14 iyun 2021 20:42
1062

Qurtuluşun məşəqqətli yolları

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayevin ulu öndər Heydər Əliyevlə bağlı xatirələri silsiləsindən

Ölkələrin, xalqların, bütövlükdə bəşəriyyətin xilası və inkişafında tarixi şəxsiyyətlərin və fövqəl zəka sahiblərinin xüsusi xidmətləri olduğu danılmazdır. Bu mənada Azərbaycan xalqı da özünəməxsus qədim dövlətçilik ənənələri olan müstəqil Azərbaycanımızın şərəfli tarixi keçmişi və bu günkü parlaq uğurları üçün ilk növbədə həmin insanlara minnətdardır. Avropa ilə Asiyanın, Şərqlə Qərbin qovşağında əlverişli kommunikasiya imkanları, zəngin yeraltı sərvətləri, münbit torpaqları, cazibədar təbiəti  - florası və faunası ilə hər zaman nəhəng imperiyaların və böyük dövlətlərin maraq dairəsində olan bu məmləkəti qorumaq, yaşatmaq və bu günkü səviyyəyə çatdırmaq məhz həmin ictimai-siyasi və dövlət xadimlərinin tarixi xidmətidir.

Azərbaycan xalqı bu gün Qurtuluş gününü bayram edir. Hansı ki, xalqımıza bu bayramı möhtərəm Prezidentimiz İlham Əliyevin təbirincə desək, müstəqil Azərbaycan dövlətinin qurucusu və baş memarı olan ulu öndər Heydər Əliyev bəxş edib. Ona görə də bu günlər xalqımız Ulu Öndərin tarixi xidmətlərini sonsuz maraq və minnətdarlıq duyğuları ilə yad etməkdədir. Ola bilsin ki, bir çoxları, xüsusən də gənc nəsilin nümayəndələri müstəqillik illərində Azərbaycan dövlətçiliyinin hansı sınaqlardan keçdiyini, nə kimi məşəqqətlərlə üz-üzə qaldığını heç də təfsilatı ilə bilmirlər. Amma mütləq şəkildə öyrənməlidirlər, bilməlidirlər. Bunun üçün tarix kitabları və o dövrün mətbuatını öyrənməklə yanaşı, həm də bütün olub - keçənləri öz gözləri ilə görmüş olan, proseslərin bilavasitə iştirakçısı olan insanların xatirələrini də dinləməyin faydası var. Belə insanlardan biri də zəngin həyat və idarəçilik təcrübəsi olan, uzun illər rəhbər vəzifələrdə çalışan, Ulu Öndəri yaxından tanıyan və bilavasitə onun rəhbərliyi altında işləmiş olan sədaqətli Əliyevçi Şəmsəddin Xanbabayevdir.

Ulu Öndər onu çox yaxşı tanıyırdı, ona etibar edirdi, məsuliyyətli və işgüzar kadr olduğunu bilirdi. Elə buna görədir ki, Ş.Xanbabayev müxtəlif vaxtlarda məhz Ulu Öndərin təşəbbüsü və tapşırığı ilə məsul vəzifələrə irəli çəkilib. Elə Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə də şəxsən Ulu öndər Heydər Əliyevin təqdimatı ilə seçilib. Xatırladaq ki, hələ 1992-ci ilin aprelində Ş.Xanbabayev Ali Məclis Sədrinin xüsusi Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunmuşdu. Lakin prosedur qaydalarına görə bu təyinat Ali Məclis tərəfindən təsdiqlənməli idi. Odur ki, Heydər Əliyevin bu məsələ ilə bağlı təqdimatı 1992-ci ilin may ayında Ali Məclisin müzakirəsinə çıxarılıb. Görün, Ulu Öndər Ş.Xanbabayevi Naxçıvan Ali Məclisinə necə təqdim edib: «Mənim müşahidələrim onu göstərir ki, Şəmsəddin Xanbabayev çox zəhmətkeş adamdır, çalışqan adamdır, iqtisadiyyatı yaxşı bilir, insanlarla davranışı lazımi mədəni səviyyədədir, Azərbaycan nazirlikləri baş idarələri ilə onun əlaqələri var, imkanları var, tanışlıqları var. Yəqin oralarda tanınan adamdır ki, Azərbaycan Respublikasında Naxçıvan Muxtar Respublikasının iqtisadi-sosial məsələlərini həll etməsi ilə səmərəli məşğul ola bilir. Naxçıvan Muxtar Respublikasının nüfuzlu adamıdır. Əvvəl işlədiyi vəzifələrdə nüfuzlu adam kimi tanınıbdır. Ona görə , mən hesab edirəm ki, elə bu gün Ali Məclisin deputatları bizim, şəxsən mənim Şəmsəddin Xanbabayevin Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunması təklifimi müdafiə edər…»

