23 iyun 2021 00:26
1203

Füzuli və Cəbrayıl rayonlarının Baş planları hazırlanır - Nazir

“BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri əlamətdar hadisədir, Qələbəmizdən sonra bu ali strukturun yüksək səviyyəli nümayəndəsinin tarixi səfəridir”.

“İki sahil” xəbər verir ki, bu sözləri Füzuli rayonunda səfərdə olan mədəniyyət naziri Anar Kərimov bildirib.

O, qeyd edib ki, Migel Angel Moratinos artıq Füzulidə bir neçə yerdə olub və erməni vandallığını görüb: “BMT-nin Ali nümayəndəsi torpaqlarımızın, irsimizin hansı vəziyyətdə olduğunu gördü. İbadətgahlar, məscidlər dağıdılıb və ya vandalizmə məruz qalıb. BMT-nin Sivilizasiyalar Alyansının əsas məqsədlərindən biri bu abidələrin mühafizəsi, insanların dua edə biləcəyi bu yerlərə qayıtmasının təmin edilməsidir”.

Mədəniyyət Nazirliyinin Füzuli rayonu ilə bağlı gələcək planları haqqında danışarkən Anar Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli və Cəbrayıl rayonlarının Baş planları hazırlanır.

“Biz Füzulinin bərpası prosesinin necə həyata keçiriləcəyi mövzusunda müvafiq strukturların rəhbərləri ilə müzakirələr aparacağıq. Prezident dağıdılmış hər bir rayonda işğal və qələbə muzeylərinin tikilməsi ilə bağlı tapşırıq verib. Bu günlərdə Ağdamda ölkə başçısının iştirakı ilə muzeyin təməlqoyma mərasimi keçirilib. Füzuli rayonunda da bu cür muzeylərin yaradılması planlaşdırılır”, – nazir əlavə edib.