12 iyul 2021 10:09
1032

İqtisadi rayonların yeni bölgüsü Azərbaycanın qüdrətinin və gələcəyə baxışının ifadəsidir

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalaması bir çox cəhətdən olduqca mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, burada tarixi, siyasi-strateji və iqtisadi məsələlər diqqəti cəlb edir. 

Yeni təsnifat tarixi və siyasi cəhətdən böyük əhəmiyyət daşıyır

İlk növbədə qeyd edilməlidir ki,  14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yer alması müstəsna tarixi önəm daşıyır. Öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan tarixi ədalətin bərpasına nail olmağa davam edir. Bəllidir ki, 100 il əvvəl – 1921-ci ildə Rusiya Kommunist Bolşeviklər Partiyasının Mərkəzi Komitəsinin Qafqaz Bürosunun plenumunun iclas-protokolunda “Dağlıq Qarabağ” söz birləşməsi əks olunmuşdu. Aparılmış süni bölgü əsasında 1923-cü il iyulun 7-də isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bu, tarixi və hüquqi nöqteyi-nəzərdən qəbuledilməz idi. Prezident İlham Əliyevin bəhs olunan Fərmanı əsasında Qarabağ iqtisadi rayonunun yaradılması ilə bu ədalətsizlik aradan qaldırıldı. “Dağlıq Qarabağ” ifadəsinin üstündən xətt çəkildi. Eyni zamanda, Xankəndinin, Xocalının Qarabağ iqtisadi rayonuna daxil edilməsi 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanmış Azərbaycanın ərazi bütövlüyünün qətiyyətli ifadəsi və suverenliyinin göstəricisidir. Bununla yanaşı, Şərqi Zəngəzur tarixi adının bərpa edilməsi Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin iradəsinin nümayişidir.

Regionların və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında yeni mərhələ

Dövlət başçısının sözügedən Fərmanına uyğun olaraq aparılan yeni bölgü, eyni zamanda, ciddi iqtisadi faydalar vəd edir. Sirr deyil ki,  2004-cü ildən etibarən Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və müvafiq tapşırıqları ilə qəbul edilən, icrası uğurla təmin olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının səmərəli nəticələri göz önündədir. Bu proqramların uğurlu icrası nəticəsində əhalinin məşğulluq səviyyəsi, iqtisadiyyatın rəqabətqabiliyyətliliyi artıb, insanların rifahı daha da yaxşılaşıb, müxtəlif sahələrdə inkişaf dinamikası sürətlənib. Əldə olunmuş nailiyyətlər gələcək inkişaf üçün də mühüm sosial-iqtisadi baza yaradıb.

Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoyub. Burada işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq xüsusi yer tutur. Artıq bu prosesə başlanıb, əsas infrastruktur layihələrinə start verilib.

Heç şübhəsiz, yeni bölgü və vahid proqram əsasında görüləcək işlər azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsinə imkan verəcək. Bu da bütövlükdə həm regionların sosial-iqtisadi tərəqqisinin yeni mərhələsinin başlanmasına, həm də Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan olacaq.

Beləliklə, iqtisadi rayonların yeni bölgüsü Azərbaycanın qüdrətinin və gələcəyə baxışının ifadəsidir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri