30 iyul 2021 21:18
1168

Şuşamızın azad olması müjdəsini cənab Prezidentimizin mənə doğum günü hədiyyəsi kimi dəyərləndirdim

Murad Məmmədli: Müharibə mənə həyatı, yaşamağın necə dəyərli və gözəl olduğunu öyrətdi

44 gün davam edən Vətən müharibəsi şanlı Qələbəmizlə tarixə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun adını bilmədiyimiz, tanımadığımız minlərlə cəsur, igid, qorxmaz, əzmkar əsgərləri və zabitləri sayəsində tarixi Zəfər qazandıq.  Onların dastanlara, kitablara sığmayan qəhrəmanlıqları nəticəsində Qarabağımız düşmən tapdağından azad edildi. İkinci Qarabağ savaşında bizə tarixi Qələbə sevincini bəxş edən əsgərlərimiz və zabitlərimiz təkcə bir ailənin, nəslin yox, bütün Azərbaycan xalqının qəhrəmanına çevriliblər.

Tarix yazan qəhrəman ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin hünəri qarşısında tab gətirə bilməyən düşmən silah-sursatını ataraq qaçmağa yer axtarırdı. Ermənistan ordusuna qan udduran igidlərimizdən biri də Murad Məmmədlidir.

İkinci Qarabağ savaşının iştirakçısı Murad Məmmədli ilə söhbətimiz zamanı Vətən müharibəsinin başladığı günə qiyabi ekskursiya etdik, igid əsgərin keçdiyi şərəfli döyüş yolunun oxunmamış kitaba bənzəyən səhifələrini birlikdə vərəqlədik:

Söhbətimizi təqdim etməzdən öncə Vətən müharibəsi iştirakçısı  haqqında qısa məlumatı oxucularımızın diqqətinə çatdırırıq: Məmmədli Murad Zaur oğlu 9 noyabr 1994-cü ildə Bakıda ziyalı ailəsində dünyaya göz açıb. 2001-ci ildə birinci sinfə gedib, 2012-ci ildə isə orta məktəbi bitirib.  Ardınca Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Hüquq fakültəsinə daxil olub. Akademiyada oxuduğu müddət ərzində Azərbaycan diasporunun fəallarından olub, ölkəmizi ən yaxşı şəkildə təmsil edib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və müharibə ilə əlaqədar 2021-ci ildə xidmətini başa vurub. Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ailədə bir bacı, bir qardaşdırlar.

Qısa təqdimatdan sonra atasının Birinci Qarabağ müharibəsindəki şərəfli missiyasını İkinci Qarabağ müharibəsində uğurla davam etdirən Vətən müharibəsi qəhrəmanımızın savaş gündəliyini birgə vərəqləməyə  keçid alaq:

Haqq savaşımızın başlayacağı günü xalqımız kimi, mən də çoxdandır gözləyirdim. Çünki …

Xaricdə təhsil aldığım müddətdə torpağımızın 20 faizi erməni işğalı altında olduğuna görə özümü gözükölgəli hiss edirdim. Mən heç zaman torpaqlarımızın əsarətdə olmasını qəbul edə bilmirdim. Bilirdim ki gec- tez torpaqlarımızı nəyin bahasına olursa-olsun erməni quldurlarından azad edəcəyik. Alçaq düşmənin başını dəmir yumruqla əzəcəyik. Torpaqlarımızın işğaldan azad olması üçün dua edirdim. Hər zaman Allaha yalvarırdım ki, torpaqlarımızın azad olmasında iştirak etməyi mənə nəsib eləsin. Dədə-baba torpaqlarımız uğrunda haqq savaşımızın başlayacağı günü xalqımız kimi, mən də çoxdandır gözləyirdim. O an bizim üçün mübaliğəsiz deyə bilərəm ki, toy-bayram idi. Bütün əsgər və zabitlərimizin çöhrəsindən sevinc hissi duyulurdu.  Qalib olacağımıza da əmin idik. Çünki biz uzun müddətdir bu günü gözləyirdik. Mental və fiziki olaraq müharibəyə tam hazır idik.

Həmişə Qarabağ nisgili ilə yaşamışam

Atam Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. 14 yaşımda ona həmişə deyirdim ki, siz Qarabağı işğaldan azad edə bilmədiniz, amma bizim nəsil Qarabağı yağı düşməndən təmizləyəcək. Çox qürurluyam ki, yazılan şanlı tarixdə mənim də rolum var. Mən Mingəçevir şəhərindəki “N” saylı hərbi hissədə hərbi xidmətdə olmuşam. Həqiqi hərbi xidmətdən 1 oktyabr 2020-ci ildə tərxis olmalı idim, amma sentyabrın 27-də müharibə başladığına görə həqiqi hərbi xidmətimi cəbhədə davam etdirdim. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdim. Torpaqlarımız işğaldan təmizləndikcə sevincimdən  ağladığım zamanlar da olub. Suqovuşana və Talış kəndinə ilk dəfə ayaq basarkən özümdən asılı olmayaraq göz yaşlarıma hakim ola bilməmişəm.

