12 iyul 2021 23:15
1189

Heydər Əliyev Sumqayıtda – 20 il əvvəl...

14 iyul 1969-cu il – Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəldiyi böyük tarixi gün!

Bu, Ulu Öndərin kimyaçılar şəhərinə 15-ci işgüzar səfəri idi

Yayın qızmar bir günü idi – 2001-ci ilin 7 iyulu. Bütün sumqayıtlılar həmin günü böyük maraqla, səbirsizliklə gözləyirdilər. Şəhərdə hamı qabaqcadan bilirdi ki, yaxın günlərdə ölkə rəhbəri Heydər Əliyev Sumqayıta gələcək, Etilen-polietilen zavodunda yeni inşa edilmiş nəhəng, unikal bir enerji qurğusunun – Yaponiyadan iki il əvvəl alınaraq gətirilmiş Buxar-generator kompleksinin açılışında iştirak edəcək.

...Neçə vaxt idi ki, şəhərdə ölkə rəhbərinin gəlişi münasibətilə geniş hazırlıq işləri görülürdü. Kimyaçılarla yanaşı, Sumqayıtın digər sakinləri də dahi rəhbəri salamlamaq, onu yaxından görmək arzusu ilə həmin gün tədbirin başlanmasından hələ xeyli əvvəl zavoda tərəf axışırdı.

O vaxt mən cəmi bir həftə idi ki, çalışdığım “Bakinets” qəzetindən “Azərikimya” Dövlət Şirkətinə mətbuat xidmətinin rəhbəri vəzifəsinə işə dəvət olunmuşdum. Həmin gün bizi o tədbirə aparan avtobusda hamının üzündə sevinc və fərəh, respublika başçısı ilə görüşə böyük bir maraq duyulurdu. Baxmayaraq ki, əvvəllər də Heydər Əliyev, demək olar ki, hər iki ildən bir Sumqayıta gəlirdi, şəhər sakinlərində onu bu doğma şəhərdə yenidən görmək həvəsi yenə də güclü idi. Və o gün hamı, xüsusilə də gənclər dahi rəhbəri, xalqımızın böyük, müdrik xilaskarını görməyə tələsirdilər. Lakin əvvəlcədən nəzərdə tutulduğu kimi, avtobus bizi ancaq şəhərin İstilik-elektrik stansiyasının yanına kimi apardı. Orda avtobusdan düşərək, piyada  getməli idik. Hava isə çox isti idi – temperatur 42 dərəcədən də çox olardı. Günəşin yandırıcı şüalarına dözmək asan olmasa da, sumqayıtlılar, o cümlədən “Azərikimya”nın idarə-aparat işçiləri deyə-gülə, əllərində ölkə başçısını salamlayan plakatlar və gül dəstələri ilə yollarına davam etməkdə idilər.

Bir vaxtlar Heydər Əliyevin bilavasitə təşəbbüsü və iradəsi sayəsində keşmiş Çexoslovakiyadan alınıb Etilen-polietilen zavodunda quraşdırılaraq fəaliyyət göstərən EP-300 kompleksinin yaxınlığında “Azərikimya”nın tarixində ilk dəfə olaraq inşa edilmiş müstəqil Buxar-generator qurğusunun buraxılışına o gün yalnız kimyaçılar deyil, həm də kimya sənayesi ilə heç bir əlaqəsi olmayan şəhər sakinləri də sevinirdilər. Və buna hər birinin öz haqqı, öz səbəbi vardı. Kimyaçıların sevincinə səbəb bütün “Azərikimya” müəssisələrinin bundan sonra tam fasiləsiz və etibarlı  olaraq həm elektrik, həm də istilik enerjisi ilə təmin olunacağı idisə, şəhər sakinlərinin fərəhi isə əvvəllər kimya müəssisələrini fasiləsiz enerji ilə təmin etmək naminə şəhərin hər iki istilik-elektrik stansiyasından (İES) mənzillərə verilən elektrik enerjisinin yanacaq qıtlığı üzündən baş verən kəsilmələrinə son qoyulacağı ümidi ilə bağlı idi.

Yeni kompleksin inşası hansı zərurətdən yarandı?

