17 iyun 2021 16:40
2969

Ölümü öldürən qəhrəman… FOTO

Maşınımız  Bakı-Tiblisi yolunu sola burulub yenicə  istifadəyə verilmiş ilan kimi əyri, dolanbac hamar asfalt yol ilə  kəndin içinə doğru istiqamət aldı. Ətrafda tam sakitlik höküm sürürdü. Yolun kənarında bir kimsə yox idi ki, maşını əyləyib Məhəmmədəli kişinin evinin harada olduğunu soruşub, hansı istiqamətə getdiyimizi öyrənək. Budur xoşbəxtlikdən növbəti tini burulan kimi qarşımıza iki nəfər cavan oğlan çıxdı. Maşını saxlayıb gedəcəyimiz ünvanı soruşuruq:

-  Əmi, keçmiş kolxoz idarəsinin binasını keçib bir qədər irəliləyəcəksiniz.Yolun sağında bayraqlar asılmış bir yer görəcəksiniz.Yaxınlıqda bulaq da var. Məhəmmədəli əminin evi o bayraqlar asılan küçədə yerləşir. Yolu düz gedin, yol sizi ora aparacaq, dedilər.

Gənclərə təşəkkür edib yolumuza davam etmək istədikdə - Əmi, biz sizə təşəkkür edirik, Bakıdan zəhmət çəkib bura kimi qəhrəmanımızı tanıtmaq üçün gəlmisiniz. Mən sizi tanıyıram, jurnalistsiniz. Çox xeyirhaqq iş görürsünüz. Şəhidlərimizi yazılarınızla əbədiləşdirirsiniz. Bizə yol göstərən gənclərlə sağollaşıb yola davam edirik. Qarşıda Azərbaycan,Türkiyə,Pakıstan dostluğunu təcəssüm etdirən bayraqlar  asıldığı yer görünür. Yolun kənarında səliqə səhmanla çox möhtəşəm, yaraşıqlı bir bulaq inşa edilib. Bulaqın başında bir dəstə məktəbli uşaq var idi. Maşını saxlayıb məktəblilərlə görüşürük. Qara  qranit mərmərdən boylanan nur üzlü , gülümsər gözlü Kərim sanki bizə xoş gəldin deyir. Kənd uşaqlarını maraq götürmüşdü. Kimisi maşına yaxınlaşıb pəncərədən içəri baxır, kimisi bizim hara getdiyimizi, kimi axtardığımızı, nəçi olduğumuzu soruşurdu.

-Uşaqlar, bu bulağı axtarırdıq. Uzaq yoldan gəlirik, susamışdıq su içmək istəyirik ,- dedim.

8-9 yaşı olar-olmaz, qıvrım saçlı, toppuş bir oğlan uşağı maraqla məni süzüb:

-Əmi, siz də qəhrəman olmaq istəyirsiniz?Qəhrəman olmaq üçün Kərim bulağından su içirsiniz?

Uşağın sevincdən gözləri parıldayırdı. Qiymətli bir şey tapıbmış kimi üzündəki sevinci hiss etməmək mümkün deyildi. Nə deyəcəyimizi, nə cavab verəcəyimizi gözləməyən tontiş  əlavə etdi:

-Müəllimimiz deyir ki, kim Kərimin qəhrəmanlıq bulağından su içərsə o da qəhrəman olar. Biz də hər gün dərsə gedəndə də, dərsdən gələndə də bu bulaqdan su içirik.Təkcə biz yox,yoldan keçənlərdə maşınlarını saxlayıb su içirlər.Yəqin, onlarda qəhrəman olmaq istəyirlər?

Kərimin doğulub boya başa çatdığı evin küçə qapısında dayanıb zəngi basmaq istəyirik. Elə bu an küçə qapısı  üzümüzə açılır. Cəld hərəkətli, dərin mənalı gözləri,uzun saqqalı, nur üzlü orta yaşlı bir kişi bizimlə köhnə tanışlar kimi salmlaşıb, mehribancasına evə dəvət edir.

Qəhrəmanın atası, birinci  Qarabağ savaşının qəhrəman döyüşçüsü , Qarabağ qazisi Məhəmmədəli Əliyev söhbətimizə körpü salır:

- Biz küçə qapısını  bağlamırıq. Sağ olsun millətimizi . Qəhrəmanının ailəsini  tək qoymurlar. Aylardır ki, hər gün evimiz adamla dolub-boşalır…

Məhəmmədəlinin dərin, mənalı, qəmli gözləri gözlərimə zillənir. Kirpiklərindən dənələnib süzülən yaş yanağını isladıb üzüaşağı sellənir. Araya lal bir sükut çökür. Həyətdə də sakitlik idi. Ağacalarda elə lal olub durduqları yerdə sanki donub qalmışdılar.Nə bir meh əsirdi, nə bir yarpaq tərpənirdi... İçimdən qəribə bir duyğu keçdi. Elə bil təbiət də gəlişmizi duyub qəhrəmanımızın şərəfinə sükuta dalıb  sayğı duruşu etmişdi. Məhəmmədəli kişi əlinin arxası ilə sellənən göz yaşının  silməyə çalışdı. Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, oğlum döyüşməyib  baş girrəsəydi, oğlum düşmən qabağından qaçsaydı, fərsiz övlad böyütdüyüm üçün ağlayardım, deyir. Mən özüm Qarabağ qazisiyəm. Haralarda döyüşməmişəm?! Şuşa… Laçın… Qubadlı, Göranboy, Tərtər istiqamətində  gedən qanlı döyüşlərdən çıxmışam. Onda ordumuzun təchizatı da zəif idi. Necə deyim, elə bil dayandoldurumla döyüşürdük. Amma kişi kimi döyüşürdük. Bizmlə erməni döyüşmürdü ki… erməni bizim əli silahsızımızdan qorxurdu. Biz onda rusun güclü təminatı, hər cür silahı, sursatı olan ordusu ilə döyüşürdük. Gülüstan istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, qazi olmuşm. Allah kişini, oğulu qeyrət qalası kimi dünyaya gətirib. Oğul düşmənə çəpər olmalıdır. Vətəninin qeyrətini çəkməlidir. Mən oğlanlarımın ikisini də belə böyütmüşəm. Belə tərbiyə etmişəm. İki oğlum var : Rüstəm, Kərim… Hər ikisi hərbiçidir. Mən gözəl bilirdim ki, oğlanlarım ofsiantlıq etmir, haradasa barda, restoranda işləmir… Yaxud boynu qalstuklu hansısa, yayda  kondisonerli, qışda isti otaqda oturub işləmirlər. Hərbiçinin öz həyatı olur. Qanı var, qadağası var… Ölümü var, əcəli var. Amma demişdim ki, üstümə cənazənizi gətirsələr, birinci çevirib kürəyinizə baxacam. Əgər arxadan yaralanmısınızsa, əgər güllə arxadan dəyibsə onda deyəcəm ki, mənim oğlum deyil… Çox şükür ki, üzümü qara etmədilər. İndi hamı Kərimdən danışır. Allah Kərimimi gördü,seçdi … onu şəhidliklə mükafatlandırdı. Mənim gedə bilmədiyim yolu Kərim getdi…

