14 iyun 2021 19:04
8826

"Son zəng": Məktəbin son, gələcək uğurların ilk sədası ÖZƏL REPORTAJ

Hər anı bir ömrə bərabər 11 ili sonlandıran zəng

Ömrümüzün ən şirin, duyğulu və qayğısız günlərinin birləşdiyi məktəb illəri "Son zəng"in sədaları altında bitir. Bu zəngin sədaları isə ən çox 11-cilərin qəlbinin simlərini titrədir. Bu zəng ilə 11-cilər tənəffüs üçün dəhlizə yox,  müstəqil həyat üçün yeni mərhələyə qədəm qoyurlar.

İyunun 14-də ölkəmizin bütün ümumtəhsil müəssisələrində olduğu kimi,  Nizami rayonunda yerləşən Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə də “Son zəng” çalındı. Tədbirdə iştirak edən məzunlar, müəllimlər, məktəb direktoru əlamətdar günü bir yerdə qeyd etdilər.

Təhsil nazirinin müavini: Ümid edirik ki, növbəti tədris ilində ənənəvi  təhsil bərpa olunar

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini  Muxtar Məmmədov  “İki sahil”ə açıqlamasında ilk olaraq, bütün 11-ci sinifi bitirən şagirdləri təbrik etdi: “Bu il onlar əvvəlki illərdən fərqli olaraq, təəssüflər olsun ki,  pandemiyanın yaratdığı məhdudiyyətlərə görə, əyani təhsil ala bilmədilər. Lakin  bu günə qədər olan təhsil nailiyyətləri onu göstərir ki, təhsilə əngəl yoxdur. Bu şəraitdə dövlət tərəfindən şagirdlərin məsafədən olsa belə, təhsil alması üçün bütün zəruri şərait yaradıldı. Bildiyiniz kimi, televiziya kanalları vasitəsilə də “Virtual məktəb” şəbəkəsi quruldu, onlayn tədris prosesi davam etdi. Eyni zamanda, "Microsoft Teams" proqramı vasitəsilə distant tədrisə keçildi. Müəyyən  dövrlərdə pandemiyadan asılı olaraq əyani təhsili də həyata keçirdik. Bu il 84 069 şagirdimiz 11-ci sinifi başa vurur. Onlara gələcək həyatlarında uğurlar arzu edirik. İmtahanların bir qismini veriblər. Qarşıda onları təhsilin növbəti pillələrinə qəbul imtahanları gözləyir. Ümid edirik ki, həmin imtahanlardan da uğurlu nəticələr əldə edəcəklər.”

Daha sonra nazir müavini əlavə edib ki, ümid edirik ki, növbəti tədris ilində ənənəvi  təhsil bərpa olunar: “Müşahidə edirsiniz ki, COVID-19-la bağlı ölkəmizdə vəziyyət normallaşır. Vaksinasiya prosesi geniş şəkildə həyata keçirilir. Azərbaycan təhsil sistemində kütləvi vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub. Müəllimlərimizin böyük bir qismi vaksinasiyadan keçib və proses yay ayları ərzində də davam edəcək.  Mövcud vəziyyətdən asılı olaraq, növbəti tədris  ilində tədrisin əyani formada başlamasına ümid edə bilərik. Amma yenə də hazırkı məqamda bununla bağlı konkret fikir söyləmək çətindir. Yəqin ki, həmin tarixə yaxın dövrlərdə müvafiq qurumların da rəyi nəzərə alınmaqla bununla bağlı qərar veriləcək.”

