Dünyada bir çox memarlıq əsərləri var. Məsələn, son zamanlar inşa edilən binalar sırasında rəqs edən, üzən və hətta uçan belə evlər mövcuddur. Lakin indi bəhs edəcəyimiz çiçəyə bənzər bu ev sizi mütləq təəccübləndirəcək. Beləliklə, bir çiçək kimi günəş işığında "çiçək açan" və gecənin başlaması ilə ilə "yığılan" ev son zamanlar hər kəsin böyük marağına səbəb olub. Qeyri-adi ev Avstraliyanın Sidney şəhəri yaxınlığında inşa edilib. Sakit Okeanın mənzərələri yerində tikilən bu miniatur ev iki qüllədən ibarətdir. Daha böyük olan ilk qüllə yaşayış yerləri üçün hazırlanmışdır. Burada axşam yeməyi üçün otura biləcəyiniz bir veranda və yuxarıda bir yataq otağı var. İkinci mərtəbəyə qalxmaq üçün kifayət qədər dik pilləkənlərə qalxmaq lazımdır. Lakin dik pilləkənlər sahibi üçün heç problem yaratmayacaq. İkinci qüllədə isə tualet və duş var.
Bəs görəsən bu çiçəyəbənzər evin əsas sirri nədir?
Sən demə, evin divarları xüsusi bir mexanizmin köməyi ilə qaldırılır, bu da öz növbəsində çiçəklənmə prosesinə bənzəyir. Qeyd edək ki, gündüz çiçək kimi açan, gecələr isə yığılan bu evin bütün divarları xüsusi bir materialdan - büzməli misdən hazırlanmışdır. İstirahət etmək və ətrafdakılardan uzaq olmaq istəyənlər üçün bu ev ideal variantdır.
Samirə Tağıyeva, "İki sahil"