         Evdə  otaqların birində keçmişdə Kərimin yataq otağı olmuş bir otaqda Kərimin ev muzeyi yaradılıb. Burada Kərimə məxsus əşyalar, fotoşəkillər, əsgər forması, bir də uca boylu, gül üzlü Kərimin səliqə səhmanla düzəldilmiş cansız maketi var.  Gözəl işlənmiş  abidyə bənzər hərbi formada  bir abidəsi… Düşünürsən ki, bu dəqiqə dil açıb Kərim danışacaq… Maket o qədər canlı görünür ki, adam onun dil açıb danışmağına  inanmaq istəyir… Burada bizi Kərimin anası İlhamə xanım qarşılayır. Deyəsən, İlhamə xanım Kərim cənnətə gedən gündən bu otaqda , bu əyşalarla baş- başa qalıb daha çox tək olmaq, son beşiyi ilə dərdləşmək istəyir.İsrarimiza baxmayaraq, bizə çay gətirir… “Padnosa” baxıram çay sayımızdan  bir fincan çoxdur. Dərhal düşünürəm ki, ana bu çayı da Kərimi üçün gətirib. Ürəyimdən keçənləri Məhəmədəli qardaşımız  gözlərimdən, baxışlarımdan alır.

- Hər gün belədir. Hər çörək yeyəndə Kərimin də qabaları süfrəyə gəlir… Hər çay içiləndə…

-Hə qardaş,mən ömürümün sonuna kimi bu otaqda Kərimimlə baş-başa qalacam. Onun gül üzündən, səsindən doymadım. Heç gedəndə bağrıma basıb  qoxusunu ürəyimə, içimə doyunca  çəkmədim.Keşkə… ana təlimə gedirəm,tezliklə gələcəm, - dedi. Mən onun haqqında heç nə danışa bilmirəm. Hər yerdə gözüm Kərimimi gəzir. Elə bilirəm ki, indi qapı açılacaq, Kərim girəcək içəri…

Söhbəti atası davam etdirir:

Müharibəyə getdiyini bizə bildirmədi. Müharibədən bir gün öncə evə gəlmişdi. Vaxtaşırı gəlirdi. Burada, İsmayıllıda təlimdə idilər. Sonuncu dəfə  gələndə gecədən xeyli keçmişdi. Gördüm Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub həyətə tamaşa edir… Sonra gördüm ki, gecədən xeyli keçməsinə baxamayaraq yatdığı otağın işığı  sönməyib. Keçdim onun yanına gördüm yataqda uzanıb gözünü yuxarı zilləyib baxır. Nə isə fikirləşir. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk- bərk qucaqlayıb “veteran özünü qoru” dedi. Dedim sən də özünü qoru, sən əsgərsən…Ehtiyat əsgərin silahıdır… Sentyabrın 27-də müharıbə başlaması xəbərini eşitdim, başa düşüdüm ki, Kərimim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, “Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir , haqqını halal eylə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan  olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olub,üç rəngli bayrağa bükülüb gələcəm…”

Dedim sən ehtiyatlı ol. Haqqım halalın olsun. Evə gəldim, gördüm anası özündə deyil. Dedim nə olub, nə eşitmisən?

 Səhər təzəcə açılmışdı. Kərimdən zəng gəldi. Bu vaxtlar Kərim zəng etməzdi. Amma kefi kök, şən idi. Silah səsi gəlirdi. Dedim ki, Kərim haradasan? O nə səs küydür? Dedi ki, ana qorxma və məndən narahat olma. Qarabağdayam. Zəng etdim ki, səndən halalıq alam. Haqqını halal et. Əgər, şəhid olsam, məni ağlama. Mərd ol, möhkəm ol. Şəhid olsam bil ki,  qorxaq kimi deyil, qəhrəman kimi şəhid olmuşam. Mənimlə bütün həyatın boyu iftixar duyacaqsan. Dedim ki, Kərimim mən sizinlə həmişə iftixar duymuşam. Çalış ki, mənə bu acını yaşatmayasan…

Əziz oxucu sohbət qəhrəmanlıq dastanımızın yaradıcılarından, qısa ömrü bir dasatana sığmayan, xalqımızın qəhrəman oğlu Kərim Məhəmmədəli oğlu Əliyevdən gedir. Onun keçdiyi şərəfli yola gəlin birlikdə nəzər salaq.

Dosye: Əliyev Kərim Məhəmmədəli oğlu 31 avqust 1988-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olub. 2004 cü ildə Alpout kənd orta məktəbin birinci sinfinə gedən Kərim Əliyev 2015- ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. Elə həmin il də ali məktəbə daxil olmaq üçün keçid balını toplayan Kərim Əliyev sonrada təhsil almaq fikrindən daşınaraq,Vətənə qulluq etmək üçün hərbi xidmətə yollanıb.

2016- ilin oktyabr ayından Dövlət Sərhəd Xidmətində qulluq edən Kərim Əliyevi həmişə torpaqlarımızın ərazi bütövlüyü düşündürürür, içində bir qisas tonqalı alaovlanırdı. «Vətən sərhəddən başalanar» deyimini hər eşidənə də  gənc sərhədçinin ürəyindən sanki bir damar qırılırdı.Vətənin bir hissəsini düşmən tapdağı altında  olması ilə heç cür barışa bilmirdi. 2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətini  başa vurduqdan sonra Kərim hərbiçi olmaq arzusunu reallaşdırmağa çalışır. 2018- ci ildən Azərbaycan ordusu sıralarında Müddətdən Artıq Hərbi Qulluqçu kimi xidmətə qəbul olunub ön cəbhəyə gedir.Kərim Əliyev 2019-cu ildə XTQ-nin kursunu müvəffəqiyyətlə başa vuraraq kəşfiyyatçı gizir kimi xidmətini XTQ-nin sıralarında davam etdirir.

Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda  başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə  döyüşərək bir qəhrəmanlıq nümunəsi göstərib. Kərim Əliyev 19 oktyabr da Xocavənd-Qubadlı istiqamətində gedən ağır döyüşlər  zamanı qəhrəmancasına şəhid olub. 24 oktyabrda XTQ-nin Şəhid giziri kəşfiyyatçı Kərim Məhəmmədəli oğlu Əliyev böyük bir izdiham, el məhəbbəti ilə doğulub, böyüdüyü Alpout kənd qəbristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti  İlham Əliyevin Sərəncamı ilə  Kərim Əliyev ölümündən sonra «Vətən  uğrunda» və «Cəbrayılın azad olunmasına görə»medalları ilə təltif edilib.

Biz Qəhrəman döyüşçü XTQ-nin kəşfiyyatçısı, şəhid gizir Kərim Əliyevin keçdiyi qısa ömür yoluna xatirələr prizmasından baxmağa çalışdıq.

