10 iyun 2021 21:08
609

Tarix yazanlar haqqında yazılan söz də tarixdir

Tarix yazanlarla bağlı düşüncələr ovqatdı. Müharibə ovqatıdı, qələbəyə inam ovqatıdı. Ötən əsrin sonlarında da, əsrimizin əvəllərində də tarixə sayğılı söz müharibə ovqatından iraq olmayıb. Vətən müharibəsindən əvvəl ön xətdə “Sözün və qılıncın Xətaisi” mövzusunda disput keçirmişdik. Onda belə fikirlərin bəzisini zabitlər, bəzisini əsgərlər səsləndirmişdi. Zabitlərin də, əsgərlərin də xalqımızın ruhunu həm döyüşlərdə, həm də döyüşlər ərəfəsində döyüş ruhunun, qələbə ruhunun “dan yeri” adlandırması ürəyimi sevgilərlə, düşüncələrimi dönməz qürurla silələmişdi. Onda biz (Azərbaycan jurnalistikası, Azərbaycan jurnalistikasının timsalında Azərbaycan ictimaiyyəti) qətiyyətlə əmin olmuşduq ki, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu müharibəni sonlandıracaq, torpaqlarımız işğaldan azad ediləcək.

Ön xətdə döyüş növbətçiliyi aparan əsgərlərlə həmişə bu ruhun cazibəsində kəlmələşirdik. Söz sözü çəkirdi, bir mətləb digərinin başlanğıcı olurdu, hər cümlədə, hər xatırlamada – torpaq.

Səngər-torpaqda daş-səngərdə işğal olunmuş torpaqlarımızdan danışdıqca əsgərlərin qaşları çatılırdı. “Özünümüdafiə batalyonunun tərkibində Zəngilanı qoruyanların sırasında atam da olub. Zəngilan işğal olunanda, camaat Arazı keçəndə neçəsi boğulub. İşğal, qaçqınlıq zəngilanlıların da “gününü göy əsgiyə düyüb”. Sonra mənəvi ağrılar. Mən Zəngilanı görməmişəm. Ali Baş Komandanın əmri ilə başlayacaq döyüşlərdə mən də iştirak etmək, Zəngilanı atamdan, qohum-əqrabadan əvvəl görmək istəyirəm. Onların sevgisinə borcödəmə kimi...”, – əsgərlərdən biri belə demişdi.

– Belə söhbətlər, əsgərlərin belə düşüncələri özü boyda inam kimi jurnalistikanın, deməli, ictimaiyyətin güvəncinə dönür. Əsgərlərimiz yüksək döyüş əzmiylə, qələbə ruhuyla xidmət edir. Bu, əsgər və zabitlərin həm özünə inamıdır, həm də sərkərdəyə, – zabit əsgərin sözünü belə tamamlamışdı. Onda Zəngilanı görməyən zəngilanlı əsgərin təəssüfü hamımızın təəssüfünə, ortaq təəssüf ortaq ağrı-acıya dönmüşdü.

Vətən müharibəsindən əvvəl ön xətdə səngərlərdə əsgərlərin əhatəsində yaşadığım anlar indi xatirə olsa da, hələ çox uzun illər düşüncələrimdə yaşayacaq. Onda həm öz adımdan, həm də həmkarlarım adından Azərbaycan əsgərinə xitabən deyirdim ki, şəhidlərimizin amalının, istəyinin, məqsədinin davamçısı olmaq sənin mənəvi borcundur. Dövlətə, dövlətçiliyə sədaqətini bu borcu necə yerinə yetirməyin müəyyənləşdirir. Sən uca ruhların arzuladığı əsgərsən, Azərbaycan əsgəri!..

Aylar sonra Vətən müharibəsi başladı. Onu bilirəm ki, bütün əsgərlərimiz həmişə qaçqınların mənəvi sıxıntılarını öz sıxıntısı bilirdi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməyi arzulayırdı.

Müharibədə qəhrəmanlığın mahiyyəti qələbəyə təşnəlikdi, yəni döyüşçünün qəhrəmanlığı qələbəni tezləşdirməyə təşnəlikdi.

Kəlbəcər istiqamətində gedən döyüşlərdə komandiri leytenant Elvin Şükürlü olan tağım da qətiyyətlə döyüşürdü. Döyüş bir nəfəs dərimi müddətincə səngiyəndə komandir alnını ovuşdurub əsgərlərinə baxıb, bayaqkı döyüşün gedişini, əsgərlərin yolunu harda, nəyin, necə kəsdiyini gümanlayıb, düşünüb-daşınıb və “Siz qalib gələcəksiniz!” deyib, kimsəyə hiss etdirmədən Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyətini təkrarlamağa – düşmənin ciddi müqavimət göstərən, döyüşçülərimizin qələbə yolunda maneə olan mövqesinə gedib. Güman ki, şəraitə görə atışmağa imkanı olmayıb. Dörd düşmənlə əlbəyaxa döyüşüb, dördünü də öldürüb. Düşmənin səngərində şəhid olub. Əsgərlərimiz döyüşü tağım komandirlərinin şəhidliyinin ruhu ilə davam etdirib...

Azərbaycan jurnalistikası bu qəhrəmanlığın da carçısı oldu.

Elvinlə qardaşı İlkin Vətən müharibəsinə eyni gündə getmişdilər. Onları nənələri uğurlamışdı; atalarını neçə il əvvəl, analarını ötən il itirən cavanları döyüşə dədə kəlamlarının işığında uğurlamışdı: döyüş ruhu Tanrının bəndəyə lütfüdü. Onda göy yaşları ürəyini islatmışdı nənənin. Baxışlarını hamıdan, nəvələrindən də gizlədə bilmişdi. Bəlkə də ömründə birinci dəfəydi ki, özünə alqış deyirdi. “Ulu babalarınız döyüşüb, dədələriniz döyüşüb. Atanız birinci Qarabağ müharibəsində ağır yaralanmışdı. Döyüşə gedirsiniz. Onların ruhunu incitməyin, a bala...” – demişdi, ikisi də nənələrinin ağuşuna sığınmışdı; ikisi də göz yaşlarını gizlədə bilmişdi. Nənə nəvələrinin saçlarını oxşamışdı...

Elvin Suqovuşan istiqamətində gedən döyüşdə yaralandı. Füzuli hospitalında müalicə olundu. “Müalicə müddətində gündə neçə dəfə ölüb-dirilirdim. Yaram ağır olsa bilərdim ki, döyüşməyim mümkün deyil. Bu yara ilə döyüşə bilərdim. Özümü də qınadım ki, gərək yaralandığımı gizlədəydim. Əslində, buna cəhd göstərmişdim, alınmamışdı, duyuq düşmüşdülər. Həkim bunları eşidəndə gülümsünmüşdü, “Sən ruhda döyüşçünün palatada sıxıntı çəkməsi günahdı, tam müalicə olunmamış döyüşçünün hospitaldan tərxis edilməsi – cinayət. İki gün də döz...”. Elvin müalicədən sonra döyüşü davam etdirdi; Vətən müharibəsində qazanılan Qələbə taleləri vətənləşdirən qələbə oldu... 

Şuşa istiqamətində döyüşürdülər. Bir azdan döyüş əmri veriləcəkdi, döyüşqabağı “nəfəs dərirdilər”. Qəflətən baxışları qoşalaşdı. Təsadüfüydümü, Tanrının ömür töhfəsiydimi, qardaş nigarançılğından qurtuluğ lütfüydümü – Elvinin qolları İlkinin, İlkinin qolları Elvinin kürəyində çarpazlaşdı. Döyüşqabağı belə kövrək, kövrək olduğu qədər də düşündürücü görüş döyüşçülərin qələbə ruhunu kükrətdi. Zabit gözdolusu ikisinə də baxdı, “Bu gözlənilməz görüş, gözlənilməz görüşün yaratdığı ruh qələbə ruhudu. Sizi döyüşə qələbə ruhu uğurlayır!” , – dedi.

Hamısı döyüş əmrinin bir nəfəs dərimi də olsa tez verilməsini arzulayırdı. Bu gözəl, duyğusal görüşün ruhuyla döyüşəcəkdilər; Azərbaycan jurnalistikası bu gözəl, duyğusal görüşün ruhunda görmüşdü Zəfərin döyüşlərindən süzülüb gələn işığını...

Xocavənd rayonunda Qızılqaya yüksəkliyinin ermənisizləşdirilməsi əmri verilmişdi. Əmri iki qrup yerinə yetirəcəkdi. Ağır döyüş olacaqdı – düşmən yüksəklikdəydi, döyüşçülərimiz hücumla yüksəkliyə çatmalıydılar. Qrup komandirinin əmri ilə qarşı tərəfə əl qumbarası ata-ata irəliləyirdlər; düşmən qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyir, yenidən qumbara atırdılar. Bura düşmənin taborunun dayaq məntəqəsi imiş, ona görə belə ciddi müdafiə olunurmuş. Atılan qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç üç-dörd metr də irəliləmək olmurdu. 

Düşmən döyüşçülərimizin güllə məsafəsində olduğunu dərk edəndə çaşdı, çaşqınlıqla atışa-atışa geri çəkilmək istədi. 30-40 dəqiqə çəkən döyüşdə səkkiz düşmən öldürüldü, qalanları (təxminən 50 – 60 nəfər) qaça bildi...

Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsindən sonra yaşanılan coşqunun sözlə təsviri jurnalistikanın Azərbaycan əsgərinə sevgisinin “Ruhani”si oldu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Ölkə başçısı yanvarın 15-də Füzuli rayonunda olanda dediyi kəlmələr bu fikirlərin məntiqi davamıdır: “Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Ölkə başçısı Ağdamda bu fikirləri ictimaiyyətə daha əhatəli çatdırdı. Belə fikirlərin işığında dünya ictimaiyyəti inandı ki, ermənilərin uçurub-dağıtdığı, deməyə adamın dili də gəlmir, xarabalığa çevirdiyi şəhərlər, kəndlər ev-ev, bina-bina dikəldiləcək, yenidən qurulacaq. Sözün əsgəri olan jurnalistika da bu missiyanı yerinə yetirənlərin sırasında olacaq – sözüylə...

Rəşid Faxralı