23 iyun 2021 01:58
1062

Ürəklərdə əbədi yaşam haqqı qazanan Lider

1993-cü ilin 24 iyununda Milli Məclisin fövqəladə iclasında qəbul olunan qərara əsasən dövlət başçısının səlahiyyətlərinin həvalə olunduğu parlamentin Sədri Heydər Əliyev Prezident kimi xilaskarlıq missiyasını daha geniş coğrafiyada davam etdirdi

Hər bir xalqın tarixində yaddaşlarda əbədi yaşayan günləri, gələcəyini müəyyənləşdirən sınaq anları olub. Əsas odur ki, dövlətin varlığını, xalqın taleyini müəyyən edəcək bu imtahan xalqın istəyinə uyğun nəticələnsin. Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olan və hər zaman məsuliyyətli dövr kimi dəyərləndirilən 1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür. Həmin dövrdə respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi –ictimai mənəvi böhran daha da dərinləşmiş, son həddə çatmışdı. « Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çıxmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdır» sözləri ilə ölkədəki vəziyyətin dözülməzliyindən narahat olduğunu bildirən ulu öndər Heydər Əliyev xalqın müraciətini bütünlükdə Azərbaycanın varlığının qorunması kimi dəyərləndirərək xilaskarlıq missiyasına razılıq verdi.

Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaradan 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam respublikamızı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq təşviş içərisində idi. O dövrdə hakimiyyəti tankların gücü ilə zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız iqtidarlığından cana doyan, çıxılmaz vəziyyətdə olan xalq xilaskar kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, müdrik siyasətçi Heydər Əliyevə müraciət edərək Azərbaycanı gözləyən bəlalardan xilas etməyi xahiş etdi. Müstəqillik tariximizə «91-lər» adı ilə daxil olan ölkə ziyalılarının Ulu Öndərə müraciəti xilaskar Heydər Əliyevin Bakıya qayıtması üçün çağırış oldu. 9 İyunda xüsusi təyyarə ilə Bakıya qayıdan, Gəncədə baş verən hadisələri yerində öyrənən Ulu Öndər Milli Məclisdə əsl vəziyyət barədə məlumat verdi. 15 iyunda keçirilən Milli Məclisin fövqəladə iclasında parlamentin Sədri seçilən ulu öndər Heydər Əliyev deputatlar qarşısında çıxış edərək ona göstərilən etimad üçün minnətdarlığını bildirdi: « Bu sahədə mən nə lazımsa edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm.»

Ulu öndər Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı həqiqi sahiblərinə, milləti özünə qaytardı, xalqda milli təfəkkürü formalaşdırdı. 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu! Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Ölkədə sabitliyin bərqərar olması naminə gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəyin müəmmalı şəkildə, heç kimə məlumat vermədən 18 iyunda Bakını tərk edərək doğma kəndi Kələkiyə getməsi respublikada vəziyyəti daha da ağırlaşdırdı. Yaranmış gərgin vəziyyətlə bağlı respublika televiziyası ilə xalqa birbaşa müraciət edən Ulu Öndər Prezidentin bütün səlahiyyətlərini və məsuliyyətlərini öz üzərinə götürmək məcburiyyətində qaldığını bildirdi və hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə aparılan müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin iyunun 24-də keçirilən fövqəladə iclasında « Azərbaycan Respublikası Prezidenti Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası prezidenti vəzifəsini daha icra edə bilməməsi və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçməsi haqqında» qərar yekdilliklə qəbul olundu. Beləliklə, həmin tarixdən etibarən ölkənin dövlət başçısının səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu. Ulu Öndər Azərbaycanı gözləyən fəlakətlərdən xilas etmək üçün xalqı arxasınca apardı, müstəqilliyimizin əbədiliyi naminə Naxçıvandan başladığı tarixi missiyasını davam etdirdi. Bu etimad artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Respublikada mövcud gərgin siyasi vəziyyəti daha da ağırlaşdırmağa çalışan qüvvələrə xidmət edən xəyanətkar «polkovnik» Əlikram Hümbətovun Cənub bölgəsində «Talış-Muğan Respublikası yaratması» xəyanətinin qarşısı da Ulu Öndərin müdrikliyi sayəsində alındı. Həmin bölgədən olan deputatlarla , ziyalılarla , ağsaqqallarla görüşüb vəziyyəti müzakirə edən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı növbəti dəfə parçalanmaqdan xilas etdi. Milli Məclisdə qəbul olunan «Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında”» qərarı ilə «Talış-Muğan Respublikası»” avantürasına siyasi qiymət verilərək bu bədnam iddiaya son qoyuldu. 1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC – Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi.

