24 iyun 2021 14:36
643

MEDİA və ADA Universitetinin seminarları davam edir

İyunun 14-dən başlayan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə "Mediada islahatlara doğru" mövzusunda silsilə seminarları davam edir.

“İki sahil” xəbər verir ki, birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Təşkil edilən seminarlarda Al Jazeera English-də baş müxbir vəzifəsində çalışan Resul Serdar Ataş da iştirak edib. Azərbaycanda ilk dəfə olan baş müxbir yerli media nümayədələri ilə öz təcrübəsini bölüşüb: “Biz burada Azərbaycan media nümayəndələri ilə söhbət edirik, mən onlara Al Jazeera English-in təcrübəsini bölüşürəm, öncəliklərimizin nə olduğunu, redaksiyamızda gedən iş prosesini danışıram, eyni zamanada sizdən də öyrənirəm”.

Həmçinin Qarabağa səfər etdiyini bildirən R.S.Ataş bildirib ki, oradakı ailələlərlə həmsöhbət olub, hekayələrini dinləyib: “Qarabağ bölgəsində Ağdam və Füzulidə olmuşam. Orada insanlarla həmsöhbət olub, onların hekayələrini dinləyib, reportajlar hazırlamışam. Onlardan biri minaya düşərək həlak olan ailə haqqında, biri hazırda Qarabağda gedən yenidənqurma prosesi ilə bağlı, digəri isə Qarabağda Azərbaycan xalqına məxsus mədəni irsin qorunması ilə bağlıdır”.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsi iştirak edir. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparırlar.