30 iyul 2021 20:40
820

İdxal qadağası: Pomidordan sonra kartof da?..

Xəbər verildiyi kimi, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal olunan tərəvəz məhsulları ilə bağlı xəbərdarlıq edib.

“Rosselxoznadzor”un Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə videoformatda baş tutan görüşün yekunları barədə məlumatında qeyd olunub ki, xidmət Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələr üçün karantin obyekti olan qonur bakterial çürüməyə məruz qalmış kartoflar aşkarlayıb. Rusiya tərəfi xəbərdarlıq edib ki, gələcəkdə ölkəyə idxal olunan bu məhsullarda virus aşkarlanarsa, Azərbaycandan idxal olunan kartofa müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Bununla yanaşı, “Rosselxoznadzor” Rusiyaya idxal edilən pomidorlarda zərərli viruslar aşkarlanacağı halda, yükü göndərən müəssisələrə qadağa qoyacağını da açıqlayıb.

Qeyd edək ki, ötən ilin sonunda Şimal qonşumuzun Azərbaycandan idxal olunan pomidora qoyduğu qadağa mərhələlərlə yumşadılsa da, bu ölkəyə pomidor ixracı hələ də əvvəlki səviyyəyə çatmayıb. Azərbaycan pomidorunun əsas bazarının  Rusiya olduğunu nəzərə alsaq, Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin birinci yarısında 123 milyon 588,44 min ABŞ dolları dəyərində 113 min 837,43 ton məhsul ixrac edilib ki, bu da kəmiyyət etibarilə 23,5 faiz, dəyər ifadəsində 24 faiz azalma deməkdir.Nəticədə son illərdə qeyri-neft ixracının lideri olan pomidor hazırda üçüncü sırada qərarlaşıb.

Kartof isə qeyri-neft ixracında yenicə fərqlənməyə başlayıb. Hətta may ayında kartof qeyri-neft ixracında ikinci olub. Ümumilikdə, cari ilin birinci yarısında 40 milyon dollar dəyərində kartof ixrac edilməklə kimya sənayesi məhsulları, elektrik enerjisi və digər sahələrdəki ixracı üstələyib. 2020-ci ildə ölkədə 1 milyon 37 min 637 ton kartof istehsal olunub ki, bu da 2019-cu illə müqayisədə 3,33 faiz çoxdur. Məhsuldarlıq hər hektarda 172 sentner olmaqla 3 faiz artıb. Həmçinin ixracda 2019-cu ilin göstəricisi ilə müqayisədə dəyər baxımından 25,8 faiz həcmi baxımından isə  31,7 faiz artım olub. İdxalda isə azalma olub. Kartof idxalının dəyəri 4,4 faiz, həcmi 5,4 faiz azalıb.

Respublikanın təqribən 60 faizdən çox ərazisinin kartof bitkisinin becərilməsi üçün əlverişli iqlim şəraitinə malik olması bu sahənin inkişafına “yaşıl işıq” yandırır. Son dövrlər tətbiq olunan qışaltı əkin üsulu kartofu payızdan əkməyə imkan yaradıb və faraş (təzə) kartofçuluğun inkişafına güclü təkan verib. Faraş kartof məhsulunun həmin dövrdə satış qiyməti yüksək olduğu üçün bu üsul əlverişlidir. Bu, ixraca da aiddir. 

Lakin bütün bunlara baxmayaraq kartofun ixrac bazarı məhduddur. Azərbaycanın digər kənd təsərrüfatı məhsulları kimi, kartof ixracının reallaşdırıldığı əsas bazar da Rusiyadır. Bu mənada ixracda məhdud bazarın yaratdığı reallıq göz önündədir: belə vəziyyət hətta siyasi amillər də məhsul ixracına əngəl ola bilir...

İxracın azalması isə qısa müddətdə yerli bazarda məhsul bolluğuna gətirib çıxarmaqla qiymətin enməsinə səbəb olur. Bundan sonra təbii ki, növbəti mərhələdə istehsal azalır, idxaldan asılılıq artır.

Ceyhun Piriyev, “İki sahil”