Ali Məclis üzvləri də öz növbəsində Ulu Öndərin bu təklifini yekdilliklə müdafiə edərək Ş.Xanbabayevin Baş nazir təyin olunmasına səs verdilər. Hesab edirəm ki, bu məqamda Şəmsəddin Xanbabayevi daha yaxşı tanımaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xaçmaz rayonuna yeni icra başçısı təyin edərkən dediyi sözləri də yada salmaq yerinə düşərdi: «Xaçmaz rayonunda uzun illərdir ki, Şəmsəddin Xanbabayev işləyib. Şəmsəddin Xanbabayev Naxçıvada ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Baş nazir vəzifəsində işləmişdir. Sonra Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifəsində işləmişdir. Əvvəlki nazir onu işdən çıxarmaq istəmişdi, qoymadım. Şəmsəddin Xanbabayev təcrübəli insandır, eyni zamanda ən ağır dövrdə Heydər Əliyevə öz dəstəyini göstərmişdi…»

Hesab edirik ki, xalqımızın 15 iyun Qurtuluş Qününü bayram etdiyi bir vaxtda həmin tarixi hadisənin memarı olan ulu öndər Heydər Əliyevlə bağlı məhz Şəmsəddin müəllimin xatirələrini eşitmək yerinə düşər. Yuxarıda deyilənlərdən də göründüyü kimi, həm ulu öndər Heydər Əliyev, həm də Prezident cənab İlham Əliyev tərəfindən Şəmsəddin müəllimə, onun şəxsiyyətinə və əməli fəaliyyətinə olduqca yüksək qiymət verilmişdir. Yəni, bu gün sinəsində daşıdığı «Şöhrət» ordeni, «Şərəf» ordeni və 1-ci dərəcəli «Əmək ordeni» ona elə-belə verilməyib. O, bu şərəfi, bu şöhrəti işi ilə, zəhməti ilə, Azərbaycan dövləti və dövlətçiliyinə və şəxsən ulu öndər Heydər Əliyevə və onun layiqli siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə olan sonsuz sədaqəti ilə qazanıb.

Beləliklə, Şəmsəddin Xanbabayevin ulu öndər Heydər Əliyevin Azərbaycanı Qurtuluşa aparan tarixi xidmətlərinə dair xatirələri silsiləsindən olan daha bir neçə xatirəsini oxuculara təqdim edirik.

1. Kişilər niyə utanırdı?!

Ulu Öndər Naxçıvan Ali Məclisinin sədri olarkən tez-tez rayonlara səfər edir, əhali ilə görüşürdü. Növbəti dəfə sərt qış günlərindən birində Şərura gedəsi oldu. Şərura gedən yolda Ulu Öndərin maşınını görcək təqribən 200 nəfərə qədər insanın yolun o tərəf - bu tərəfinə qaçdığını gördük. Adamlar qalın qar örtüyünü yara-yara, ətrafdakı üzümlüklərin məftillərinə ayaqları ilişərək yıxıla-yıxıla yoldan uzaqlaşmağa çalışırdılar. Ulu Öndər maşını saxlatdı. Dedi ki, öyrənin görün o insanlar bizdən niyə belə qaçırlar. Sürücü Sabir Ulu Öndərin adından həmin insanları çağırdı. Bir neçə qadın bizə yaxınlaşdı. Ulu Öndər onlara sual etdi:

 - Niyə bizi görüb qaçırsınız?

