Bir zamanlar sərt qidanı çeynəmək üçün çənənin arxasında əlavə dişlərə ehtiyac vardı. Xüsusilə, od tapılmamışdan əvvəl qoparmaq və çeynəmək çox çətin olan çiy ət və bitkilərlə insanlar qidalanan zamanlarda bu belə idi. Əcdadlarımız atəşdə yemək bişirməyi öyrənən kimi, ağıl dişləri faydalı funksiyalarını itirməyə başladı. Bu gün əksər insanlarda ağıl dişləri düzgün olmayan böyümə səbəbiylə çıxarılıb atılır. Ancaq bəzən normal çıxaraq qalırlar və gələcəkdə dişdə körpülər quraşdırarkən dayaq kimi istifadə olunurlar.
Müxtəlif xalqlarda ağıl dişi
Hesab olunur ki, Yer əhalisinin 92 %-də ağıl dişləri çıxır. Lakin elə insanlar da var ki, ömürlərinin sonunadək ağıl dişləri çıxmır. Onların bədənləri sadəcə bunun üçün proqramlaşdırılmayıb. Məsələn, ağıl dişlərinin varlığından xəbərdar olmayan Meksikanın yerli xalqları vardır. Üçüncü azı dişlərin olmamasının genetik səviyyədə onlara xas olduğuna inanılır.
2014-cü ildə elm adamları azı dişlərin varlığı və olmaması ilə bağlı statistik məlumatlar da topladılar. Beləliklə, Avropa kökləri olan amerikalıların10-25 %-də ən azı bir ağıl dişi yoxdur. Afrikalıların11 %-də, asiyalılarda – insanların 40% -də ağıl dişləri təkdir. Kanada, Qrenlandiya və Alyaskanın arktik bölgələrində yaşayan eskimoslarda üçüncü azı dişlərin tam dəsti də nadir hallarda görülür. Ancaq Tasman Adaları sakinlərində azı dişləri hamısı demək olar ki, həmişə çıxır. Bunun sərt qidalarla zəngin olan qida rasionu ilə əlaqəli olduğu düşünülür.
Ağıl dişləri niyə çıxmır?
Antropoloq Alan Mannın dediyinə görə, insan dişlərinin "ağıllı dişlərə" və "ağılsız dişlərə" bölünməsi 300-400 min il əvvəl baş vermişdir. Çox güman ki, sonradan bəzi xalqlar yaxşı bişirməyi öyrənmiş və mutasiya onları əlavə dörd dişdən tamamilə məhrum etmişdir.
Qədim insanların bəzi qruplarının ov etməməsi, əksinə yumşaq bitki qidaları yeməsi ilə də bağlılıq mümkündür. Çənələrinin çox dişə ehtiyacı yox idi və zamanla ölçüsü də kiçildi. Bəlkə də bu xüsusi qrupun nümayəndələri müasir meksikalıların əcdadları da ola bilər. Bütün bunlar sadəcə nəzəriyyədir. Lakin meksikalıların ağıl dişlərinin olmaması danılmazdır.
Nubar Süleymanova, “İki sahil”