“İki sahil TV” özəl gündə müəllimlərimizin və məzunlarımızın  təəssüratlarına şərik oldu:

"Son zəng" tədbiri pandemiya qaydalarına uyğun təşkil olunub

220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova açıqlamasında bildirdi ki,  cari ildə məktəbin 124 məzunu var: “Həmin şagirdlərimiz yüksək təhsil nailiyyətləri qazanıblar və biz bununla fəxr edirik. 2020-2021-ci tədris ilində 7 şagirdimiz Respublika Fənn  Olimpiadalarında qalib olub, 2 şagirdimiz isə Lütfizadə adına Məntiq Olimpiadasında yüksək yerlər tutub. Məzunlarımızla fəxr edirik. Onlar yeni yolun başlanğıcındadırlar. Hər birinə uğurlar arzu edirik.  İstərdik ki, məktəbdə öyrəndikləri bu bacarıqları həyatda tətbiq etsinlər və həmişə "220-ni" necə uğurla təmsil ediblərsə, gələcəkdə də  valideynləri üçün gözəl övlad, ölkəmiz üçün isə gözəl vətəndaş olsunlar. Həyatda ən gözəl nə varsa, onlara nəsib olsun.”

Məktəb direktoru onu da qeyd edib ki, "Son zəng" tədbiri pandemiya qaydalarına uyğun təşkil olunub: “Tədbir məktəbin  həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilib. Mərasimdə yalnız 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və məhdud sayda müəllim iştirak  edib.”

Qalib dövlətin qalib övladı olaraq məzun olurlar

11 H sinfinin rəhbəri Gözəl müəllimə isə ilk olaraq çəkiliş qrupumuzu bu gözəl gündə görməkdən məmnunluğunu ifadə etdi: "Həqiqətən də bu gün bizim üçün çox əlamətdar bir gündür. Biz öz "Son zəng"imizi  “Zəfər Son zəngi” adlandırmışdıq. Şagirdlərimlə birgə tədbirdə gözəl Şuşamızın alınması səhnəsini rəmzi formada  xatırlatmaq üçün  xüsusi səhnəciklə çıxış etdik. Valideynlərim Qarabağlıdır, mən o torpaqlar gəzmiş adamam, amma uşaqlarım  oranı hələ görməyib. Qalib dövlətin qalib övladı olaraq bu il məzun olurlar. Şagirdlərim hamısı çox sevinclidir. Mən onların hər biri ilə fəxr edirəm. Onlar olmasaydı, bu kompozisiya ərsəyə gələ bilməzdi. Bu səhnəciyin ideyasını biz bir yerdə düşündük, hamımızın ümumi zəhməti kimi bəhrəsini də gördük.

Arzum budur ki, dogma Azərbaycanımıza layiqli vətəndaş olsunlar

11 X sinfinin rəhbəri  Nahidə Hüseynova isə  həm sevincli, həm kədərli idi: “6 ildir ki, mən onların həm müəllimi, həm də sinif rəhbəriyəm. Sevimli şagirdlərimlə vidalaşdığım üçün kədərliyəm. Onların həyatında yeni bir səhifə, gələcəyə yeni bir pəncərə açıldığı üçün sevincliyəm.  Bu "Son zəng" onlara uğur gətirsin. Yeni həyatlarında bir başlanğıc olsun. Şagirdlərimlə çox qürur duyuram, çünki hər zaman beynəlxalq layihələrdə, Respublika Fənn Olimpiadalarında məktəbimizin adını ucu tutublar, yaxşı nailiyyətlər  göstəriblər. Qeyd etmək istərdim ki,  23 şagirdimdən 19-u 200 baldan artıq nəticə göstərib. Gələcək həyatlarında onlara uğurlar arzulayıram. Ən əsas arzum budur ki, dogma Azərbaycanımıza layiqli vətəndaş olsunlar. Həmişə məktəbimizin adını uca tutsunlar.”

6 şagirdim 300-ə yaxın bal toplayıb

11 R sinfinin rəhbəri Gülbəniz  Məmmədova  bildirdi ki, bu gün bütün müəllimlər kimi mən də sevinirəm: “Düzdür, şagirdlərimdən ayrılmaq  çətindir. İllərdir ki, onlara dərs deyirəm. Sinifim  çox yaxşı nailiyyətlər qazanıb.  6 nəfər 300-ə yaxın bal toplayıb. Gələcək həyatlarında onların hər birinə uğur arzu edirəm.”