 - Utandığımızdan!

 - Bəs kişilər niyə gəlmədi?

- Sizin üzünüzə çıxmağa utandılar. Ona görə də biz gəldik.

 - Niyə utanırlar?!

 - Bayırda 32 dərəcə şaxta var. Evdə qocalar, uşaqlar soyuqdan donur. Odur ki, gəlib yolun kənarı boyunca olan bu ağacları kəsib aparıb evləri qızdırırıq.

Ulu Öndər onları diqqətlə dinlədikdən sonra:

 - Kəsin, aparın, evləri qızdırın, qocaları, uşaqları soyuqdan, şaxtadan qoruyun, sonra da yerinə yenilərini əkərsiniz.

Ulu öndər Şərurda rayon rəhbərlərini o ki var danladı. Onlara camaata şərait yaradın, dedi.

Bəli, tək Şərur camaatı deyil, bütövlükdə Naxçıvan əhalisi o günlərin məşəqqətlərinə beləcə sinə gərdi.  Sonra da o yolların ətrafına yenidən ağaclar əkildi.

Həmin gün Şərurdan qayıdandan sonra axşamüstü Culfaya getdik. Ulu Öndər oradan İlanlı dağa baxdı. Nədənsə həmin dağdan çox xoşu gəlirdi. Şəklini də böyütdürüb kabinetindən asmışdı. Sonralar Bakıdakı iqamətgahında da həmin şəklin divardan asıldığını gördüm. Mən yeddi il sonra Xaçmazda işləyərkən bu xatirələrin təsiri altında yeni saldığımız “Çənlibel” parkında 21 metr hündürlükdə “İlandağ” abidəsi ucaltdım.

Ulu Öndərin şəxsiyyəti, iş prinsipləri mükəmməl dövlət idarəçiliyi səriştəsi, insanlara, o cümlədən tabeçiliyində olan kadrlara münasibəti böyük bir məktəb idi. Mən çox xoşbəxt insanam ki, uzun illər şəxsən onun rəhbərliyi altında işləmişəm, birbaşa özündən tapşırıq və göstərişlər almışam. Odur ki, həyatda bütün uğurlarım üçün onun ruhu qarşında borcluyam. Xaçmazda işləyərkən bu hisslərlə Bakı-Dərbənd şossesi boyunca Ulu Öndərin şərəfinə nümunəvi bir seyrəngah yaratdıq. Beş yerdə hündürlüyü 10-12 metrə çatan lampa-abidə ucaltıq. Məndən tez-tez soruşurlar ki, bu lampa-abidələr nəyi ifadə edir? Mən də izah edirəm ki, Ulu Öndər 90-cı illərin əvvəllərində Azərbaycanın, o cümlədən Naxçıvanın ağır günlərində lampa işığında işləyərək Azərbaycanı işıqlı gələcəyə qovuşdurdu. İndi doğma Azərbaycanımızın bütün guşələri kimi Xaçmaz rayonu da həmin nura qərq olub. Bu lampa-abidələri də məhz o nurun rəmzi olaraq ucaltmışıq.

2. Körpə xəstəxanada donaraq öldü

Söz Naxçıvanın o soyuq günlərindən düşəndə Şəmsəddin müəllim daha bir tükürpədici faktı yada saldı:

 - Mən adətən hər səhər Ulu Öndərdən ən azı iki saat tez işə gəlirdim, yerlərdə vəziyyəti öyrənib ona məruzə edirdim. Bir gün dedilər ki, gecə işıqlar söndüyündən xəstəxanada yeni dünyaya gəlmiş körpə donaraq ölüb. Mən bu barədə Ulu Öndərə məlumat verəndə o çox pis oldu. Doğrusu, deməyimə peşiman oldum.