Harada oluramsa, olum düşmənimi unutmaram!

Rusiya Federasiyasında təhsil aldığım zaman Azərbaycan diasporunun tədbirlərində  fəal iştirak edirdim. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, tələbəlik illərində ermənilərə qənim kəsilmişdim. Hətta ermənilər deyirdilər ki, sən bizə qənim kəsilmisən. Ali məktəbimizdə Gevorq adlı erməni mənimlə salamlaşmaq istəyərkən əl uzatdı, mən isə əl uzatmadım. Dostlarım dedi ki, niyə Gevorq əl uzatdı sən uzatmadın. Dedim ki, onlar qatildirlər. Onlar Xocalı, mart soyqırımlarında bizim soydaşlarımızı qətlə yetiriblər. Onların əlləri qanlıdır. Mən harada oluramsa, olum düşmənimi unutmaram. Onların üzərlərində 100-lərlə körpələrimizin qanları var. Hamilə qadınlarımızın qarınlarını yabayla deşərək ana bətnindəki uşaqlarımıza insanlığa sığmayan işgəncələr veriblər.

“Düşmən yanında başıaşağı olmamaq” isə əsas şüarımız idi

Azərbaycanın Müzəffər Ordusu Vətən müharibəsi ilə dünyaya nə qədər qüdrətli olduğunu göstərdi. Ordumuz dillərə dastan olacaq şücaətə imza atdı. 30 il ərzində ermənilərin qurduğu beton istehkamlar çətinlik yaratsa da Azərbaycanın Müzəffər Ordusu bu çətinliyin öhdəsindən layiqincə gəldi. Alçaq düşmənin özünə qondarma tarix yaratmaq istəyini ürəyində qoyduq. “Düşmən yanında başıaşağı olmamaq” isə əsas şüarımız idi. Biz döyüşə vətənpərvərlik mahnılar oxuya-oxuya, deyib gülə-gülə gedirdik.

Düşmənlə üz-üzə gəldikdə özümə söz vermişdim ki,…

Döyüşlər zamanı düşmən tərəfinin əsgərləri ilə üz-üzə gəldikdə 26 fevral Xocalı soyqırımı, 1918-ci il 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, Qarabağda və Ermənistanda olmazın işgəncələrə məruz qalan əsirlərimiz yadıma düşürdü. Xocalı və 31 mart soyqırımlarında qundaqdakı körpələrin, hamilə qadınların, yaşlı və cavanların ən vəhşi üsullarla qətlə yetirilməsini Gəncə, Bərdə və Tərtərə atılan “Smerç” və digər raketlərlə dinc əhalinin öldürülməsini xatırladım. Mən özümə söz vermişdim ki, heç bir zaman düşmənə ürəyim ağrımayacaq. Çünki onlar dünyanın gözü önündə bizə  qarşı soyqırımı törətdilər.

Şəhidlik zirvəsinə ucalmaq hər bir mətin əsgərin xəyalıdır

Müharibə zamanı döyüş yoldaşlarımdan şəhidlik zirvəsinə ucalanlar olurdu. Ən çətini onların nəşini daşımaq idi. Bu, məni mənəvi cəhətdən çox sarsıdırdı. Suqovuşan istiqamətində gedən döyüşlərdə əsgər yoldaşım, əslən Qazax rayonundan olan Davud Hacıyev mənim qollarımın arasında canını tapşırdı.  Dostlarımdan Aslanlı İqbal İlqar oğlu, Dövlətzadə Cəbrayıl Dövlət oğlu şəhid oldular. Müharibədən sonra əsəbi olduğumu hiss edirəm  və artıq 8 aydan çox vaxt keçsə də hələ müharibənin təsirindən çıxmamışam. Öləcəyimi hiss etdiyim məqamlar da az olmayıb. Əslində, biz ora ölməyə yox , öldürməyə getmişdik. Amma düşünürdüm ki, şəhid olan qardaşlarımın heç birindən artıq deyiləm. Şəhidlik zirvəsinə ucalmaq hər bir mətin əsgərin xəyalıdır. Tərtər və Ağdərə istiqamətlərində gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq  yuxusuz və yorğun olmağıma baxmayaraq toplara daha dəqiq koordinat verirdim.

