22 iyun 2021 15:48
956

Çində internet dələduzları ötən il insanlara 5,5 milyard dollar zərər vurublar

Çində 2020-ci ildə internet dələduzlarının qanunsuz fəaliyyətindən dəyən zərər 35,37 milyard yuan (5,5 milyard dollara yaxın) təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Ali Xalq Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyasının üçüncü məhkəmə heyətinin sədr müavini Li Juyi jurnalistlər üçün təşkil olunan xüsusi brifinqdə deyib.

“İnternet şəbəkəsində xüsusilə iri məbləğdə dələduzluq fəaliyyətləri tez-tez qeydə alınır ki, bu da çox sayda insana maddi ziyan vurur. Ötən il bütün ölkə üzrə internet dələduzluğunun vurduğu zərər 35,37 milyard yuan həcmində qiymətləndirilib”, - deyə o bildirib.

“Hazırda internet dələduzluğu ilə bağlı qanun pozuntuları əvvəlki kimi yüksək səviyyədə olaraq qalır. Ölkənin böyük və orta şəhərlərində belə qanun pozuntuları ümumi cinayətlərin 50 faizini təşkil edir”, - deyə Çin Ali Xalq Məhkəməsinin sədri əlavə edib.

Onun sözlərinə görə, internet dələduzluğuna dair məhkəmə proseslərinin geniş rezonans doğurduğu nəzərə alınaraq, cinayətkar qruplaşmaların təşkilatçılarına və rəhbərlərinə, habelə təkrar cinayət törədənlərə “sərt cəza tədbirləri” tətbiq olunacaq.