 -Gərək heç Sizə bildirməməydim, - dedim.

Ulu Öndər, - yaxşı ki, dedin, - deyərək kövrəldi və mənə tapşırdı ki, hər yerin işığı kəsilsə də, çalışın ki, xəstəxana çörək zavodunda daim işıq olsun.

3. Ulu Öndərin kabinetini niyə tüstü basdı?!

Ulu Öndər adətən gecədən xeyli keçənədək işləyirdi. Həm də çox zaman buz kimi soyuq kabinetdə, özü də lampa işığında. Növbəti dəfə gecə saat 12 radələrində gün ərzində görülən işlər barədə məlumat vermək üçün yanına getdim. İçəri girəndə gördüm ki, soyuqdan gömgöy göyərib. Dedim ki, gedib evimizdəki İran istehsalı olan salyarka peçini gətirim. Soruşdu ki, bəs onun tüstüsü hara çıxacaq? Dedim, şəhərə! Mənə tərs-tərs baxa-baxa, - bəs onda camaat bizə nə deyər?! Yalnız mən təkrar-təkrar israr edəndən sonra razılıq verdi. Mən də tez evdən peçi gətirərək quraşdırıb getdim. Bir neçə dəqiqə keçmişdi ki, mənə zəng edərək, - təcili gəl bunu götür, otağı tüstü basıb, - dedi. Birdən yadıma düşdü ki, peçi quraşdırarkən trubasının dirsəyini yerinə salmağı unutmuşam. Tez gedib səhvimi düzəltdim və peç normal istilik verməyə başladı. Növbəti axşam kabinetinə gedəndə gördüm ki, artıq pencəyini soyunaraq işləyir. İnkişafa, tərəqqiyə bir baxın! 20 il öncə enerji təminatı baxımından o çətin günləri yaşayan Naxçıvan indi hətta qardaş Türkiyəyə də elektrik enerjisi verir.

4. Ermənilərin Ulu Öndərlə bağlı qısqanclığı

Naxçıvan şəhər Partiya Komitəsinin Birinci katibi olarkən zəruri tikinti materialları əldə etmək məqsədi ilə tez-tez Yerevana gedirdim. 1984-cü ildə növbəti dəfə orada olarkən «Komitaz» küçəsindəki təsərrüfat malları mağazası qarşısındakı lövhə diqqətimi cəlb etdi. Lövhədə Sov.İKP.MK Siyasi Bürosunun üzvlərinin portretləri vurulmuşdu. Birinci yerdə Baş katib K.Çernenkonun portreti, sonuncu yerdə isə H.Əliyevin portreti vurulmuşdu. Yerevanın digər küçə kvartallarında da üç yerdə eyni halı müşahidə etdim. Halbuki, düzülüş etibarı ilə əlifba sırasına görə Baş katibdən sonra ikinci yerdə H.Əliyevin portreti olmalı idi əslində Kremldən başlamış SSR-nin ən ucqar nöqtələrinədək Siyasi Büro üzvləri məhz bu cür təqdim olunurdu. Təkcə Yerevanda belə deyildi. Çox ehtimal ki, o dönəmdə Ermənistanın digər yerlərində elə Yerevan «nümunəsi» qüvvədə olub. Əlbəttə ki, bu, ermənilərin hələ o dönəmdə millət olaraq bizə qarşı olan kinindən düşmənçilik mövqeyindən irəli gələn bir hal kimi dəyərləndirilməlidir.

Həmin günün sabahı hökumət telefonu ilə Heydər Əliyevə zəng etdim. Köməkçisi cavab verdi. Özü ilə danışmaq istədiyimi bildirdim. Köməkçi dedi ki, mən 15 dəqiqədən sonra sizə məlumat verərəm. Həqiqətən də, düz 15 dəqiqədən sonra köməkçi mənə zəng vuraraq axşam saat 6-da zəng etməyini bildirdi.