Məsələ onda idi ki, fəaliyyətdə olan hər iki Sumqayıt İstilik-Elektrik Stansiyası (İES) uzun illərin istismarı nəticəsində həm fiziki, həm də mənəvi baxımdan xeyli köhnələrək, sıradan çıxmaqda idi. Son zamanlar vahid elektrik və istilik enerjisi istehsalına sərf olunan yanacaq sərfi isə (əsasən mazut) normadan xeyli artıq idi. Bu isə həm İES-lərin özlərinin, həm da kimya müəssisələrinin məhsul istehsalının maya dəyərinin artmasına, onların ziyanla işləməsinə səbəb olurdu. İES-lərdə yanacaq kimi istifadə olunan mazutun təminatında olan ara-sıra problemlər üzündən kimya müəssisələrinə verilən elektrik enerjisinin tez-tez kəsilmələri kimyəvi məhsulların keyfiyyətinə də mənfi təsir edir, texnoloji rejimin pozulması nəticəsində çıxdaş, zay məhsulun həcmi artırdı. Keyfiyyətə mənfi təsir edən amillərdən biri isə İES-lərdən kimya zavodlarına nəql edilən istilik enerjisi borularının çox yerdə qəzalı, çürümüş-deşilmiş vəziyyətdə olması, buxar sızmalarının çox olması idi ki, bunun da nəticəsində texnoloji prosesə verilən istiliyin dərəcəsi nəzərdə tutulduğundan xeyli aşağı olurdu. Bu isə təmiz məhsul çıxımına həm keyfiyyətcə, həm də kəmiyyətcə mənfi təsir göstərirdi.

Müəssisələrə İES-lər tərəfindən daha çox diqqət yetirildikdə isə şəhərin ayrı-ayrı mikrorayon və məhəllələrini qış mövsümündə elektrik enerjisi ilə növbə üzrə təmin etmək lazım gəldiyindən sosial təyinatlı müəssisələr - uşaq baxçaları, xəstəxanalar, təhsil müəssisələri bəzən işıqsız qalır, əhali arasında haqlı narazılıqlar yaranırdı.

Daim öz xalqının qayğıları ilə yaşayan, bütün səyi ilə onun problemlərinin həllinə çalışan Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin çətinliklərinə, ölkənin ağır iqtisadi vəziyyətinə baxmayaraq, sumqayıtlıların, o cümlədən kimyaçıların problemlərinə biganə qala bilməzdi. Ancaq vəziyyətdən necə çıxmaq olardı? Mövcud olan, lakin dövrün tələblərinə cavab verməyən, mənəvi cəhətdən köhnəlmiş İES-ləri əsaslı təmir etməkmi, yoxsa yeni enerji mənbəyi axtarıb-tapmaq, onun inşasına başlamaqmı? Təbii ki, hər zaman yenilik, mütərəqqi texnologiya tərəfdarı olan müdrik rəhbər birinci yox, ikinci variantı seçəcəkdi. Ancaq o dövrdə ölkənin iqtisadi vəziyyəti o dərəcədə ağır idi ki, bu variantların ən ucuz başa gələnini belə maliyyələşdirməyə respublikanın real imkanı yox idi. O zaman bu sahə üçün investor tapmaq da müşkül məsələ idi. Belə bir vaxtda Heydər Əliyev müdrikliyi bir daha özünü göstərdi. Elm və texnologiyaların son nailiyyətləri əsasında yaradılan, müasir və daha effektli mobil enerji kompleksi almağa qərar verən ölkə başçısı bu məqsədlə çox düzgün olaraq üzünü Qərbə - Avropa ölkələrinə deyil, qoca Şərqin yüksək texnologiyalar vətəni olan Yaponiyaya tutdu. Və bu səbəbsiz deyildi...

Yaponiya Şərq dünyasının müdrik oğlunu böyük maraq və təntənə ilə qarşıladı 

Hələ respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə Heydər Əliyev özünün təşəbbüsü ilə Bakıda Kondisioner Zavodunun, Sumqayıtda isə Kompressorlar zavodunun əksər avadanlığının Yaponiyadan alınmasına nail olmuşdu və o vaxtdan etibarən onun Gündoğar ölkənin rəhbərliyi, nüfuzlu şirkət rəhbərləri ilə işgüzar, səmimi münasibətləri vardı. Və dahi rəhbər əmin idi ki, Yaponiya Azərbaycana yüksək texnologiya əsasında hazırlanmış müasir bir enerji kompleksinin kreditlə verilməsinə razı olacaqdır. Belə də olur. 23 fevral 1998-ci ildə müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dövlət başçısı kimi Tokioya yola düşən Ulu Öndər orada beş gün ərzində Yaponiyanın o vaxtkı İmperatoru əlahəzrət Akixito və Baş nazir R.Haşimoto ilə, həmçinin  ölkənin bir-çox şirkətlərinin, o cümlədən bütün dünyada məşhur olan “Niçimen Korporeyşn” və “Çiyodo Korporeyşn” şirkətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirərək, “Azərikimya” üçün Buxar-generator kompleksinin hazırlanaraq Azərbaycana göndərilməsi üçün razılıq əldə edərək, müvafiq dövlətlərarası sazişin imzalanmasına nail olur.  Heydər Əliyev Tokioda olarkən respublikamızın digər sahələrinin inkişafı üçün də gərgin və səmərəli danışıqlar aparır. Təsadüfi deyildi ki, Yaponiyanın Baş naziri ölkəmizin rəhbəri ilə görüşündə təəccübünü gizlətməyərək demişdi: ”Cənab Prezident Heydər Əliyev, Yaponiyaya birçox dövlət başçıları səfərə gəlirlər. Lakin Sizin bu rəsmi səfərinizə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən belə dərin maraq Yaponiyada nadir hallardan biridir. Məndə Sizin kerçirdiyiniz görüşlərin siyahısı vardır. Belə gərgin işiniz məndə heyrət doğurur”. Bu, dünyanın ən qabaqcıl, yüksək inkişaf etmiş bir ölkəsinin başçısının Azərbaycan rəhbərinin cəmi beş günlük görüşləri, onun gərgin, yorulmaz fəaliyyəti haqqında söylədiyi fikirlərdir. Və bir azərbaycanlı kimi dahi rəhbərimizin fəaliyyətinin bu cür qiymətləndirilməsinə necə sevinməyəsən, qürur hissi keçirməyəsən?!.