Natiq Cəfərov, sinif yoldaşı:

-Mənim üçün çoğ ağrılı, çox çətin bir məqamdır. Kərimin dostlarından , sinif yoldaşların onun haqqında danışmaq mənə qismət oluğu üçün qürurluyam. Kərimin dostu olduğum üçün xoşbəxtəm. Kərim bizdən ayrıldığı üçün çox üzgünəm. Ayrılıq həsrəti çox ağırdır, üzücüdür. Düşünmək belə mümkün deyil ki, Kərim həyatda yoxdur, bizim aramızda deyil. Biz bir də onu görməyəcək, şirin zarafatlarını dinləməyəcək, hər hansı bir işin planını qurmayacaq, toylara birlikdə getməyəcəyik. Mənim üçün bunlar dözülməz və inanılmazdır. Gözüm hər yerdə Kərimi gəzir. Kərimin xarakterizə edə bilmirəm. O yaxşı idi, bu yaxşı idi deyə bilmirəm. Bircə onu bilirəm ki, Kərim sevgi dolu, həyat dolu bir insan idi. Kərim olan yerdə həyat canlanırdı. Kərimsizliyi, bilirsiniz nəyə bənzədə bilərəm? Elə bilirəm ki, susuzluqdan təşnə gedib, dodağı çat-çat çatlayan, suyu qurumayan sərin bir bulağa tərəf gedirəm. O bulaq Kərimdir. Mən gedirəm o uzaqlaşır…Ona çata bilmirəm…Kərimlə bir yerdə olanda adamın qəlbinə sərinlik gəlirdi. Adam rahatlıq tapırdı. Kərim ac qalıb çörəyə həsrət qalmış biri üçün çörək idi. Kərim cibində pulu olmayan bir dost üçün üz tutulacaq ünvan idi. Kərim sirrini, sözünü, hətta namusunu etibar edə biləcəyin sədaqətli bir dost idi… Kərim dara düşsəydin gecənin istənilən vaxtı  qapısı döyüləcək bir kişi idi. Kərim dost yolunda, vətən yolunda canını fəda etməyi bacaran bir qəhrəman idi. Və Kərim bütün bunların cəmini özündə birləşdirən bir şəxsiyyət idi. Mən Kərimlə fəxr edirəm. Mən Kərim adı çəkiləndə qururlanıb başını dik tutan bir insanam. Kərim öz  qısa həyatı ilə insan necə olur, dost necə olur,əsgər necə olur və kişi,döyüşçü necə şəhid olur suallarına indiyə kimi ən mükəmməl cavab verən qəhrəmanlardan, vətən üçün doğulmuşlardan biri olduğu üçün dostumla qürur duyuram. Vətənin rəşadətli, qəhrəman oğlunun ruhu qarşısında baş əyirəm. Belə oğlanları  olan Vətən basılmaz. Belə oğul dünyaya gətirən valideyinlər ömrü boyu başlarını dik tutub qürurlanmağı haqq edən ən şərəfli insanlardır. Kərimin itkisi dözülməzdir. Hamımızı yandırır. Tüstümüz başımızdan çıxır. Başımızdan çıxan tüstü, ahımız dostumuza yetişirsə ,yəqin ki, Kərim qardaşım onun üçün axıtdığımız yaşları bu gün mütləq görür... Ruhun qarşısında sayğılar və səcdələr, əziz qardaşım.

Afət Kərimova, orta məktəb müəllimi:

- Mən Kərim haqqında düşünərkən ispan yazıçısı Migel de Servantesin belə bir deyimi yadıma düşdü: «Ruh bədəndən üstün olduğu kimi, müəllim də atadan anadan üstündür. Çünki ata bədəni, müəllim isə ruhu inkişaf etdirir». Mən bu gün Servantesin bu kəlamını başqa cür ifadə etmək istəyirəm, dünyada yeganə insan, peşə sahibi müəllimdir ki, öz övladından başqa dərs dediyi şagirdin uğuruna hamıdan çox sevinə, kədərinə hamıdan çox  üzülə bilir.  Bu gün iftixar hissi ilə, bir zamanlar qarşımda oturan, günəş gözlüm, nur üzlüm Kərim haqqında qürurla danışıram. Az qala bütün mötəbər məclislərdə, məktəbdə, sinifdə hər yerdə deyəm ki, mən də Kərimin müəllimiyəm. Mən ona nə isə öyrətmişəm demək istəmirəm. Bunun da özəl səbəbi var. Kərim kimilər öyrədilib qəhrəman olmurlar. Anadan qəhrəman doğulurlar. Kərim uşaqlıqdan, orta məktəb illərindən bir qəhrəman idi. Allah ona özündən böyük ürək, cəsarət, böyüklük, ən başlıcası da mərifət vermişdi. Kərimin döyüş yoldaşları, komandirləri, və ondan bizə yadigar qalan videogörüntüləri izlədikcə adamın ürəyi dağa dönür. İnsan ölümü öldürən bir qəhrəman olub. Kərim qəhrəmanlıq tariximizi  yaradalardanır… Kərim çox vətənpərvər, qeyrətçəkən oğul idi. Kərim bir dağ idi. Adamın arxasında dursaydı, dağa güvənmək kimi ona arxayın olmaq olardı. Bütün müəllimlər Kərim oxuduğu sinfə dərs deməyə həvəslə  tələsirdilər. O, olan yerdə, gülüş vardı, sevgi vardı, həyat vardı. Çox həyata bağlı bir qəhrəman idi. Təbii ki, müəllimlər şagirdlərinə müəllim olaraq nə isə öyrədir.Bilik verməyə ,elmin yollarına çığır salmağa çalışırlar. Hətta anladıqları qədər həyat yolunun necə olacağı, necə davranmağı, necə yaşamaq haqqında da nə isə öyrətməyə də  çalışırlar.Təbii ki, əgər müəllimin buna potensialı çatırsa… Amma mən bu gün Kərimə nə isə öyrətmişəm deyib, onunla qürurlanmaq niyyətindən çox uzağam. Mən bir müəllim olaraq Kərimdən nə öyrənmişəm haqqında danışmaq istəyirəm. Kərim öz qısa ömrü ilə bir məktəb yaratdı. Qəhrəmanlığı ilə çox möhtəşəm bir dərslik yazıb qoydu getdi. Kərim qəhrəmanlıq, cəsarət, ölümsüzlük, təmənnasızlıq, vətənsevərlik və vətən uğrunda candan keçmənin əsl simvolu ola bildi. Mən bu gün bütün bunları  Kərimdən, Vətən Müharibəsi qəhrəmanından öyrəndiklərimi sevə-sevə şagirdlərimə danışıram. Bu yolun yolçuları, bu həyatı yaşaya bilənlərin ölməz, əbədi yaşar olduğunu şagirdlərimə izah etməyə çalışıram. Kərim vətəni namusu bilən, dostlarını canından çox sevən bir qəhrəman idi. Allahıma şükürlər olsun ki, mənə də Kərimin müəllimi olmaq xoşbəxtliyini nəsib edib. Əziz şagirdim, biz gəldi gedərik. Həyatda nə qədər varıqsa , əgər, qədirbilən, sayğıdəyər şagirdlərimiz varsa, bəlkə də həyatda olduğumuz sürə kimlərsə bizi xatırlayar, zəhmətimizə qiymət verər… Səni isə əbədiyaşarsan….Yüksəklikdəsən…Tanrı dərgahındasan…Adın vətənlə qoşa çəkilir.Ruhunu göylərə çəkib bizləri seyr edirsən. Layiq olduğun yerdəsən. Allah məqamını uca etsin. Səninlə qürur duyuram.

