28 iyul 2021 03:35
1029

Qatarlar depoya niyə gedir? ÖZƏL REPORTAJ /FOTO/VİDEO

Bakı Metropoliteninin elektrik deposunda bir gün

Gündəlik həyatımızda mənzil başına tez çatmaq, tıxaclardan xilas olmaq üçün hər birimiz sərnişin sayına və sürət imkanlarına görə metronu seçirik.  Bu baxımdan da  uzun illərdir ki, metro əziz bakılıların və şəhərimizin qonaqlarının ən arzuolunan və sevimli ictimai nəqliyyat seçimidir.

Metrodan istifadə edən sərnişinlərin hər biri yəqin ki, “qatar “Bakmil” stansiyasına gedir”, “Qatar depoya gedir” kimi cümlələri eşidib. Bu sözləri eşidən kimi isə sərnişinlər tələşlanaraq vaqonları tərk etmək üçün tələsirlər.

Maraqlıdır ki, qatar depoya nə üçün gedir? Depo necə yerdir? Niyə hər kəsdən depoya gedən qatarları tərk etmələri  xahiş olunur?

Sözügedən mövzu ilə bağlı bu və digər suallara cavab tapmaq üçün “Bakmil” stansiyasının yaxınlığında yerləşən “Nərimanov” elektrik deposunda  vaqonların əsaslı təmir sexinə üz tutduq.  Aşağıda oxucularımızı depoların fəaliyyəti ilə tanış edirik:

Əvvəlcədən onu qeyd edək ki, texniki təlimata əsasən xətdə istifadədə olan qatarlar müəyyən məsafə qət etdikdən sonra mütləq baxış üçün depoya getməlidir. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı bizi daha ətraflı bilgiləndirdi: “Metropoliten sistemində belə bir qayda var ki, xətdə olan qatarlar 2 xüsusi halda elektrik deposuna getməlidir. Bunlardan biri qatarların texniki baxış xidməti üçün mütləq şəkildə gün ərzində elektrik deposuna daxil olmasıdır. Yəni avtomobildən və digər nəqliyyat vasitələrindən fərqli olaraq metro qatarları normativlərə uyğun olaraq qət etdiyi məsafəyə görə xətdə qalma müddəti var. Həmin məsafəni qət edən qatar hökmən xətti tərk edərək elektrik deposuna texniki baxış üçün daxil olmalıdır. İkinci hal isə ondan ibarətdir ki, qatarlarda nasazlıq yarana bilər. Nasazlıq ehtimalı olduqda da və ya maşinistin tələbinə uyğun olaraq, yaxud hər hansı depo şəraitində baxış tələb edən hal yarandıqda mütləq qatar müvafiq yoxlama və təmir işlərinin görülməsi üçün elektrik deposuna verilir.

Gün ərzində qatar neçə dəfə depoya gedir?

Metropoliten sözçüsü qeyd etdi ki, qatarların hər gün səhər xəttə başlama qrafiki var: “Belə ki, həmin qrafikə uyğun olaraq qatarlar xəttə çıxır. Gündə 40-46 qatar xətdə olur. Ümumilikdə isə hazırda metropolitenin sərnişinə xidmət göstərən 56 qatarı var. Bu qatarlar məhz həmin qrafikə uyğun olaraq xətdə çıxdığı üçün  və qət etdiyi məsafədən asılı olaraq gün ərzində onların əvvəlcədən planlaşdırılmış qaydada depoya qayıdış cədvəli olur. Qeyd etdiyim kimi, nasazlıq halları üçün də metropolitendə hökmən ehtiyat qatarlar nəzərdə tutulur. Həmin qatar xətdən çıxarsa, eyni zamanda, ehtiyat qatar xəttə daxil olur.”

Depoya gedəcək qatar niyə “Bakmil” stansiyasından keçməlidir?