Xalqımızın görkəmli oğlunun Yaponiyaya səfərinin nəticəsi olaraq ilk dəfə xaricdən dövlət zəmanəti, əslində Heydər Əliyev şəxsiyyətinin zəmanəti ilə hazırlanmış unikal enerji kompleksi artıq bir ildən sonra -  1999-cu ilin əvvəllərində Sumqayıta gətirilmişdi. Qurğunun martın 24-də keçirilən təməlqoyma mərasimində iştirak edən Heydər Əliyev tədbirdə sevinc və qürur hissi ilə enerji kompleksinin müstəqil Azərbaycanın tarixində xaricdən alınan ilk texniki qurğu olduğunu qeyd edərək, demişdi: “Bizim məqsədimiz sənaye müəssisələrini müasir tələblərə, bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqdan və bunlara yeni həyat verməkdən ibarətdir”. Və ölkə rəhbəri kimyaçılara və yapon mütəxəssislərinə yeni qurğunun inşasını sürətlə, həm də keyfiyyətlə apararaq, işi uğurla başa çatdırmağı arzulayır. Ölkə rəhbərinin bu tövsiyəsini mühüm tapşırıq kimi qəbul edən kimyaçılar yapon mütəxəssislərlə birgə gecə-gündüz çalışaraq, kompleksin tikintisinin sürətlə aparılmasına nail olurdular.  Artıq 2001-ci ilin iyulun ilk günlərində yeni enerji kompleksi bütünlüklə istismara hazır oldu. İyulun 7-də isə müdrik, uzaqgörən rəhbərimiz öz təşəbbüsünün bəhrəsi olan unikal Buxar-generator qurğusunun təntənəli açılışında iştirak etmək, sevincini kimyaçılarla bölüşmək üçün onların dəvəti ilə Sumqayıta növbəti – 15-ci səfərini etdi.

Heydər Əliyevin kimyaçılara son töhfəsi

...O gün zavoda yalnız tədbirə dəvət edilən şəhər təşkilatlarının nümayəndələri və kimyaçılar xüsusi vəsiqə ilə buraxılırdılar. Biz yeni işə salınacaq Buxar-generator kompleksinin ərazisinə çatanda havanın xeyli qızmar olmasına baxmayaraq, tədbirə toplaşanlar o qədər çox idi ki, iynə atsaydın, yerə düşməzdi.  Birazdan Prezidentin maşını yeni qurğuya tərəf irəliləyərək dayandı. Elə həmin andaca gurultulu alqışlar qopdu. Heydər Əliyev maşından düşərək hamını gülərüzlə salamladı. Alqış sədaları səngimək bilmirdi. Ölkə başçısı qurğunun hazırlanmasını təmin etmiş “Niçimen Korporeyşn” və “Çiyoda Korporeyşn” şirkətlərinin rəhbərləri ilə görüşərək, yeni avtonom enerji kompleksinin mərhələlərlə inşasını, onun ayrı-ayrı şöbə və bloklarını və s. əks etdirən foto-ekspozisiyalar önündən keçərək, oradakı şəkillərə, o cümlədən özünün iştirakı ilə iki il əvvəl keçirilmiş təməlqoyma mərasimindən olan fotolara diqqətlə, maraqla baxdı.  Foto-ekspozisiyalar önündən keçərkən ölkə başçısı onu salamlayanlara, ürək sözlərini eşitdirənlərə xoş təbəssümlə təşəkkürünü bildirir, ona tərəf uzanmış əlləri mehribanlıqla, səmimiyətlə sıxıb, ehtiramını göstərirdi.