Yeganə amalımız  Zəfər idi

Talış,Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüşlər ən gərgin döyüşlər idi. Müharibədə hər an ölümlə üz-üzə idik. Əyani sübut olaraq deyim ki, İncə çayda əl-üzümü yumağa getmişdim, mənfur düşmən bizi fasiləsiz raket atəşinə tuturdu. Bu gün düşünürəm ki,məni Allah saxladı ki, bu atəşlərdən yayına bildim.  Bizə hətta yataq “meşoqları” da çatmırdı. Müharibənin davam etdiyi 44 gün ərzində torpağın üstündə növbə ilə gecələyirdik. Yeganə amalımız isə Zəfər qazanmaq idi. Başqa heç bir düşüncəmiz, tutduğumuz yoldan geri qayıdış yox idi.

Xalqımın misilsiz əzmkarlığının, vətənpərvərliyinin şahidi oldum

Vətən müharibəsinin odundan-alovundan keçən gənc kimi, tam əminliklə deyə bilərəm ki, bu gün azərbaycanlılar vətənpərvər xalq kimi dünya sıralamasında birinci sıradadır. Xalqımız öz torpaqları uğrunda canından keçməyə hazırdır. İkinci Qarabağ müharibəsində mən bunun əyani şahidi oldum. Dəmir yumruq kimi birləşib  erməni faşistlərini torpaqlarımızdan iti qovan kimi qovduq. Lazım gələrsə Ali Baş Komandanın əmri ilə lap İrəvana kimi gedib çıxarıq İnşaAllah.

Azərbaycan xalqına 44 günlük Vətən müharibəsində ordumuza göstərdiyi qayğıya, diqqətə, sevgiyə və vətənpərvərliyinə görə təşəkkürümü bildirirəm . Çünki onların dəstəyi də əvəzsiz idi. Həmvətənlərimiz bizə öz balaları, əzizləri kimi qayğı göstərirdilər. Mən o zaman xalqımın nə qədər əzmkar, vətənpərvər olduğunun bir daha əyani şahidi oldum. Onlar özlərinin az qala ən axırıncı loxmalarını da əsgərlərimizlə bölüşməyə hazır idilər. Mənim xalqım “Hər şey Vətən üçün” devizi ilə yaşayırdı. Düşmən xalqımı sındırmaq istəyirdi. Lakin şükürlər olsun ki, buna nail ola bilmədi və heç zaman da nail olmayacaq! Çünki bu torpaqlar bizim əzəli torpaqlarımız, dədə-baba yurdumuzdur. Ali Baş Komandan, rəşadətli Azərbaycan Ordusu və xalqımızın həmrəyliyi  yenilməzliyimizi, gücümüzü, cəsarətimizi bütün dünyaya və mənfur düşmənimizə sübüt etdi.

10 noyabr 30 illik həsrətə 44 gündə son qoyduğumuz tarixdir

Savaş günlərində Müzəffər Ali Baş Komandanın çıxışlarını radio vasitəsi ilə dinləyirdik. Cənab İlham Əliyevin hər çıxışı, hər kəlməsi əsgərlərimizdə Zəfərə inam yaradırdı. Mən Ali Baş Komandanın heç bir çıxışını qaçırmırdım. Noyabrın 8-i Şuşanın işğaldan azad edildiyi tarix idi. 10 noyabr isə 30 illik həsrətə 44 günə son qoyduğumuz tarixdir. 44 günlük müharibə istər Böyük Vətən müharibəsindən və tarixdə olan digər müharibələrdən fərqlənir. Biz öz torpağımızda müharibə aparmışıq və öz torpağımızı  azad eləmişik.  Elə bil dünyaya yenidən gəlmişdik.  Döyüş yoldaşlarımın reaksiyaları fərqli idi. Sevincdən gülənlər, ağlayanlar, qışqıranlar, bir-birini qucaqlayanlar var idi. Torpaqlarımızın azad olunması vaxtı  sevincimizdən azad olmuş torpağımızı öpürdük, gözlərimizdən sevinc göz yaşları axırdı. Mən və mənim kimi döyüşlərdə iştirak edən əsgərlər üçün qazanılan Zəfər ikiqat sevincdir. Çünki torpaqlarımızın azad edilməsinə zərrə qədər köməyim olubsa, həyatda mənim üçün bundan böyük xoşbəxtlik yoxdur. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. Şükürlər olsun ki, onların arzuları yerinə yetdi, torpaqlarımız azad oldu, qanları yerdə qalmadı.