Mən deyilən vaxt zəng edərək Ulu Öndərlə danışdım. Gördüklərim barədə ona məlumat verdim. O isə Naxçıvanla bağlı hal-əhval tutdu, nə kimi yenilik və problemlərimiz olduğu ilə maraqlandı, ancaq Yerevanda gördüklərimlə bağlı heç nə demədi. Bir həftə sonra yolum yenidən Yerevana düşəndə artıq həmin yerdə H.Əliyevin portretinin Baş katib K.Çernenkodan sonra ikinci yerdə olduğunu gördüm. Atalar belə yerdə deyiblər: «ilan ulduz görməsə ölməz».

5. Ulu Öndərə ehtiram nümunəsi

Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi qısa müddət ərzində dörd dəfə Türkiyədə, iki dəfə İranda rəsmi səfərdə oldu. Turqut Özal, Süleyman Dəmirəl, Rəfsəncani və digər rəsmilərlə görüşərək danışıqlar apardı. Bilirsiniz, o insanlar Heydər Əliyevə necə qiymət verirdilər?! Onlardan hər biri ona çox böyük ehtiram nümayiş etdirirdi, söhbətlərini və rəsmi tədbirlərdəki çıxışlarını son dərəcə maraq və diqqətlə dinləyirdi.

1992-ci ilin aprelində İzmirdə çox böyük bir iqtisadi forum keçirildi. 67 ölkənin dövlət və hökumət başçılarının təsmil olunduğu bu forumda ən hörmətli yerdə Turqut Özal, onun xanımı, Heydər Əliyev, daha sonra Süleyman Dəmirəl və qeyriləri əyləşmişdi. Heydər Əliyevin forumdakı nitqi çox böyük marağa səbəb oldu və hamıdan əvvəl məhz Turqut Özal ayağa qalxaraq onu alqışladı. Ona baxaraq bütün salon da ayağa qalxaraq Heydər Əliyevi alqışladı.

6. Xalq ancaq ona ümid edirdi

1993-cü ilin iyunda ölkədə siyasi gərginlik pik həddinə çatdı. Cəmi bir neçə ay öncə hakimiyyət əldə etmək uğrunda bir-birini didən üzdəniraq liderlər günü-gündən dərinləşməkdə olan daxili siyasi böhran və xaricdən olan təzyiqlər qarşısında tab gətirə bilməyərək pərən-pərən düşdülər. Belə olan halda hamı Naxçıvandan ümid gözləyirdi. Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtması üçün hər yanda imzatoplama kampaniyası gedirdi. Görkəmli ziyalılar, alimlər, ictimai xadimlər ona dönə-dönə müraciət etdilər və nəhayət, iyunun 7-də Prezident Əbülfəz Elçibəy öz şəxsi TU-134 təyyarəsini onun ardınca Naxçıvana göndərdi.

Təbiidir ki, Bakıda baş verənlərdən Naxçıvan camaatı da çox narahat idi. Qarabağda hərbi əməliyyatların gedişi zamanı düçar olduğumuz uğursuzluqlar hamıya dərd olmuşdu. Bu problemlər Heydər Əliyevin də yuxusunu ərşə çəkmişdi. Qarabağ döyüşlərində ard-arda gələn uğursuzluqlar, yaşayış məntəqələrimizin bir-birinin ardınca itirilməsi Ulu Öndəri hədsiz dərəcədə narahat edirdi. Əsgərlərin, zabitlərin həlak olması xəbərinə dözə bilmirdi. Bir dəfə Naxçıvana Tərtər cəbhəsində həlak olan naxçıvanlılardan ibarət 11 meyit gətirildi. Heydər Əliyevi ilk dəfə onda gözləri yaşlı gördüm. Respublikada hökm sürməkdə olan gərgin hərbi-siyasi vəziyyətlə bağlı o həm daxili siyasi qüvvələrlə, həm də xarici ölkə rəsmləri ilə ardıcıl olaraq danışıqlar aparmaqda idi. Amma Bakıya dönmək məsələsində əvvəlcə razılıq vermədi. Prezidentin təyyarəsi 3 gün Naxçıvanda onu gözlədi. Mənim kabinetimdən bir neçə dəfə Elçibəylə danışdılar və bildirdilər ki, Heydər Əliyev gəlmək istəmir.  Elçibəy isə təkrar-təkrar israr edərək,- ölkə dağılır, indi də gəlməyəndə bəs nə vaxt gələcək, dedikdən sonra, nəhayyət o, Bakıya getməyə razılıq verdi.