Səbuhi Muradov, dostu:

-Kərimlə el şənliklərində, Alpout kəndində toylarda tanış olmuşduq. İlk tanışlıqdan adamla o qədər doğma, səmimi davranırdı ki,  onu illərin dostu kimi qəbul etməmək mümkün deyildi. Sərhədsiz, dəniz kimi dərin, geniş qəlbli və düşüncəli bir dost idi Kərim. Bizim çox böyük yaş fərqimiz var idi. Amma onun əxlaqı, yaşından qabağa getməsi, və dərin düşüncəsi hər şeyi aradan götürə bilirdi. Müdrikləşmiş, ahıl bir insan kimi hərəkət edirdi. Çox etibar ediləsi, arxa çevriləsi bir igid idi. Şux idi, zarafatçıl idi. Allah bu adamı sanki  insanlara nümunə  göstərmək üçün yaratmışdı. Müsiqini musiqiçidən yaxşı duyurdu. Muğamı çox gözəl dərk edirdi… Şeri poyeziyanı əla bilirdi. Hərtərəfli idi. Mən elə bir adam tanımıram ki, Kərimi tanıya, ona dostumdur deməyə. Kərim bir ailənin, bir evin itkisi deyil, vətənin itkisidir. Alpout kəndi Kərimlə çox şey itirdi.

Kərim hər cür ucalığa laiq, sözün həqiqi mənasında bəlkədə insan cildində bir mələk idi. Əgər məndən soruşsalar ki, əsl insan necə olur,necə olmalıdır? Çox qısa deyərəm ki, Kərim kimi. Bu ailə, qohum-əqraba ümumilkdə hamısı vətənpərvər, seçilən bir ailədir. Əksəri hərbçidir. Vətən sevdalısıdırlar. Allah özünə Kərimi seçdi,Kərimi götürdü. Allah məqamını uca etsin, əziz dostum.

Dayısı, ehtiyatda olan polkovnik Müşviq Səfərovun xatirələrindən:

-Bir hərbçi, Vətəninə qulluq etmiş bir insan kimi vətənimin, bu gözəl Azərbaycanımın Kərim kimi bir oğlu olduğu üçün bir dayı kimi, eyni zamanda  bir vətəndaş olaraq  onu yaxından tanıdığım üçün çox qürurluyam. Kərim kimi insanlar çox az doğulurlar. Belə insanların itkisi də çox ağır olur. Kərim təkcə mənim bacım oğlu deyil, bir ailəyə, bir kəndə mənsub qəhrəman deyil, bütövlükdə vətənin oğlu idi.Onun itkisi də hesab edirəm ki, vətənimin itkisidir. Ona görə də Vətən  başın sağ olsun, deyirəm. Bir ölüb min dirilərik, təki vətən sağ olsun.

Kərim haqqında danışarkən ilk öncə qeyd edim ki, Allah  onu Vətənin əsgəri olmaq üçün yaratmışdı. Onda əsl hərbçi xasiyyəti var idi. Möhkəm idi. Ağzıbərk idi. Vətənsevər idi… Ölümün gözünün içinə dik baxmağı bacaran idi. Dəqiq idi… Hərbçiyə xas olan bütün keyfiyyətlər onda cəmləşmişdi. Hərbi formanı geyən, hərbi qulluqçu olmaq istəyən gərək ölməyi gözə almağı bacarsın. Ölümü, qorxunu öldürə bilsin. Özündan qabaq hərbçinin,əsgərin gərəkdir ki,cəsarətli  doğulsun. Kərimdə bütün bu xüsusiyyətlər aşırı dərəcədə var idi. Hələ uşaqlıqdan hərbiçi olmaq arzusunda idi. Torpaqlarımızın işğalı ilə barışa bilmirdi. Ot kökü üstə bitər. Bu uşaqlar gözələrini açıb ailədə Qarabağ dərdi eşidib, Qarabağ savaşı haqqında söhbətlərə qulaq asıblar. Atası Məhəmmədəli birinci Qarabağ müharibəsi iştirakçısı, od alov, hər an ölüm görüb. Özü də ölümdən  möcüzə nəticəsində qurtarıb, sağ qalmış bir qəhrəmandır.Övladları dünyaya gəlib, ağılları söz kəsəndən ata evdə Qarabağdan, erməni faşizminin törətdiyi Xocalı qətliamından danışıb. Başaq cürə də ola bilməzdi. Məhəmmədəlinin  övladları mütləq hərbiçi, qisasçı bir qəhrəman olmalı idi …oldu da…

Kərim orta məktəbi bitirib, ali məktəbə qəbul olmaq üçün imtahan verib, keçid üçün kifayət qədər yüksək bal toplamışdı. Mənimlə söhbət edəndə sonrakı prosseslər, gələcək həyatı barədə danışırdı. Dedim ki, Kərim 4 il ali məktəb oxuyandan sonra inşallah əsgər gedərsən. Hərbi formanı əyninə geyinib, praktiki cəhətdən əsgər həyatını yaşayarsan. Ağır-yüngüllüyünü onda görəcəksən, biləcəksən, özün qiymətləndirərsən. Dedi ki, əsgər getmək istəyirəm. Hərbçi olmaq istəyirəm. Torpağı işğal altında olan kişi oturub 4 il gözləməz. Mən bu yolu seçirəm.

Dediyini də etdi. Sentyabrda oxumaq üçün   ali məktəbə deyil, 2016-oktyabrında hərbi xidmətə  getmək üçün səfərbərlik idarəsinə üz tutdu. Əsgərlikdə olanda da maraqlanırdım, çox ləyaqətli əsgər idi. Özünə hörmət etməyi bacaran əsgər idi. Valdeynlərinin üzünü ağardan, elinə - obasına yaraşan oğul idi, Kərim. Əsgərlikdən gələndən sonra heç bir ay istirahət etməyib seçdiyi yolun arxasınca getdi. Birdə gördüm ki, Kərim ön cəbhədə hərbi hissələrin birində  MAXE kimi qulluğa başlayıb. Bir qədər orada qulluq edəndən sonra Kərim dedi ki, «dayı mən XTQ-də qulluq etmək niyyətindəyəm». Orada qulluğun özəllikləri olduğunu, seçimdən keçməyin asan olmadığını Kərimə söylədim. Bilirdim ki, XTQ-də qulluq etmək üçün 100 nəfərdən beş nəfəri, üç nəfəri dözüb sona kimi qala bilmir… Söhbətimizin üstündən 6 ay keçmişdi ki, Kərim mənə zəng edib XTQ-nin kursunu bitirdiyini və xidmətə başladığını dedi. O gün mənim həyatımın ən xoş, ən gözəl sevincli günü idi. Əzizim, balalarımdan ayırmadığım Kərim 100 kişidə beşi idi. Kərimin boy- buxunu, çəkisi, fiziki hazırlığı  XTQ-də xidmət üçün yarayırdı. Amma onun dözümünü, dəyanətini bilmirdim. Bu xəbər mənim üçün çox qiymətli xəbər idi.