B.Məmmədov vurğuladı ki, Bakı Metropoliteninin bir xüsusiyyəti də ondan ibarətdir ki, metro xəttinin deposu ortada yerləşir: “Adətən metropoliten prinsiplərində depolar xəttin sonuncu dayanacağından sonra olurlar. Burada isə gələcəkdə yaşıl xəttimiz dairəvi olacaq və onun öz deposu fəaliyyət göstərəcək. Hazırda iki xəttimiz “28 May” stansiyasında birləşir və kəsişir. Üzü Həzi Aslanov istiqamətinə doğru artıq birxətli hərəkət edir. Bu səbəbdən hazırda bir depomuz var və o da xəttin ortasında yerləşir. “Nərimanov” stansiyasında sərnişinlərimiz gün ərzində bir neçə dəfə eşidirlər ki, “Bakmil” stansiyasına doğru gedən qatarlar mütləq şəkildə elektrik deposuna daxil olurlar. Ümumiyyətlə, yerüstü “Bakmil” stansiyasının yaranma tarixçəsində də məhz bu amilin özünəməxsus rolu olub. Elektrik deposuna gələn qatarlarla bağlı isə sərnişinlərimizdə hər hansı təlaş yaranmasına ehtiyac yoxdur. Çünki qeyd etdiyim kimi, onlar mütləq qrafik üzrə depoya baxış üçün getməlidirlər. Yəni sürdüyümüz avtomobildən fərqli olaraq qatarlar texniki normativlərdə göstərilən qaydaya uyğun olaraq baxışa cəlb olunmalıdır. Eyni zamanda, qatarlar müəyyən məsafə qət etdikdən sonra da texniki xidmətə cəlb olunur. Əlavə olaraq cari təmirin müxtəlif növləri var və onların hər biri də yürüş  məsafəsindən asılı olduğu üçün qatarlar hökmən cari təmirə dayandırılırlar. Yəni daha çox məsafə qət etmiş qatarlarımız üçün orta və əsaslı təmir adlandırdığımız təmir növləri də var. Bütün bunlar hamısı Bakı Metropoliteninin texniki normativ sənədlərində istismar qaydalarında göstərilib. Bu qaydalara əməl etmək çox vacibdir və məcburidir. Çünki digər nəqliyyat vasitələrində az sərnişin daşına bilər. Bakı Metropoliteninin bir qatarın tərkibində olan vaqonda 300-dən artıq sərnişin daşınır. Bu isə o deməkdir ki, bir qatarda 1500-dən 1600-ə qədər sərnişin daşınır. Onların hər birinin təhlükəsizliyi Bakı Metropoliteninin bir nömrəli vəzifəsidir.”

Bəs depodakı qatar üzərində hansı zəruri işlər görülür? Qatar  hansı proseslərdən sonra xəttə buraxılmaq üçün hazır olur?

Depolar üzrə iş departamentinin  təmir üzrə rəis müavini  Aydın Bəkirov “İki sahil”ə açıqlamasında bildirdi ki,  qatarlar təmir növündən asılı olaraq bölmələrə ayrılıb: “Qatarlar 12-20 saatdan bir texniki baxış üçün depoya daxil olurlar və orada kiçik həcmli nasazlıqlar aradan qaldırılır. Bir saat  və ya saat yarım ərzində proses yerinə yetirildikdən sonra qatar yenidən xəttə buraxılır. Bundan sonra isə təmirin növündən asılı olaraq 2 saylı texniki xidmət həyata keçirilir. 3750 km-dən bir isə 3 saylı texniki xidmətimiz vardır. 7500 km-də cari təmirlərimiz var ki, “Cari təmir-1” 60 min km-də, “Cari təmir-2” 240 min km-dən, “Cari təmir-3” var ki, 480 min km-dən sonra həyata keçirilir. Ondan sonrakı proseslər isə əsaslı və orta təmirlərdir ki, onların da özünə uyğun yürüşü var. Əvvəllər bizdə əsaslı təmir bazası yox idi. Sonradan bizdə də bu əsaslı təmir bazası yarandıqdan sonra qatarların dediyimiz təmir prosesi həyata keçirilə bilir.”

Mütəxəssis xatırlatdı ki, “Cari təmir-3”də 480 min km-dən bir qatarlar dayandırılır və təmir prosesi həyata keçirilir: “Bu təmirdə demək olar ki, bütün qovşaqlar tamamilə vaqonun altından çıxarılır, sökülür və təftiş edilir. Sonra isə yararlı hissələr yenidən quraşdırılır. Eyni zamanda, lazım gələn detallar yenisi ilə əvəz olunur və yenidən vaqonun altına yığım prosesi yerinə yetirilir.  Əlavə edə bilərəm ki, qovşaqlardan başqa təkər cütləridir, dartı mühərrikləridir hansı ki, bizdə də dartı mühərrikləri sahəsi var. Dartı mühərrikləri göndərilir ora və həmin o sahədə dartı mühərrikləri təmirin növünə uyğun olaraq proses yerinə yetirildikdən sonra qaytarılır bizə və biz də həmin o dartı mühərriklərini, təkər cütlərini, ardınca mexaniki və digər elektrik avadanlıqlarını quraşdırırıq. Daha sonra qatar sazlanma prosesinə hazırlanır. Sazlanma və sınaq işləri yerinə yetirildikdən sonra isə qatar xəttə-sərnişinlərin ixtiyarına buraxılır.”

Depoda 1 gündə neçə qatar təmir olunur?