Onu Bakıya yola salmaq üçün, demək olar ki, bütün Naxçıvan əhalisi Ali Məclisin qarşısındakı meydana və Hava limanına toplaşmışdı. İnsanların çoxusu göz yaşları içərisində idi. Kimisi sevinirdi ki, Heydər Əliyev Bakıya gedib, qardaş qırğınının qarşısını alacaq və Azərbaycan dövlətini parçalanma təhlükəsindən xilas edəcək. Kimisi də Heydər Əliyev gedəndən sonra Naxçıvanın taleyinin necə olacağından narahatlıq keçirdiyi üçün göz yaşları axıdırdı. Bütün bunları seyr edən Ulu Öndər toplaşanlara xitabən belə dedi: «Narahat olmayın, mən Naxçıvana yenə də gələcəyəm!»

7. Silahlılar məni haraya və niyə apardılar?!

Bakı aeroportunda onu Naxçıvanda olduğundan daha böyük izdiham qarşıladı. Adamlar bütün maneələri aşaraq, birbaşa təyyarənin pilləkəninin yanına qədər gəlmişdilər. Onları buraya gətirən Ulu Öndərə olan məhəbbət, sədaqət, başlıcası isə inam idi. Hamı ürəkdən inanırdı ki, Azərbaycanı düçar olduğu bəlalardan yalnız Heydər Əliyev xilas edə bilər.

Hava limanından birbaşa Milli Məclisə gəldik. Ulu Öndər içəri daxil oldu, mən isə Milli Məclisin qarşısında gəzişməyə başladım. Elə bu an iki nəfər mənə yaxınlaşaraq qollarımdan tutub zorla yaxınlıqdakı mikroavtobusa basdılar. Avtobusda 12 nəfər əli avtomatlı var idi. Onlar silahı mənə tuşlayaraq hədə-qorxu gəlməyə başladılar. Onlardan biri dedi ki, sizin ikinizi də (yəni, Heydər Əliyevlə məni) iplə baş-başa bağlayıb dənizə atacağıq. Başqa birisi üstümü axtardı, pullarımı götürdü, xidməti vəsiqəmi isə cırıb tulladı. Beləcə, hədələyə-hədələyə, təhqir edə-edə məni Xalq cəbhəsinin o zamankı 26-lar bağındakı qərərgahına gətirərək oranın  zirzəmisinə salıb qapısını da qıfıllayaraq getdilər. Gecəyarısı iki nəfər oraya gələrək təhqiramiz formada mənə təzyiq göstərməyə cəhd etdi. Təqribən gecə saat 3-4 radələrində məni yenidən maşına basaraq gətirib Milli Məclisin qabağında tulladılar. Təsəvvür edin, üst-başım nə gündə, ciblərim də ki, boşaldılmış vəziyyətdə mən hara gedə bilərdim, nə edə bilərdim. Odur ki, çox çətinliklə mehmanxanaya gəldim. Orada mənə bir telefon nömrəsi verərək dedilər ki, səni bu nömrədən axtarırlar. Baxdım ki, bu rəhmətlik Cəlal müəllimin ev nömrəsidir. Zəng vurub başıma gələnləri danışdım. Ulu Öndər dedi ki, səhər saat 8-də gəl Cəlalgilə.