Dövlətçiliyimizin möhkəmlənməsi xalqın mənafeyinin qorunması naminə biri-birindən əhəmiyyətli qərarlara imza atan Heydər Əliyev Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC –Müsavat hakimiyyətinin yol verdiyi kobud səhvlər tezliklə aradan qaldırıldı. Azərbaycanın gələcək inkişaf yolunu müdrikcəsinə müəyyənləşdirən, siyasi və dövlətçilik təcrübəsi müasirlərinə, özündən sonrakı nəsillərə nümunə göstərilən ulu öndər Heydər Əliyevin əsas tələbi siyasətdə və iqtisadiyyatda sərbəstlik, insan azadlığı, insan haqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması idi.
«Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qisas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qisasçılıq hissiyyatı yoxdur» söyləyən Ulu Öndər bütün ölkə vətəndaşlarını nizam-intizama, milli birliyə çağırdı. Respublikanı iqtisadi böhrandan çıxarmaq üçün ölkədə mövcud olan təbii sərvətlərdən xalqın maraqları naminə istifadəni ən səmərəli çıxış yolu hesab edən təcrübəli dövlət xadimi Heydər Əliyev xalqın etimadını doğrultdu. AXC-Müsavat iqtidarında təmsil olunan səbatsızların xəyanətləri üzündən Ermənistan tərəfindən torpaqları işğal olunan Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün yorulmadan çalışan, fədakarlıq göstərən, özünün də qeyd etdiyi kimi canından artıq sevdiyi ölkəsinin gələcəyi üçün bütün qüvvəsini sərf edən ulu öndər Heydər Əliyev müstəqilliyimizin əbədiliyi naminə tarixi missiyasının coğrafiyasını genişləndirdi. Ölkədəki ictimai-siyasi prosesləri dünyada baş verən dəyişikliklərə uyğunlaşdırdı. «Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu , Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı bir qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz» söyləyən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin aparıcı qüvvəsi, dayağı xalq idi. Milyonların Ümummilli Liderinə inamı , etimadı, hörməti isə bitib-tükənməz idi. Buna görə də 1993-cü il 3 oktyabrda keçirilən prezident seçkilərində bütün azərbaycanlıların yeganə namizədi, türk dünyasının öndərlərindən olan Heydər Əliyev 98,8 faiz səs toplayaraq yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü il 10 oktyabrda Prezident kimi and içən Heydər Əliyevin « Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm» sözləri həyatda real həllini tapdı. Belə çətin dövrdə üzərinə götürdüyü vəzifənin məsuliyyətini dərk edən, bütün həyatını bu etimadı doğruldacağına söz verən xilaskar vədlərinə sadiq qaldı.

İlk gündən ölkəni iqtisadi böhrandan çıxarmağın yollarını müəyyənləşdirən Ulu Öndər respublikada sakitlik və sabitlik yaratdı. Təbii sərvətlərdən xalqın mənafeyi naminə istifadəni doğru seçim hesab edən Ulu Öndərin hazırladığı neft strategiyası, onun nüfuzu sayəsində imzalanan «Əsrin müqaviləsi» Azərbaycanın dünya birliyində təmsilçiliyinin ilk və davamlı addımı oldu. Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarımızın işğaldan azad olunmasını əsas vəzifəsi hesab edən Ulu Öndər xarici ölkələrə səfərləri, beynəlxalq təşkilatlardakı çıxışları ilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. Müstəqil Azərbaycanın müdafiə qüdrətinin güclənməsi üçün ordu quruculuğu ilə bağlı əsaslı islahatlar apardı. Müxtəlif siyasi partiyalara xidmət edən könüllü silahlı dəstələri ləğv etməklə mütəşəkkil, nizam- intizamlı Silahlı Qüvvələrimizi formalaşdırdı. Hüquqi, demokratik dövlət quruculuğu istiqamətindəki ənənəni davam etdirən və bunu tarixi keçmişimizə sadiqlik adlandıran Ulu Öndər bildirirdi ki, dünya sivilizasiyasına qoşulmaq, cəmiyyətdə insan hüquqlarını qorumaq, vicdan azadlığı və plüralizmə sadiqlik çoxmillətli Azərbaycan dövlətinin əsas vəzifələrindəndir. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində milli adət- ənənələrin qorunması, təbliğatı istiqamətində mühüm islahatlar aparan, mədəniyyətin, təhsilin inkişafına qayğı göstərən, gənclərin qüvvəsindən səmərəli istifadə edən Ulu Öndər müstəqillik illərində xalqda azərbaycançılıq ideologiyasının, milli təfəkkürün formalaşmasına xüsusi diqqətlə yanaşdı. Bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlığa xarici siyasətimizin əsas amilləri kimi diqqət yetirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada səsi, sözü eşidilən, böyük hörmət və nüfuz qazanan respublika kimi tanınır. «Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla, demokratik prinsiplər əsasında gedəcəkdir» söyləyən Ulu Öndərin yolunu layiqincə davam etdirən, Ümummilli Liderin « Ermənistan silahlı qüvvələrinin beş ildən bəri davam edən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir qismi- təxminən 20 faizi işğalçıların əlinə keçibdir. Keçmiş Dağlıq Qarabağ vilayəti tamamilə işğal olunub, Azərbaycan xalqı üçün əziz və mötəbər olan Şuşa şəhəri artıq il yarımdır ki, əlimizdən gedibdir. Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarımız da erməni silahlı qüvvələri tərəfindən işğal olunubdur» nigarançılığına İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri, «Xarı bülbül» festivalı, Hərbi Qənimətlər Parkı ilə son qoyan Prezident, Ali Baş Komandan İlham Əliyevin « 44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir… 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi» sözləri sələfinin etimadını doğrultmaq qətiyyəti, ata vəsiyyətinə sadiqlik, «Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır» sözlərinin əbədiyyət rəmzidir.

Xuraman İsmayılqızı, «İki sahil»