22 iyun 2021 22:15
1075

“Görünməz ölüm” - mina təhlükəsi hələ də qalmaqdadır

Ədalət Verdiyev: Piyada əleyhinə minalar daha təhlükəlidir.  Buna görə də belə minaların istehsalı və quraşdırılması  bütün beynəlxalq konvensiyalarla qadağan edilib

İkinci Qarabağ savaşı başa çatsa, torpaqlarımız erməni işğalından azad olunsa da, erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail də olurlar. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat verib. Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etmir. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəvi ölümü ilə nəticələnir.

Mövzu ilə bağlı “İki sahil”in suallarını hərbi ekspert Ədalət Verdiyev cavablandırdı.

Müsahibimiz iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi barədə danışarkən bildirdi ki, ilk növbədə bu ərazilərin xəritələrlə yoxlanılması, real minalanmış ərazilərin xəritələrlə uyğunluğu haqqında rəy verilməlidir: “Düşünürəm ki, rəyin verilməsi üçün 7-10 gün kifayət edəcək. Sonrakı addımlarımız digər rayonların da xəritələrinin əldə olunması istiqamətində olmalıdır. Artıq Ermənistanda seçkilər başa çatıb. Yaxın gələcəkdə bu istiqamətdə fəaliyyət daha da sürətləndirilməlidir”.

İyunun 4-də Kəlbəcər rayonunda mina partlaması zamanı 3 nəfər, o cümlədən iki həmkarımız həlak oldu, 4 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Hadisə barədə bir neçə versiya səsləndirildi. Ədalət Verdiyev hesab edir ki, Kəlbəcər rayonu ərazisində peşə fəaliyyətlərini yerinə yetirərkən minaya düşən Sirac Abışov, Məhərrəm İbrahimov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması faktının səbəbləri hər kəsə aydındır: “Onlar minaya düşüblər. Bu minalar isə Ermənistan tərəfindən qoyulub. Burada müzakirə və mübahisə mövzusu ola biləcək məqam minaların həmin əraziyə nə zaman yerləşdirilməsi ilə bağlıdır. İlkin yayılan foto və video görüntüdən məlum olurdu ki, həmin yolda ağaran ləkələr mövcuddur. Bu məqam ilk baxışdan minanın ən azı bir neçə saat və ya iki gün əvvəl düzüldüyünü ehtimal etməyə əsas verirdi. Xatırlayırsınızsa, bizim jurnalistlərin minaya düşməsindən bir qədər əvvəl Ermənistanın 6 nəfər kəşfiyyat diversiya qrupu Kəlbəcər istiqamətində mina basdırarkən iş başında saxlanılmışdılar. Sonuncu hadisənin həmin kəşfiyyat diversiya qrupunun saxlanılmasına cavab olaraq Ermənistan tərəfindən atıla biləcəyini ehtimal etmişdim. Lakin sonradan həmin hadisə iştirakçıları ilə görüşdüm və məlum oldu ki, həmin ərazidə olan yol tamamilə belə ağaran ləkələrdən ibarətdir. Yəni yol, asfalt qatı olmadığına görə,  məhz belə bir struktura malikdir. O zaman mənim səsləndirdiyim ilkin versiyanın doğruluq ehtimalı çox aşağı düşür. Bu barədə rəsmi qurumların və mütəxəssislərin verdiyi açıqlamalardan belə məlum oldu ki, həmin minalar Kəlbəcər rayonu ərazisini tərk edən ermənilər tərəfindən verilən əlavə zaman müddətdə quraşdırılıb.

Hərbi mütəxəssis Ə.Verdiyev basdırılan minaların yararlılıq müddəti barədə danışarkən söylədi ki, basdırılan minaların modelləri kimi onların yararlılıq müddətləri də fərqlidir: “Məsələn, dəmir korpusa malik minalar zaman baxımından bir qədər aşınmaya, paslanmaya, erroziyaya məruz qalsa da plastik korpusa malik minalar bu erroziyaya məruz qalmır və onların yararlılıq müddəti daha uzundur. Amma paslanmaya məruz qalan minaların detanasiya verməyəcəyi və ya partlamayacağı barədə də heç kim zəmanət verə bilməz. Odur ki, belə biz belə faktorları əsas gətirərək mina təhlükəsini gözardı edə bilmərik. Bunun yalnız mütəxəssislərin müdaxiləsi ilə zərərsizləşdirilməsi mümkündür.  Əgər tankəleyhinə minalarda  sürpriz quraşdırılmayıbsa və ətrafda əlavə tələlər yoxdursa onların mühəndis istehkamçılar tərəfindən zərərsizləşdirilməsi daha rahatdır. Lakin piyada əleyhinə minalar daha təhlükəlidir.  Buna görə də belə minaların istehsalı və quraşdırılması  bütün beynəlxalq konvensiyalarla qadağan edilib”.

Ekspert onu da qeyd etdi ki, işğaldan azad olunmuş torpaqlarda insanların özlərini mövcud təhlükədən qorumağın yalnız bir yolu var: “Qadağan olunmuş ərazilərə icazəsiz daxil olmağa cəhd edilməməli, ərazilərə səyahət etdikdə mütləq təhlükəsizlik qaydalarına riayət edilməlidir. ANAMA-nın və digər dövlət strukturlarının təklif etdiyi marşrutlardan istifadə edilməlidir. Minalanmış ərazilərin sərhədlərini göstərən nişanlara əməl olunmalıdır. İnsanlar girişi məhdudlaşdıran ərazilərə qətiyyən daxil olmamalıdırlar. Ola bilsin ki, həmin ərazidə minanın olması ehtimalı çox azdır. Lakin təcrübə göstərir ki, hətta soyuducuların içində belə, sürpriz tələlərə rast gələ bilərik”. 

Ekspert minaların zərərsizləşdirilməsi prosesinə Ermənistanın qoşulması ilə bağlı bildirdi ki, bu, arzuolunandır: “İndiyə qədər baş verən proseslər Ermənistanın bu məsələdə maraqlı olmadığını göstərirdi. Lakin Ağdamın mina xəritələrinin verilməsi Ermənistanın da bu məsələlərdə konstruktiv addımlar ata biləcəyini az da olsa ehtimal etməyə əsas verir. Amma reallıqda nə olacaq, onu zaman göstərəcək”.   

Günel Eyyubova, “İki sahil”