Kərim özünə diqqət verən hərbiçi idi. Çalışqan idi. Yorulmaq nə olduğun bilməzdi. Demək olar ki, bütün silah növlərindən peşəkarcasına istifadə etməyi bacarırdı. Təlimlərdən  əlavə mütaliə etməyi xoşlayardı.

2020-ci ilin sentyabrın 27-si tezdən saat 6-da Kərim mənə zəng vurmuşdu, sevinirdi. Elə bil müharibəyə yox , toya, istirahətə, hansısa gözəl bir əyləncəli yerə gedirdi. «Dayı, gözümüz aydın. Ali Baş Komandan torpaqlarımızın azad olunması haqqında əmir verib. Tezliklə əks hücuma keçəcəyik»-dedi. Müharibənin ilk günündən oktyabrın 17-nə kimi onunla  mütəmadi telefon əlaqələrimiz olub. Kərimin gözəl xasiyyəti vardı. Adama ruh,güc ,qüvvət verməyi bacarırdı . Xaraktercə çox nikbin idi. Adamı inandırmağı bacarırdı. Mən ona telefonda Qartal deyirdim. Hər zəng edəndə, «dayısının qartalı vəziyyət necədir?» , soruşurdum. Cavabı da belə idi: «Qartal qarğaları təmizləyir.Bizim vətənimizdə leş qarğası olmamalıdır. Qələbə bizimlədir, cənab polkovnik, ürəyin rahat olsun».

Biz bacı-qardaşların 9 oğlan uşağından 6-sı 2020-ci ildəki Vətən Müharibəsində müxtəlif istiqamətdə, müxtəlif qoşun növlərində düşmənlə vuruşurdular, müharibədə idilər. Amma Allah Kərimi seçdi. Allah Kərimin üzünə  əvvəldən nuru, işığı çox vermişdi. Uşaq işıq saçırdı. Sən demə Yaradan onu özü üçün yaradıbmış. Bu uca zirvə, bu əlçatmazlıq Kərimin qismətinə yazılıbmış. 19 oktyabrda düşmənlə qeyri - bərabər döyüşə yaralı vəziyyətdə qatılan Kərim Tanrının ən uca məqamı-şəhidlik zirvəsinə ucaldı. Kərim özünü bu gözəl Vətənə fəda etdi. Kərim qabağı görməyi bacaran, düşüncəli gənc idi. Bu dünyaya bir gün gələn, bir gün də gedəcək. Amma Kərim kimi oğullarımız əbədiyaşardılar, ölməzdilər. Nə qədər Azərbaycan var, nə qədər vətən var, o qədər də Kərimlər var. Ölməz, əbədiyaşar, Kərim balam ruhun qarşısında sayğı duruşu ilə durub sənə , vətənin ləyaqətli oğluna əsgəri salam verirəm.Salam olsun bu torpaqdan ötrü canını fəda edən  vətənin təmənnasız qəhrəman oğullarına. 

Mahir Məmmədov, döyüşçü yoldaşı:

-Mən 2001- ci ildən  2021-ci ilin fevralına kimi XTQ-də xidmət etmişəm. Çox təəssüf edərim ki, Əliyev Kərimi əvvəllər tanımamışam. Çox sonralar, 2019-cu ildən bir bölükdə xidmət etdiyim gündən tanımışam. Tanıdığım gündən də Kərimin mərd cəsur bir insan olduğunu hiss etmişəm və sonralar döyüşlər zamanaı hissimdə yanılmadığımın, Kərimin bir qəhrəman olduğunun canlı şahidi olmuşam. Kərimlə biz Füzuli rayonunun Qaraxanbəyli kəndində ilk gündən döyüşlərə qatılmışıq. Kərim olan yerdə, qorxu hissi nə olduğun hiss etməzdik. O, öz zarafatları, baməzə sözləri ilə  döyüş yoldaşlarına ruh  verməyi bacaran  bir savaşçı idi. Çox mehriban, gülər üz, şən tərbiyəli, böyüyün böyük yerin, kiçiyin kiçik yerin bilən adam idi. Mənə belə gəlir ki, Kərimdəki bu xüsusiyyətlər ona atası Məhəmmədəli əmidən keçmə xüsusiyyətlər idi. Atası da birinci Qarabağ savaşının qəhrəman döyüşçülərindən olub.Vətənin müdafiəsi uğrunda canını fəda edənlər sırasında döyüşüb. Bildiyimə görə çox mərd bir insandır. Bütün bu xüsusiyyətlər genetik olaraq Kərimə də var idi. Kərim kollektiv arasında, yoldaşlar arasında özünün qazandığı hörmət hesabına hamı onun yolunu saxlayırdı. Biz əvvəllər Kərimlə birlikdə təlimlərdə olmuşduq. Kərim özünü döyüşə hazır bir hərbiçi kimi təsdiq edib, göstərə bilmişdi. Ən böyük kompakt təlimlərimiz İsmayıllıda olmuşdu. Kərim bu təlimlərdə öz gücünü, potensialını açıb peşəkar bir hərbçi kimi özünü tam təsdiq edib döyüşə yollandı. Qaraxanbəylinin düşməndən azad olunmasında Kərimin müstəsna xidməti oldu. Düşmənin canlı qüvvəsinin əsir götürülməsində, döyüş texnikasının, silah-sursat anbarının qənimət kimi götürülməsində Kərimin müstəsna xidməti oldu.

Kərim elə bir insan idi ki, hətta yaralı vəziyyətdə belə geri çəkilmir,onu döyüşdən, yoldaşlarından aralamaq mümükün olmadı. Bütün müharibə müddətində, ta 19 oktyabra kimi Kərimin döyüş sücaətindən danışmaqla bitməz. Biz Kərimlə birlikdə Füzulidə, Cəbrayılda, Hadrutda qanlı döyüşlərdə olmuşuq. Xocavənd rayonunun Qubadlı istiqamətindəki,yüksəkliklərdə mən ağr yaralanmışam.Əvvəl məni öldü bilib «Morq»a qoyublar.Morqda bir nəfər mənim ölmədiyimi hiss edib, məni reanimasiyaya yerləşdiriblər. 23 oktyabrda hospitalda özümə gəlib gözümü açanda ilk soruşduğum adam Kərim oldu. Təəsssüf ki, dostumun Şəhid olma xəbərini eşitdim. Bu üzücü xəbərdən çox sarsıldım.

