qədər vacib funksiyaları var ki, onun tərkibindəki vacib maddələrlə orqanizmi bərpa edirik.
Nigar Orucova, “İki sahil”