A.Bəkirovun sözlərinə görə, “Texniki baxış 1”dən gün ərzindən 25-30 arası qatar keçirilir. Amma gündəlik olaraq dediyimiz 2 saylı texniki xidmət, 3 saylı texniki xidmət və nisbətən irihəcmli təmirlərdən isə gündə 4 qatar keçirilir. Qatarlar səhər saatlarında daxil olur və axşam radələrində xəttə buraxılır.

“Qatarlarda ən çox hansı nasazlıqlar olur” sualına isə müsahibimizin cavabı belə oldu: “Müqayisə etsək cüzi fərqlə nasazlıq daha çox  gərginlik altında işləyən elektrik avadanlığında olur. ”

Müsahibimiz qeyd etdi ki, plana uyğun olaraq kiçik həcmli təmirlər həddindən artıq çoxdur: “Əsaslı, orta və cari  kimi böyük həcmli təmir növləri var. Hazırda pandemiya dövrünün tələblərinə uyğun olaraq qatarların fəaliyyətində müəyyən məhdudiyyətlər olur. Bütün bunları nəzərə alsaq 2 qatarımız “Cari təmir 3”dən çıxıb və istismara  verilib. Üçüncü və dördüncü qatarlarda da  həm sazlanma, həm də rənglənmə işləri yerinə yetirilir. 2 qatar da  əsaslı təmirə verilib. Onlardan ikisi xətdədir. Birində də rənglənmə və qovşaqların yenilənməsi, həmçinin modernizasiya işləri həyata keçirilir.”

Vaqonların əsaslı təmiri xidmətinin rəisi Kamran İsmayılov isə qəzetimizə açıqlamasında bildirdi ki, 2017-ci ilin noyabrından bu günə qədər biz 15 qatarı müxtəlif təmirdən keçirmişik: “Bizim əsas vəzifəmiz orta və əsaslı təmirdən keçən vaqonlarda modernizasiya aparmaqdır. Biz geniş modernizasiya aparırıq. Hazırda o modernizasiya ilə əlaqədar olaraq bizdə 5 qatar istismarda fəaliyyət göstərir. 6-cı qatarımız hazırda sazlamaya dayanıb. Bu da bizim 7-ci qatarımızdır ki,  üzərində geniş modernizasiya aparırıq.”

Həmsöhbətimizin sözlərinə görə, müxtəlif vaxtlardan- 8,12,14 saatdan sonra qatarlar baxışa, depoya daxil olunur, orada baxılır. Maşinistin qeyd etdiyi nazaslıqlar əsasında onlar aradan qaldırılır və müxtəlif yürüşdən sonra 3750 km-dən başlayaraq bütün qatarlar hamısı baxışa yollanır. Baxışlar üst-üstə gəldikcə onlar böyüdükcə cari təmirə yaxınlaşır.  Biz gündəlik təmir işi görmürük.  Qatarı təmirə götürəndə özünüz də görürsünüz ki qatar tam sökülür, altı yuyulur, rənglənir, sonra aparatlar hamısı təftiş olunur.Təftiş olunduqdan sonra bütün aparatlar yenidən yerinə qoyulur yoxlanılır, ondan sonra 5 vaqon da hamısı hazır olandan sonra onları biz bir-birinə qoşub  depoda onu “zapiska” eləməyə aparırıq.

K.İsmayılov xatırlatdı ki, qatarların müxtəlif yürüş göstəriciləri var. Hər milyon km-dən sonra qatarlar orta, 3 milyon km-dən sonra əsaslı təmirə dayanır.  Hazırda biz ancaq orta təmirlə məşğuluq. 2017-ci ildən bu günə qədər biz yürüşə uyğun olaraq 3 qatarı  əsaslı təmir etmişik. Biz modernizasiya edən zaman müxtəlif aparatları ixtisara salırıq: “Modernizasiya  prosesi təkmilləşdirilmə deməkdir. Məsələn, kabinədə maşinistə idarəetmə sistemi üçün yeni aparat qoyuruq. Maşinist qatarı idarə edərkən hər hansı  nasazlıq ortaya çıxırsa maşinist onu dərhal monitorun üzərində görür. Depoya qayıdanda təmirçi nəyəsə baxmaq istəsə həmin o monitorun vasitəsilə müxtəlif əməliyyat etdikdən sonra bütün nasazlıqlar-hansı vaqonda nə işləyir, ya da işləmir- bunların hamısını görmək olur. Bu zaman isə mövcud problemləri aradan qaldırmaq daha asan və əlverişli olur. Beləliklə də müasir qatarlarda  hansısa nasazlığı axtarmağa ehtiyac qalmır. Belə ki, monitorun vasitəsilə biz hər şeyi görə bilirik.”

Yaqut Ağaşahqızı, “İki sahil”