O gün Ulu Öndər Surət Hüseynovla danışıq aparmaq məqsəd ilə Gəncəyə yola düşdü. İstədim mən də onunla gedim, razı olmadı. Dedi siz buralarda qalın, mən də tez qayıdacağam. Tez də qayıtdı. Özü də ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edən çox mühüm bir nəticə ilə Bakıya döndü. Beləliklə, o növbəti dəfə doğma Azərbaycanımızı qardaş qırğınından xilas etmiş oldu.

Hər kəsin bu gün çox hörmətli el ağsaqqalı kimi tanıdığı Şəmsəddin müəllimin sinəsi Ulu Öndərlə bağlı xatirələrlə doludur. Bu gün qələmə aldıqlarımız da həmin xatirələr silsiləsindən olan əhvalatlardandır. O hər dəfə bu xatirələri sevə-sevə, qürur və iftixar hissi yaşaya-yaşaya, bəzən də lap kövrələ-kövrələ söyləyir. O xatirələr ki, onlar dövlətimizin müstəqillik tarixinin hələ ki, yazılmamış olan, lakin mütləq yazılmalı olan səhifələridir.

8. Ulu Öndər Ona özü qədər inanırdı

Bəli, Ulu Öndər həm respublikaya rəhbərlik etdiyi dönəmdə, həm də SSRİ rəhbərliyində təmsil olunduğu illərdə Azərbaycanın xilası, onun hərtərəfli və cosğun inkişafı naminə misilsiz xidmətlər göstərib. Ömür vəfa etsə idi hələ daha böyük işlər görmək arzusunda idi. Lakin o sağlığında həyata keçirməyə zamanı yetmədiyi həmin möhtəşəm vəzifələrin lap yaxın gələcəkdə özünün layiqli siyasi varisi cənab İlham Əliyevin şəxsində uğurla həyata keçiriləcəyinə əmin idi. Ulu Öndərin ABŞ-ın Klivlent xəstəxanasından Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində də bu əminlik ifadə olunmuşdu: «İnanıram ki, mənim axıra çatdıra bilmədiym taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm». Doğma Azərbaycanımızın bu günkü uğurları Ulu Öndərin dövrünün nə dərəcədə uzaqgörən bir dövlət xadimi olduğunun təsdiqidir. Ötən illər ərzində Qarabağın işğaldan azad olunması istiqamətində aparılan uğurlu siyasət və nəhayət, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də möhtərəm Prezidentimiz İlham Əliyevin ata vəsiyyətilərini layiqincə həyata keçirdiyinə dair parlaq nümunə oldu.

Möhtərəm oxucu, Xaçmazda özünəməxsus milli üslubda inşa edilmiş Heydər Əliyev Mərkəzində olarkən, Bakı-Xudat yolu üstündə salınmış Heydər Əliyev seyrəngahı və rayon mərkəzindəki Heydər Əliyev parkında ilin-günün bütün çağlarında hökm sürən qələbəliyi seyr edərkən, Xudat və Yalamadakı Heydər Əliyev muzeyləri ilə təkrar-təkrar tanış olarkən, idarə, müəssisə və təşkilatlarda, istehsalat yerlərində yaşından, vəzifəsindən, təhsilindən, peşəsindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq minlərlə, on minlərlə insanın Heydər Əliyev irsinə olan diqqət və marağını, sevgi və sədaqətini, ən nəhayət, xaçmazlıların həm də özlərinə ağsaqqal bildikləri Şəmsəddin Xanbabayevin o dahi insanla bağlı kövrək xatirələrini dinlədikcə bir daha əmin olursan ki, bəli, Ulu Öndər 70-80-ci illərdə və müstəqillik illərində olduğu kimi, bu gün də bizimlədir, Azərbaycan xalqı ilə bir yerdədir. O, sabah da, gələcək illərdə də xalqımızın ürəyində, qəlbində və əməllərində yaşayacaqdır.

 

Qafar Cəbiyev,
tarix elmləri doktoru, professor,
Azərbaycan Respublikasının əməkdar jurnalisti