Kərim kimi oğullar, qəhrəmanlar ölmürlər.Dostlarının,döyüş yoldaşlarının,ürəyində əbədi məskən salırlar. Nə qədər ki, bu Vətən var, bu Vətəni yaşadan Kərim kimi qəhrəman oğullar o qədər də yaşayacaqlar.

Abbasov Ayar, döyüşçü yoldaşı:

-2019 cu ilin dekabr ayından XTQ-nin  giziri, şəhidimiz Əliyev Kərimlə eyni qurupda xidmətə başlamışam. 2020- ci ildə  sentyabrda başlanan Vətən Müharibəsindən öncə  Kərimlə birlikdə İsmayıllıda təlimlərdə olduq. Bu bizim Kərimlə birlikdə iştirak etdiyimiz ən böyük təlim idi. Doğrudur buna kimi də birkildə taktiki təlimlərdə iştirak etmişdik, amma bu maştabda təlim görməmişdik.

 2020- ci ilin sentyabrin 27-də döyüşün ilk günündə Füzulinin Qaraxanbəyli kəndində  ön xəttdə əks hücuma keçdik. Ermənilər bu istiqamətdə çox böyük hərbi texnika,canlı qüvvə ilə cəmləşmişdilər.Çox şiddətli ,ağır qanlı döyüşlər gedirdi.Bu döyüşdə bizim  qrup komandiri Kapıtan Şirinov Kamil şəhid oldu. Kamillə Kərim çox yaxın dost idilər. Kamilin şəhid olması Kərimə  həddindən artıq   pis təsir etmişdi.Kərim oradaca söz verdi ki, Kamilin qisası üçün son damla qanına kimi vuruşacaq. Biz orada 4 gün vuruşduq. Həmİn döyüşlərdə bir şəhidimiz 18 yaralımız oldu.

Qaraxanbəylidə mühasirə şəraitində döyüşürdük. Əmrə əsasən taktikanı dəyişdik. Bizə tapşırıq gəldi ki, geri çəkilib Cəbrayıl istiqamətdə döyüşə girək. Oktyabrın 2-də Lələtəbə istiqamətdən Cəbrayılın azad olunması uğrunda döyüşə qatıldıq. Ordumuz düşmənə sarsıdıcı zərbələr vururdu. Düşmən təlaş içində idi. Artıq oktyabrın 3-də demək olar ki, Cəbrayılın mərkəzi düşməndən azad edilmişdi. Üç gün orada qaldıqdan sonra yenidən Lələtəpə,  Arazboyu istiqamətdən torpaqları təmizləyib Hadruta kurs götürdük. Hadrutda çox qanlı döyüşlərimiz oldu. Hadrut iki dağın arasında yerləşir. Ermənilər yüksəklikdə, sağ-sol istiqamətdə mövqelənib, bütün silahlardan istifadə edib bizi atəş altında saxlayırdılar. Kəndə hücum etdik. Kəndə girmək olduqca çətin idi. Ermənilər kəndi vermək istəmirdilər. Amma biz istədiyimizə nail ola bildik. Kəndi azad etdik. Sağda, yüksəklikdə ermənilərin hava hücumundan müdafiə sistemi yerləşirdi,çox strateji ,hərbi cəhətdən əhəmiyyətli bir obyekt idi.Ermənilərin demək olar ki,yaxın ətrafda qalxan bütün helikopterləri,uçuş aparatları orada koordinasiya edilirdi. Biz 12 nəfərlik qrupla ermənilərin hava hücumundan müdafiə sisteminin yerləşdiyi istiqamətə doğru irəliləməyə başladıq. Bu döyüşdə Kərimlə bir erməni polkovniki çox yaxın məsafədə üzbəüz gəldilər. Kərim başqa bir şəhidimiz Eliyar Vəliyevlə birlikdə hərəkət edirdi. Bu an Kərimin qeyrı-adi hərəkətinin şahidi olduq. Erməni polkovniki Elyarla Kərimə doğru atəş açırdı. Kərim akrobatik bir hərəkətlə tullanıb yerə uzanıb cəld manevr etdi. Biz elə bildik ki, erməni polkovniki Kərimi vurdu. Kərim yerə düşən kimi uzanıqlı vəziyyətdə erməni polkovnikinə atəş açıb onu cəhənnəmlik etdi. Bu döyüşdə hərbi qənimət kimi  düşmənin  hava hücumundan müdafiə  sistemini, eləcədə  bir UAZ , bir Ural maşınını  ələ keçirib canlı qüvvə olaraq bir polkovnikini, bir kapitanını və 11  döyüşçüsünü məhv etdik.  Kərimin göstərdiyi bu qəhrəmanlıq dərhal komandanlığa məruzə olundu. Bütün bu döyüşlərdə Kərim gerçəkdən böyük fədakarlıqlar edir, misilsiz qəhrəmanlıqlar göstərirdi.

Bir məsələni də qeyd etməyi vacib bilirəm. Əslində, Kərim minaatan heyətində xidmət edirdi. Kamil şəhid olandan sonra biz Cəbrayıl istiqamətində  hücuma keçəndə Kərim şəhidlərin qisasını almaq məqsədilə  gəlib bizə qoşulub, ön cəbhədə vuruşurdu. Bu adam qisas hissi ilə alışıb yanırdı.

Hadrut istiqamətində döyüşərkən ağacın dibində bir erməni gizlənib bizə pusquda durmuşdu. Kərim onu görüb dərhal qumbaranı çəkib onun üstünə atıb  ermənini yerindəcə məhv etdi. Həmin ərazidə gizlənən başqa bir qaçan erməni silahlısını əvvəlcə yaraladı, sonra yaxın məsafədən vuraraq öldürdü. Hər erməni öldürəndə də deyirdi ki, Kamilin qisası aldım. Bu da filankəsin qısası…

Hadrutu azad etdikdən sonra biz yenidən Füzuli istiqamətində döyüşləri davam etdirməli olduq. Döyüşlər əsasən xarabalıqlar arasında gedirdi. Ermənilər üstümüzə helikopter qaldırdılar. Kərim PK-plemyotunu götürüb helkopterə ardıcıl və sərrast atəş açdı. Kərimin inadı və cəsarəti göstərdiyi fədakarlıq sayəsində erməni helikopteri məcbur olub istiqamətini dəyişdi.

Düşmən uçmuş evlərin arxasında mövqelənmişdi.  Kərimlə birlikdə manevr edib irəliləyərək birlikdə düşmənin arxasına keçib düşmənə hücum etdik. Burada da düşmənə gözləmədiyi yerdən ağır zərbələr vurduq. Kərimdə qorxu hissi deyilən bir şey yox idi. Elə qisas,qisas  deyirdi. Ölümə qalib gələn, ölümü öldürməyi bacaran, necə deyərlə gözü qanlı bir igid idi Kərim.

