10 iyun 2021 23:57
1104

Azərbaycan vaksinasiya sahəsində MDB-də lideridir

Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə görə, COVID-19 infeksiyasına yoluxma halları hələ də artmaqdadır. Tibb mütəxəssisləri koronavirus infeksiyasının bütün ştammlarına qarşı ən effektli qoruyucu mexanizmin vaksinasiya olduğu qənaətindədirlər. Statistika da göstərir ki, Azərbaycan peyvəndlənmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Azərbaycan həm peyvənd olunma həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqlayır. MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra belə qənaətə gəlinir ki, regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri də məhz Azərbaycandır. Belə ki, ölkə əhalisinin artıq 15,9 faizi vaksinlənib. Bu isə 2,3 milyon doza vaksin deməkdir. Faiz baxımından ikinci yerdə olan Rusiya (12 faiz) 29,3 milyon doza vaksindən istifadə edib. Qazaxıstan kütləvi vaksinasiyaya bu yaxınlarda başlasa da, ölkədə “Sputnik V” peyvəndinin istehsalının təşkil olunması bu prosesi sürətləndirib. Eyni sözləri Belarus haqqında da demək olar. Moldova humanitar yardım şəklində bir sıra ölkələrdən, o cümlədən Rusiyadan vaksin alıb və bu sahədə işi yaxşı qurub. Ermənistan və Qırğızıstan isə bu siyahıda sonuncu yerləri tuturlar.

Səhiyyə Nazirliyinin məlumatına görə, vətəndaş müraciətlərini nəzərə alaraq, xidməti daha əlçatan etmək məqsədilə peyvənd məntəqələrinin sayı artırılıb. Vaksinin istifadəsi Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxananın ambulatoriyası ilə yanaşı, həmçinin "Leyla Medical Center"də, "Caspian International Hospital"da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında da aparılır. Özəl klinikalara vaksin üçün müraciət edən vətəndaşların nəzərinə çatdırılır ki, həmin müəssisələrdə peyvəndlənmə prosesi müəssisənin daxili qaydalarına uyğun olaraq aparılır.

Artıq bir neçə rayonda da vətəndaşlar üçün koronavirus vaksinləri ilə bağlı seçim imkanı yaradılıb. TƏBİB-in məlumatına görə, Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda “CoronaVac” vaksini ilə yanaşı, “Vaxzevria” peyvəndi də tətbiq olunur. Həkim-ekspertlərin fikrincə isə regionlarda fərqli vaksinlərin tətbiq edilməsi üçün ilk növbədə həmin vaksinlərin saxlanmasına şərait yaradılmalıdır. Misal üçün “Pfizer” vaksini mənfi 75 dərəcə temperaturda xüsusi saxlanma şəraiti tələb edir. Buna görə də soyuq zəncir, preparatın şüşələrə doldurulması anından başlayaraq peyvəndin peyvəndləməni icra edən tibb müəssisələrinə qədər xüsusi bokslarda daşınması təmin edilməlidir. Bu baxımdan ekspertlər düşünür ki, müvafiq şərait yaradıldıqca, fərqli vaksinlərin tətbiq edildiyi regionların əhatə dairəsi də genişlənəcək.

Qeyd edək ki, 18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün randevu.its.gov.az saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Qeyd edək ki, "Sputnik V" və "Pfizer" vaksinləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb. “Sputnik V” peyvəndinin ilk partiyası Bakıya mayın əvvəllərində gətirilib.

Unutmayaq ki, bütün bu məsələlərdə vaksinlə yanaşı vətəndaşların məsuliyyəti birinci dərəcəli məsələ olaraq qalmaqdadır. Yoluxma sayının artmaması üçün indiki halda vətəndaşlardan tələb olunan yalnız karantin qaydalarını ciddi şəkildə gözləməkdir. Yumşalmaların tətbiqi, yoluxma sayının azalması koronavirusun tamamilə yox olması anlamına gəlməməlidir. Virus dünyadan tamamilə yox olmadan və ya hamıya peyvənd vurulmadan rahat davranmaq yolverilməzdir. Hazırda vacib bilinən məkanlarda tibbi maskadan istifadə etmək, gigiyenik qaydalara əməl etmək və sosial məsafə saxlamaq infeksiyadan qorunmağın ən sadə və ən səmərəli yoludur. Hamı bilməlidir ki, koronavirusa yoluxmamağın və sağlam həyata dönməyin yeganə yolu həmin qaydalara uyğun yaşamaqdan, özümüzü və ətrafdakıları bu bəşəri bəlanın fəsadlarından qorumaqdan ibarətdir.

Sevinc Azadi, “İki sahil”