06 iyul 2021 15:11
1327

Aralıq dənizinin incisi- Barselona/FOTO

Barselona yalnız İspaniyanın deyil, Aralıq dənizinin də ən vacib şəhərlərindən biridir. Mədəniyyət və iqtisadiyyatdan başqa, turizm baxımından da lider şəhərlərdən biri olan Barselona ​​zəngin tarixi, canlı həyatı və şəhər memarlığı ilə ziyarətçilərini valeh etməyi bacarır. Kataloniya Muxtar Vilayətinin mərkəzi olan Barselona ​​futbol komandası ilə də hər zaman diqqət çəkir. “Aralıq dənizinin incisi” olan həm qotik irsinə, həm də qaudi kimi müasir memarların əsərlərinə ev sahibliyi edən Barselona ​​pandemiya səbəbindən köhnə izdihamlı günlərindən çox uzaqda olsa da, turistlərin xəyallarını bəzəməyə davam edir.

“İki sahil” İspaniyanın istiliyini əks etdirən bu sehrli şəhər haqqında məlumatları oxucularına təqdim edir.

Barselona ​​illər boyu İber yarımadasının Aralıq dənizi sahilində ən əhəmiyyətli limanlarından biri olmağı bacarıb. İndi Kataloniya Muxtar Vilayətinin paytaxtı olan Barselona, ​​həmçinin keçmişdə eyni adlı krallığın inzibati mərkəzi olub. 21-ci əsrdə memarlığı, həyat tərzi, muzeyləri və əyləncəli həyatı ilə diqqəti cəlb edən şəhər ​​Aralıq dənizinin ən vacib turizm yerlərindən biridir. Planlı şəhərsalması ilə diqqət çəkən şəhər ​​bu xüsusiyyətini 19-cu əsrdə baş verən fəlakətlərdən qazandığı təcrübəyə borcludur. Tarixdə yaşadığı çoxsaylı yanğınlardan və təbii fəlakətlərdən sonra Barselona planlı şəhərsalma ilə indiki vəziyyətini qazanıb. Burada əsasən küçələr bir-biri ilə kəsişir.

Barok, art noveau, modern kimi bir çox memarlığa aid binaların olduğu Barselona küçələri də turistləri cəlb edir. Siesta mədəniyyəti ilə əlaqəli olan bu yerdə gündüz saatlarında həyat bir az da olsa dayanır.

Müqəddəs Ailə kilsəsi, Park Quel, Kasa Mila, Kasa Battlo, La Rambla, Barri Qotik, Parc del Labirnt d'Horta, Montjuik, Katalan Musiqi Sarayı, Pikasso Muzeyi, Tibidabo və əlbəttə “Kamp Nou” stadionu şəhərə gələnlərin mütləq görməsi olduğu simvolik yerlərdir.

Barselona və Kataloniya üçün bir futbol komandasından da artıq olan “Barselona” FC yerli sakinlərin həvəslə bağlı olduğu bir klubdur. 29 noyabr 1899-cu ildə Joan Qamper tərəfindən qurulan “Barselona” futbol klubu bu gün şəhərin ən məşhur markalarından biridir. Uzun illər futbolda dünyanın aparıcı komandalarından biri olan İspaniya nəhəngi, ​​oyunlarını “Kamp Nou” stadionunda keçirir. Barselonalılar uzun illərdir ki, klubun milli komanda statusunda olmasını istəyirlər. Son günlərdə bu fikir daha da yüksəlməyə başlayıb.

Barselona ticarət, sənaye və mədəniyyət şəhəri olduğu qədər, eyni zamanda bir turizm şəhəridir. Kataloniyanın ürəyi olan Barselonada hər büdcəyə uyğun yaşayış yeri tapmaq mümkündür. Şəhərdə sahil boyu luks otellərlə yanaşı, əsasən gənclərin üstünlük verdiyi hostellərdə də qalmaq olar.

İndi də Barselonanın mütləq görüləsi yerləri ilə daha yaxından tanış olaq:

İlk dayanacağımız Plaza de Espanadır. Sevilyadakı eyniadlı meydan kimi bu yer də şəhərin göz bəbəyi sayılır. Montjuik təpəsinin yanında yerləşən bu meydan simmetrik tikilisi və geniş sahəsi ilə diqqət çəkir.

 Barselonanı Antoni Qaudisiz təsəvvür etmək olmaz. Şəhərin demək olar ki, hər yerində məşhur memara aid əsərlərə rast gəlmək mümkündür.

Bunlardan biri də, Müqəddəs Ailə kilsəsidir. Barselonanın simvolu olan bu kilsənin inşası 1883-cü ildən bəri davam edir. Şəhərdə Qaudiyə aid bir çox qədim tikililər də var.

Barselonanın tarixi yeri olan Qotik məhəlləsi və ya yerli adı ilə Barri Qotik orta əsrlərə aid dar küçələri ilə məşhurdur. Bu məhəllədə gəzərkən özünüzü qədim zamanlara aid hiss edisiz.

 Şəhərin tarixi simasını əks etdirən bu yer, Barselonanın keçmişi haqqında fikir sahibi olmaq istəyənlər üçün də ideal yerdir. Başqa yerlərdən  biri də Park Queldir. Barselonanın zəngin ailələrindən biri olan Quel tərəfindən 20-ci əsrin əvvəllərində inşa edilən bu park və evlər rəngli dünyaya açılan bir qapı kimidir.

Tibidado Təpəsində yerləşən Templo Expiatorio del Saqrado Corazon de Jesus və ya İsanın ürəyinə həsr olunmuş müqəddəs ziyarətgah Barselonanın ən möhtəşəm tikililərindən biridir. Şəhərə hakim mövqedə olan bu kilsənin üstündə İsanın heykəli var. 1962-ci ildən ibadətə açılan kilsə həm də turistlərin diqqət mərkəzindədir.

Daha əvvəl də qeyd etdiyimiz kimi, Barselona küçələri bir-birinə paralel olduğundan planlı quruluşa sahibdir. Tarix boyu şəhərə təsir edən yanğın və müxtəlif təbii fəlakətlər nəticəsində demək olar ki, məhv olan şəhər ​​20-ci əsrin əvvəllərindən bəri planlı bir inkişaf göstərərək geniş küçələr və möhtəşəm daş tikililərlə təchiz edilib.

Barselona çimərlikləri xüsusilə yayda şəhərə gələn turistlərin tez-tez getdiyi yerlərdən biridir. Bura yay boyunca rəngarəng tədbirlərə ev sahibliyi etmək baxımından da turistlərin diqqətini çəkməyi bacarır.

Vüsal Cahanov, “İki sahil”