Birlikdə sonuncu döyüşümüz Xocavəndi, Qırmızıbazarı keçib Qubadlı istiqamətində gedən döyüşlərdə oldu.  Kərimlə birgə, çiyin- çiyinə döyüşürdük. Onun nəyə qadir olduğunun onda lap yaxından  şahidi olmuşam. Kərim gerçəkdən əfsanəvi bir qəhrəman idi. Xocəvəndə “720” deyilən bir yüksəklik var idi. Bizə oranı götürmək əmr olunmuşdu. 720-nin sağı və solu yüksəklilər idi. Buradan bütün istiqamətlərə dağ yolları gedirdi. Dağlıq-dərəlik  bir ərazi idi. Hər tərəf də yüksəklik idi. Bütün yüksəkliklərdə  də düşmən mövqelənmişdi .Biz 16 oktyabrdan orada müşahidə də idik. Bizim müşahidə də olduğumuz yer açıqlıq bir ərazi  idi.  Dağın ətəyi, şumlanmış əkin yerləri ,düzənlik idi. Düşmən bizim hərəkətimizi bütün tərəflərdən müşahidə edə bilirdi. Bizim müşahidə və kəşfiyyatın gətirdiyi məlumata əsasən dəqiqləşdirmişdik ki, orada düşmənin böyük bir ordusu cəmləşib. Haradasa  düşmənin  600 nəfərə yaxın canlı qüvvəsi cəmləşmişdi. Oktyabrın 17- də düşmən snayperlə məni və başqa bir yoldaşımızı yaraladı. Bizi təxliyyə etdilər. Bu mənim Kərimlə son görüşüm oldu. Oktyabrın 21-də mən hospitalda ayılanda Kərimin şəhid olma xəbərini eşitdim. Döyüş yoldaşlarım - Kərimin dastana sığmayan qəhrəmanlığından danışırdılar.

Qəhrəmanların son silahları, onların şərəfli ölümü olur. Kərim son silahından da məharətlə, qəhrəmancasına ,kişi kimi istifadə etməyi bacarır,özünü də 10 –dan çox erməni terrorçusunu da məhv edir.

Rüstəm Məsimov, döyüşçü yoldaşı.

-Kərim XTQ-nin tərkibində xitmət etməyə başladığı gündən onu tanıyıram. Cəsur,qəhrəman bir döyüşçü, gözəl dost, gözəl bir insan kimi də daima qəlbimdə yaşayacaq. Biz Kərimlə bir otaqda qalmışıq. Sözümüz, söhbətimiz, dərdimiz, sərimiz bir olub. Kərim kimdir sualına məndən qısaca cavab almaq istəsəniz, tək bir kəlmə ilə belə ifadə edərəm. Kərim əsl insan idi. Onda insana aid bütün gözəl xüsusiyyətlər cəmlənmişdi . Kərim necə hərbiçi idi söruşsanız, dəyərəm ki, hərb sənətini mükəmməl bilən, ürəkli bir kəşfiyatçı, hər şeyin yaxşısını edə bilən və etmək istəyən hərbçi idi. Soruşsanız Kərim necə döyüşçü idi. Deyərəm ki, Kərim canavar kimi döyüşçü idi. Cəld, düşmənin gözünün içinə baxmağı sevən ürəklə döyüşən, və lazım gəldiyi məqamda özünü fəda etməyi bacaran döyüşçü idi. Özünü fəda etdi də.  Kərimlə onun iştirak etdiyi  bütün döyüşlərin iştirakçısı olmuşam. Sonuncu birgə döyüşümüz Xocavənd- Qubadlı istiqamətində oldu. Xocəvənddə “720” deyilən yüksəklik var idi. Bizə o yüksəkliyi götürmək əmr olunmuşdu. Ermənilər yüksək dağ zirvəsində mövqe tutmuşdular. Biz 17 oktyabrda həmin əraziyə yaxınlaşıb müşühidəyə başladıq.  Düşmən sayca çox üstün idi. Biz XTQ-nin xüsusi kəşfiyyat bölüyünün mobil qrupu idik. Qrup halında irəliləyib dağətəyi zonada mövqelənmişdik. Burdan bütün istiqamətə yollar gedirdi. Dağlı- dərəli bir ərazi idi. Bizim qrup  dağın ətəyində, çılpaq bir ərazidə mövqelnmişdi. Belə deyək ki, müşahidə aparırdıq. Düşmənin burada çox böyük canlı qüvvəsi və texnikası  cəmlənmişdi. Hiss edirdik ki, düşmən də  bizi hər tərəfdən müşahidə edir. Oktyabrın 17- də ermənilər döyüş yoldaşımızdan ikisini snayperlə vuraraq ağır yaraladılar. Arabir minaatranlardan da atəş açırdılar… Oktyabrın 19- da, axşam saat 6-da düşmən sayımızı, qüvvəmizi dəqiqləşdirib sayca xeyli az olduğumuzu biləndən  sonra böyük bir qüvvə ilə üstümüzə hücuma keçdi. Göydən od ələnirdi. Barıt qoxusu, yaralıların səsi adamı dəhşətə gətirirdi. Biz bu döyüşdə ermənilərin böyük bir canlı qüvvəsin məhv edə bildik. Haradasa  ərazidə  200-ə yaxın erməni leşi qalmışdı. Bu döyüşdə Kərim qıçından ciddi yara almışdı. Onun qıçını rezinlə bağlayıb səngərdə qalması, təxliyəni gözləməsi, əsas hücum qrupundan çıxarılması əmr olundu. Kərim səngərdə qalmaq istəmirdi, kəskin surətdə etiraz edirdi. Hətta bildirdi ki, əgər, ona  döyüşməyə imkan verməsə özünü öz silahıyla  qətlə yetirəcək.

Kərim qisas hissi ilə odlanmışdı. Vəziyyəti Kərimə izah edib onun döyüş qabiliyyətində olmadığını anlatmağa çalışırdıq. Kərim özünü razılaşır kimi göstərdi. Hücumu davam etdirərək bir qədər də irəliləmişdik ki, Kərimin bizə gəlib çatdığının, yaralı aslan kimi döyüşdüyünün şahidi olduq. Kərimdən niyə belə etdiyini soruşduqda  «Sizi az qüvvə ilə buraxıb öz canımın hayına qala bilməzdim. Şəhid olacağıqsa hamımız birlikdə Şəhid olacağıq»- dedi. Ermənilər bizi irəli buraxıb, daha böyük qüvvə ilə bizi mühasirəyə salmağa çalışırlardılar.Kərim həm qolundan, həm digər qıçından da yaralanmışdı. Biz  geriyə hərəkət etməyə çalışırdıq. Bu, qorxub geri çəkilmək deyildi. Məqsəd erməniləri ardımızca düzənlik, şumluq olan əraziyə çıxarmaq idi. Kərim yaralı olduğu üçün, həm də bir qədər bizdən kənarda mövqeləndiyi üçün onu özümüzlə götürməyə imkan yox idi. Eyni zamanda  Kərim bütün hərəkətləri ilə düşməni öz üzərinə çəkməyə çalışırdı ki, biz ərazidən uzaqlaşa bilək. Bu arada Kərimin yaxın dostu, silah qardaşı Elyar Vəliyev geri dönüb Kərimi də özü ilə çıxarmaq istədi. Amma düşmən qumbaratanının mərmisi onun yanına düşüdü, Elyar Kərimə çata bilmədən şəhid oldu. Hiss olunurdu ki, Kərimin döyüş sursatı tükənir və o aram-aram atəş açırdı. Tam sakitlik olduqdan sonra 10-dan artıq erməni Kərimi əsr götürmək niyyəti ilə ona yaxınlaşmışdılar ki, Kərim qumbaranı partladaraq həm onları oldürdü, həm də özü şəhid oldu… Bu döyüşdə Kərimlə birlikdə bizim cəngavər döyüşçülərimiz, Elyar Vəliyev, Sübhan Cəbrayılov, Şəhriyar Quliyev, Tarzan Həşimov, Elton Qənbərli, Simair Qaflanov, Beyrək Fərzəliyev kimi qəhrəmancasına şəhd oldular. İki gündən sonra biz daha böyük qüvvə ilə əks-hücuma keçib həmin ərazini düşməndən azad etdik. Düşmən iki gün öncə şəhid olub, nəşləri səngərdə qalmış qardaşlarımızın üstünü yerini bilməyək deyə torpaqla örtmüşdü. Mən Vətən uğrunda canlarını fəda etmiş qəhrəman döyüşçülərin nəşinin yerini dəqiq bildiyim üçün öz əllərimlə torpağı qazıb nəşlərini  götürə bildim.

Onların Şəhid olmları,Vətən üçün, XTQ üçün,bütövlükdə Azərbaycan Ordusu Azərbaycan xalqı üçün çox ağır bir itki oldu.Torpağı vətən edən qəhramanlarımızın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.Nur içində rahat yatın,dəyərli Vətən oğulları.

Rüstəm Əliyev, qardaşı:

-Mən yaşca Kərimdən böyüyəm. Bu «Yaşca böyük» sözünü  də təsadüfən demədim. Amma əməlcə, məsləkcə böyük Kərimdir. Kərim Allahın yanında bərqərar olan, vətənin üzünü ağardan, tarix yazan qəhrəmanlarımızdandır. Kərimlər vətənin bütövlüyü üçün canlarını ortalığa qoymağı bacaran təmannasız insanlardır. Məncə bu insanlardan böyük kim isə ola bilməz. Bu ürəyi, əməli böyük insanların hesabına torpaq vətən olub bizə yadigar qalıb. Gərək biz də vətəni elə qoruyub gələcək nəsillərə bütöv  ötürə bilək ki, bizdən sonra gələnlər babaların əməanətinə xəyanət etmədiyimizi üçün, vətəni qoruya bildiyimiz üçün bizə ürəklə kişi dədələrimiz, babalarımız deyə bilsinlər.

Hərdən düşünürəm, mən böyük idim. Kaş ki mən şəhid olardım. Amma Allahın işinə əl aparmaq, qarışmaq heç doğru olmaz. Mən də əsgərəm, mən də Vətən Müharibəsi iştirakçısıyam, başqa qoşun növündə ön cəbhədə  döyüşçü olmuşam və bu gündə xidmət edirəm. Amma şəhidlik zirvəsinə Kərim ucaldı. Allah Kərimi öz yanında görmək istədi, cənnətlə müjdələdi. Gör Allaha nə qədər əziz, yaxın,gözəl əməl sahibimiş ki, mənim qardaşım, Allah şəhidliyi ona verdi…

Mən qardaşımla qürur duyuram…fəxr edirəm. Kərim sağlığında mənə qardaş olaraq başqa bir həzz yaşatmışdı, indi də vətəndən,döyüş yoldaşından, dostundan ötrü ölmək kimi qəhəmanlığı əyani göstərən bir insanın ,bir Qəhrəmanın qardaşı olmaq qürurunu yaşadır. Böyüklük budur. Ucalıq budur. Ölməzlik budur. Ruhuna salam olsun, mənim Qəhraman qardaşım.

Kərimin cansız abidəsi üzümüzə baxıb gülümsəyir. Elə düşünürəm ki,bu gülən gözlər,bu mənalı baxışlar,indi bizə nə isə deyəcək. Elə bəlkə ana dediyimiz vətən, onun necə təmənnasız sevmək, onun yolunda ölümə getməyin zövqündən danışacaq bizə. İnsan olanın bu dünyaya yalnız sərvət, mal, mülk toplamaq üçün gəlmədiyi haqqında danışacaq. Deyəcək ki, insan mal, mülk sarıdan kasıb olmur, insanı zəngin edən onun mənəviyyatı, nəfsinə hakim kəsilməyi bacarması, insanları olduğu kimi qəbul edib qiymətləndirmək  hissidir insanı insan edən.Yalnız özü üçün yaşayıb qoy mən salim olum düşüncəsi ilə ömür sürməyi kasıblıq olduğu haqqında öz fikirlərini deyəcək. Deyəcək ki,kişi kimi yaşamaq, vətənini ana , torpağını namus bilib ona sahib çıxmaq dünyanın ən zəngin mənəviyyatlı kişilərinin işidir. Amma Kərimin cansız abidəsi  susurdu.

Kərim öz əməli, qəhrəmanlığı ilə bir məktəb yaratdı, bu yolu getmək istəyənlər, şərəfi ilə yaşayıb şərəfi ilə ömürünü başa vurmaq istəyənlər üçün «Kərim dərsi» adlı bir əsər qoyub getdi. Kərimin otağında oturub heç kimlə danışmayan, sanki bu dünyadan küsən yaxud da Kərimin şəkillərinin, cansız əşyalarının, və Kərim boyda hazırlanmış o maketin dil açıb danıacağın hamıdan çox İlhamə ana inanır. İnanır ki, Kərim onun bulaq kimi qaynayan göz yaşlarını siləcək, onun səsinə səs verəcək? İlhamə ana mən Kərim haqqında danşa bilmirəm, dilim söz tutmur deyir. Bircə onu deyə bilərəm ki, qoy Kərim bilsin ki,anası onunla həmişə fəxr edib,indi də daha çox fəxr edirəm,deyə bilir.

Vətənə Kərim kimi qəhrəman vermiş İlhamə ana indi Bütöv Azərbaycan sizin vətənə bağışladığınız Kərimlə fəxr edir. Nə qədər ki, Azərbaycan var, nə qədər ki yüksələn üç rəngli Azərbaycan Bayrağı var, bir o qədər də Kərim var. Kərim danışmasa da onun qəhrəmanlıq dastanı haqqında illər uzunu danışılacaq.

Elşən Qəni