Heydər Əliyev ilk öncə “Azərikimya” və Yaponiya şirkətlərinin rəhbərlərinin müşayiəti və hər zaman xüsusi diqqət yetirdiyi ölkə mətbuatı nümayəndələrinin iştirakı ilə həqiqətən unikal və nəhəng olan enerji qurğusunun əsas korpusu və şöbələrində quraşdırılmış müasir avadanlıqlar və onların işi ilə yaxından tanış oldu.

Qurğu ilə tanışlıqdan sonra minlərlə tədbir iştirakçıları qarşısında çıxış edən Ulu Öndər kimyaçıları yeni enerji kompleksinin istifadəyə veilməsi münasibətilə ürəkdən təbrik edərək dedi: “Bu gün biz gözəl bir qurğunun açılşının şahidiyik, onun iştirakçısıyıq. Mən çox xoşbəxtəm ki,  bu proseslərin həyata keçirilməsinin təşəbbüskarı, iştirakçısı olmuşam və bu işə rəhbərlik etmişəm. Mən nə qədər xoşbəxtəm, nə qədər böyük məmnuniyyət hissi keçirirəm ki, cəmisi iki il bundan öncə təməlini qoyduğumuz belə nəhəng bir kompleks artıq hazırdır, işə düşür. Mən bu qurğunun tikilməsində, başa çatdırılmasında zəhmət çəkmiş adamların hamısına təşəkkür edirəm. Biz Sumqayıt şəhərinin sənaye müəssisələrinə, başqa sahələrinə də çox ciddi fikir veririk, onların müasir səviyyəyə qalxması üçün bir çox tədbirlər görürük. Əmin ola bilərsiniz ki, qısa bir zamanda biz bunlara da nail olacağıq və Sumqayıt şəhəri Azərbaycan üçün nümunə olacaq, burada adamlar xoşbəxt və firavan yaşayacaqlar”.

Sonra Ulu Öndər müstəqil Azərbaycanın həyatında əlamətdar olan bu hadisə - Buxar-generator kompleksinin açılışı münasibətilə kimyaçıları təbrik edərək “Bu qurğuya, ümumiyyətlə, Azərbaycanın kimya sənayesinə yeni-yeni uğurlar arzulayıram!”, - dedi və mərasim iştirakçılarının gurultulu alqışları altında açılış lentini kəsərək, yeni enerji kompleksinin işə salınma düyməsini basdı. Ətrafa sevinc doğuran bir uğultu və alqış sədaları yayıldı. Bu böyük, təntənəli açılş  mərasimi münasibətilə “Niçimen Korporeyşn” şirkətinin prezidenti Akira Vatari xalqımızın dahi oğlu, Ulu öndər Heydər Əliyevə böyük bir ehtiramla Azərbaycan-Yaponiya dostluğunun nişanəsi kimi xüsusi olaraq hazırlanmış gözəl bir samuray qılıncı bağışladı. Ümummilli Lider qılıncı təbəssümlə, məmnuniyyətlə qəbul edib qınından çıxardaraq toplaşanların alqışları altında onu Koroğlu, Babək nəslinin davamçısı kimi güç-qüvvət rəmzi olaraq qürurla başı üzərinə qaldırdı.

***

Həmin əlamətdar, tarixi gündən sonra mən kompüter dizayneri olan oğlum Azərlə birgə gecəli-gündüzlü işləyərək, düz bir ay sonra – avqustun 7-də Heydər Əliyevin Yaponiya səfəri və onun kimyaçılara olan son töhfəsi – Buxar-generator kompleksi ilə bağlı 248 səhifəlik rəngli bir kitab hazırladıq. Onun ilk, printer üsulu ilə çap olunan nüsxəsi 12 sentyabr 2001-ci ildə Prezident Aparatında şəxsən dahi rəhbərin özünə təqdim edildi. Kitabı diqqətlə vərəqləyib, onu bəyənən dahi şəxsiyyət elə həmin gün “Azərikimya” müəssisələrinə verilən benzinin qiymətində xeyli güzəşt edilməsi barədə qərar verdi.

...Mən bu gün böyük qürur hissi keçirirəm ki, həmin tarixi günün bilavasitə iştirakçısı olmuşam və dahi rəhbərimizin kimyaçılara olan son töhfəsi ilə bağlı “H.Əliyev dühasının bəhrəsi – Azərbaycan-Yaponiya dostluğu” kitabını hazırla-mışam.

Ruhun şad olsun, Vətənimizin dahi, unudulmaz xilaskar oğlu!

Rəhman Orxan,

Əməkdar jurnalist