Məzunlar həyatlarının ən əlamatdar günündə keçirdikləri hissləri “İki sahil TV” ilə bölüşdülər:

Bütün məzunlara arzuladıqları ali məktəbə daxil olmağı diləyirəm

Nicat Həsənli sevinc hissləri keçirdiyini bildirdi: “11 il məktəb oxuyan hər bir uşağın arzusudur ki, "Son zəng" tədbirində iştirak etsin. Şükür ki, bu, mənə də qismət oldu. Bütün məzunlara  can sağlığı və arzuladıqları ali məktəbə daxil olmağı diləyirəm. Müəllimlərimə isə sözüm odur ki, bizim kimi şagird, vətəndaş yetişdirdiklərinə görə təşəkkür edirəm. “

Ləman Cabbarlı: “Bu gün bizim günümüzdür. Hər birimiz məzun oluruq. Bütün sinif yoldaşlarımı, müəllimlərimi təbrik edirəm. Bizi bu günlərə çatdıran valideynlərimizə və müəllimlərimizə təşəkkür edirəm.”

Rəvan Şərifov isə bildirdi ki, 11 ildir  bu məktəbdə oxuyur: “Çox gözəl gündür. Təbii ki, məktəb həyatı bitdiyinə görə həm sevinirik, həm də kədərliyik. Gələcək həyata qədəm qoyuruq bir az da həyəcanlı və sevincliyik. Ümid edirəm ki, uğurlarımız hələ qarşıdadır. Sinif yoldaşlarıma bol şans arzu edirəm. ”

Nəzrin Quliyeva isə mikrofonumuz qarşısında ağlamamaq üçün sanki özünü sıxırdı. Keçirdiyi qarışıq duyğular isə simasına qəribə bir həyacan cizgiləri çəkmişdi: “Hisslərimin konkret adı yoxdur. Amma, qəm və sevinc duyğularım qarışıb. İnana bilmirəm ki, bu gün məktəbdə son gündür. Elə düşünürəm ki, hansısa bir tədbirdi iştirak edirik. Həqiqətən çox qəribə hisslərdir. Bütün 11-lərə uğurlar arzu edirəm. Ümid edirəm ki, bundan sonrakı həyatları məktəb həyatlarından da gözəl olar.”

Kimlər üçünsə təqvimin adi bir günü olsa da, 11-cilər üçün unudulmaz və özəl gündür. Məzunlar təkcə məktəblə deyil, yarıyuxulu, yarıoyaq valideynlərinin əlindən tutub dərsə gəldikləri ilk günlə,  bəzən bəhanə  ilə məktəbə getməmək üçün danışdığı yalanla, öyrənə bilmədiyi hərflə əzbərləyə bilmədiyi şeirlə,  unutduğu ev tapşırığı ilə, qarışdırdıqları vurma cədvəli ilə, paltarına düşən təbaşir tozu ilə, balaca çiyinlərində daşıdıqları məktəb çantaları ilə, hər gün qarşısına çıxdığı lövhə ilə, qələm tutmağı öyrədən müəllimləri də vidalaşır. Bir sözlə,  11-cilər məktəb xatirələrinə "Son zəng"in sədaları altında əlvida deyirlər.

Əziz məzunlar, biz də “İki sahil” media qrupu olaraq sizlərin hər birinə müstəqil həyata doğru sağlam və uğurla dolu addımlarla irəliləməyinizi arzu edirik. Səsiniz zirvələrdən gəlsin. Çalınan bu zəng məktəbin son, uğurlarınızın  isə ilk sədası olsun. “Son zənginiz” mübarək! 

Yaqut Ağaşahqızı,

Samir Paşayev, “İki sahil”