Şuşamızın düşmən əsarətindən azad olması müjdəsini cənab  Prezidentimizin mənə doğum günü hədiyyəsi kimi dəyərləndirirəm

Başqalarından fərqli olaraq, həmin günlər mənim üçün daha da əlamətdardır. Çünki noyabrın 9-u həm doğum günüm, həm də Bayraq Günümüzdür. Bu səbəbdən də noyabrın 8-də Şuşamızın düşmən əsarətindən azad olması müjdəsini Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin mənə doğum günü hədiyyəsi kimi dəyərləndirirəm. İnşaAllah, bu il  27 yaşımı torpaqlarının 20 faizi işğal altında olan bir ölkənin vətəndaşı kimi qeyd etməyəcəm. İndi mən öz doğum günümü torpaqları işğaldan azad olmuş, düşmən üzərində Zəfər çalmış bir millətin övladı kimi qeyd edəcəyəm. Şükürlər olsun ki, biz xalq olaraq bu muradımıza da yetişdik. Yaşasın Azərbaycan əsgəri, var olsun Azərbaycan xalqı!

Gənclərimizə  çağırışım budur ki, Vətən torpağının hər qarışını nə qədər igid əsgərlərimizin qanı bahasına azad etdiyimizi, uzun illər idi ki, torpaqlarımıza duyduğumuz həsrəti, ermənilərin bizə qarşı törətdiyi soyqırımları heç vaxt unutmasınlar. Ən böyük tövsiyələrimdən biri də təhsilli olmaqlarıdır. Biz 44 günlük Vətən müharibəsində gördük ki, sosial şəbəkələrdə savadlı, dəqiq və operativ şəkildə baş verən hadisələri dünyaya çatdırmaq çox önəmli idi.

Sevgisi Vətən, arzusu əsgər, amalı Zəfər olan Vətən müharibəsinin qəhrəmanı haqqında uşaq yaşlarından ona xarici dil biliklərini öyrədən, həm valideyn, həm müəllimə kimi Muradın qayğısını çəkən ingilis dili müəlliməsi Solmaz Musayeva təəssüratlarını “İki sahil”lə bölüşdü. O, balaca Muradla bağlı xatirələri yada saldıqca, ötən günlərə boylandıqca həm sevinir, həm qürurlanır, həm də kövrəlirdi: “Murad çox qəlbikövrək və istiqanlı uşaq idi. Xatırlayıram ki, ilk dəfə ingilis dili  hazırlığına gələndə 8 yaşı vardı. O, çox qeyri-adi uşaq idi. Anası Gülşən xanım onun sağlam inkişafına  və mükəmməl təhsil almasına  daim diqqət edirdi. Onun öz dünyası, xəyalları var idi. Heç vaxt öz sözünü deməkdən utanmazdı. Muradın mənə “niyələrdən” ibarət  tükənməyən sualları olurdu. O qədər “niyə” ilə başlayan sual verirdi ki, bir sualına cavab tapmamış, növbətini səsləndirirdi. Sanki, onun arzusundan yeni arzu doğurdu. Özündən elə qəribə kompazisiyalar  qururdu ki… Bir gün həkim, başqa bir gün menecer, aşpaz olurdu. Özünü hər bir sənətin sahibi hesab edirdi.”

Həmsöhbətimiz sözünə davam edərək dedi:  “Murad söyləyirdi ki, ali məktəbə daxil olmasam əsgər gedəcəyəm. İstəyirəm ki, əsgər formasını geyinim. Bəlkə, gombulluğuma görə mənə heç forma tapmadılar. Bəs onda necə olacaq? Mən isə deyirdim ki, hər bir əsgərin  ölçüsünə uyğun əsgər forması var.  Sənin də ölçün tapılacaq, narahat olma. Yetər ki, sən hərbi xidmətə öz arzunla, istəyinlə nümunəvi əsgər olaraq gedəsən. Murad isə cavabında deyirdi ki, əsgər  gedəcəm, çoxlu da medallar alacam.

Solmaz müəllimə əlavə etdi ki, Muradı öz doğma balam kimi çox istəyirəm: “Şükürlər olsun ki, sağ-salamat qayıtdı. Şükürlər olsun ki, Murad və onun timsalında digər  igid oğullarımız torpaqlarımızı bizə qaytardılar. Eşq olsun, bu cür igid övladlarımıza. Nə yaxşı ki, varsınız!   Nə yaxşı ki torpaqlarımızı bütövləşdirdiniz. Biz sizinlə fəxr edirik.  Murad, Solmaz müəllimən sənin adınla, qəhrəmanlığınla, şücaətinlə, medallarınla  fəxr edir. Hələ də mənim üçün o körpə və toppuş, öz dünyası, çoxlu “niyə” sualı ilə dolu boğçası olan Muradımsan. Allah saxlasın bütün  balaları, içində Murad olmaqla. Müəllimən olaraq səninlə fəxr edirəm, Murad! Allah Vətən uğrunda döyüşüb şəhidlik zirvəsinə ucalan igid oğullarımıza rəhmət eləsin”

Yaqut Ağaşahqızı, “İki sahil”