Bu yazıda sizlərə əlverişli və eyni zamanda, effektli kosmetik vasitələr haqqında məlumat verəcəyik.
Kosmetik gil
Gil çox ucuz və eyni zamanda, effektli kosmetik vasitədir. Apteklərdə müxtəlif rənglərdə olan (ağ, göy, yaşıl) gil tapmaq olur. Gil dəriyə çox müsbət təsir edir — təmizləyir, iltihabı azaldır, cavanlaşdırır, qırışları azaldır, dərinin rəngini yaxşılaşdırır. Gili az miqdarda ilıq su ilə qarışdırın və üz dərisinə çəkib 20 dəqiqədən sonra yuyun. Maskaları hazırladıqda gili digər inqrediyentlərlə də qarışdırmaq olar.
Salisil spirt
Bu vasitə civzələr və sızanaqlarla mübarizədə olduqca effektlidir. Qeyd edək ki, bu spirt kosmetologiya və tibbdə geniş tətbiq edilir. Onun təsirindən zərərli mikroorqanizmlər məhv olur, iltihab azalır, səpgilər quruyur və itir. Həmçinin spirt ölmüş hüceyrələri yumşaldaraq, onlarla mübarizə aparır. Sızanaqlardan azad olmaq istəyirsinizsə onda həmin spirti təmiz halda və ya kosmetikanın tərkibində hər gün istifadə edilməməlisiniz. Salisil spirtdən həftədə 2-3 dəfə istifadə etmək məsləhətlidir.
Sink mazı
Sızanaqlarla mübarizədə ən ucuz və effektli vasitədir. Sink məlhəmi dərini qurudur və antiseptik təsirə malikdir. Sink, piy bezlərinin həddindən artıq ifraz olunmasına qarşı mübarizə aparır. Saç köklərinə dərindən nüfuz edərək dərinin problemli bölgələrindəki bakteriyaları öldürür. Sızanaqları sink məlhəmi ilə müalicə edərkən nəticə bir neçə tətbiqdən sonra hiss etmək olur. Dərman yara izlərini yaxşılaşdırır və dərini hamarlaşdırır.
Gənəgərçək yağı
Keçmişlərdən bu yana bu yağın köməyi ilə soyuqdəymələri, iltihabları, yaraları, qəbizliyi və s. müalicə edirlər. Gənəgərçək yağını kosmetologiya da geniş istifadə edirlər. Qaş, kirpik və saçların gözəlliyi üçün ən sınanmış və effektli vasitədir. Yağı kirpik və qaşların üzərinə çəkin, saç maskaları üçün istifadə edin. Gənəgərçək yağı dərini nəmləndirir, cavanlaşdırır, dərini daha elastik edir, xırda qırışları yox edir.
Hidrogen peroksidi («perekis»)
Perekis kosmetologiyada geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis dərini dərindən təmizləyir və ağardır, qızartını, civzə və sızanaqları yox edir. Bunun üçün məhlulda steril pambığı isladın və sızanaqlara vurun. Bunu tez-tez etmək olmaz, çünki məhlul dərini qurudur, dəri qabıq verməyə başlayır. İstifadə etdikdən əvvəl isə test edin-perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə, istifadə etməyin.
Aevit (kapsullar).
Aevit gözətrafı dəri üçün kremləri əvəz edə bilər. Gündə 1 dəfə göz ətrafı dəriyə çəkin və 20 dəqiqədən sonra ehtiyatla silin.
Rəngsiz xına
Saçların sağlamlığı və gözəlliyi üçün əvəzedilməz vasitədir — saçları möhkəmləndirir, tökülməsini azaldır, kəpəkdən azad edir.
Samirə Tağıyeva, "İki sahil"