Onun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının qəlbində əbədi yaşayacaq
Bu günlərdə Azərbaycan tibb ictimaiyyətinin görkəmli nümayəndəsi, Əməkdar həkim, tibb elmləri namizədi, SELAMIG klinikasının sabiq rəhbəri, əmək veteranı, ləyaqətli insan, gözəl dost Qalib İsgəndərovun vəfatından bir il ötdü.
Bu gün onun haqqında keçmiş zamanda danışmağın necə ağır olduğunu hiss edirik. Bütün canı ilə həkim, gözəl Ailə başçısı, dost, peşəkar, səmimi bir insan olan doktor Qalib (dostları onu belə çağırmağı xoşlayırdılar) bütöv, parlaq və layiqli bir ömür yaşadı, ölkəmizdə oftalmologiyanın inkişafına əvəzsiz töhfələr verdi. Öz işinə yaradıcı yanaşma, xüsusi işgüzarlıq, böyük cazibə qüvvəsi, sadəlik, ən yüksək dərəcədə təvazökarlıq Qalib İsgəndərova xas olan xüsusiyyətlərdən idi. Yüksək istedadı, bacarığı, səxavəti və peşəsinə hədsiz sədaqəti ilə hər kəsdən fərqlənərdi. Təmiz ürəyini, humanizmini, səmimiyyətini hər addımda hiss etmək mümkün idi, bir dəfə onunla ünsiyyətdə olmaq kifayət edirdi ki, insanlar onu öz doğma adamı kimi qəbul etsinlər.
Dostları onun haqqında danışarkən həmişə əməksevərliyini, ünsiyyətcilliyini, ətrafındakılara münasibətdə qayğıkeşliyini və səmimiyyətini ürəkdən gələn sözlərlə xüsusi qeyd edirlər.
Doktor Qalibin parlaq zəkası və sonsuz yaddaşı ona istənilən mövzuda maraqlı nitq söyləməyə kömək edərdi. Danışıqları hər zaman məsləhət üçün yanına gələn müxtəlif insanların əhval-ruhiyyəsini qaldıran incə yumorla zəngin olardı və bu keyfiyyətləri onun bütün hərəkətlərində fövqəladə dərəcədə xeyirxahlığı ilə birləşərdi.
Onun geniş populyarlığının digər səbəbi göz güzgüsünü mükəmməl dərəcədə bilməsi, diaqnostik və optik əməliyyatları misilsiz ustalıqla aparan qeyri-adi istedada malik əvəzolunmaz bir cərrah olmasında idi. Əməliyyat zamanı sürətli işi, eyni zamanda dəqiqliyi və yüngüllüyü ilə diqqət çəkərdi.
Doktor Qalib öz peşəsinə və sevimli işinə sonsuz dərəcədə sadiq insan idi, minlərlə xəstənin görmə qabiliyyətini və normal həyat tərzini onlara qaytarmışdı. O, uzunmüddətli və parlaq həkimlik karyerasında qarşılaşdığı pasiyentlərin hər birinə böyük mənada bir həkim olaraq öz daxili dünyasının zənginliyindən və həssaslığından irəli gələn qayğı və diqqətlə yanaşmağı bacarırdı. Buna görə də onun müalicə etdiyi insanlar Doktor Qalibə özlərinin uzun illərin dostu kimi baxırdılar.
Bu məqalənin müəlliflərindən birinin təxminən 20 il öncə görmə qabiliyyətində ciddi problem yaranmışdı. Davamlı şəkildə müalicə olunmasına baxmayaraq, heç cür yaxşılaşma hiss olunmurdu. Dostlarımızdan biri onu Doktor Qaliblə tanış etdi. Müəyyən müayinələrdən sonra Doktor Qalib onu ilk növbədə tam əminliklə sakitləşdirdi və ciddi bir problemin olmadığına inandırdı, paralel olaraq müalicə prosesinə başladı. Qısa müddətdən sonra onda müsbət dəyişikliklər hiss edilməyə başlandı və yekun nəticədə onun normal görmə qabiliyyəti bərpa olundu. Bir dəfə o bu barədə dostlar məclisində danışanda, Doktor Qalib çox təvazökarlıqla,- bu mənim həkimlik borcumdur, vəssalam, - dedi.
Ümumiyyətlə, Doktor Qalibin özünəməxsus müalicə üsulu olmuşdur. Üstəlik də göz xəstəliklərinin müalicəsinə aid yeniliklər olan ədəbiyyatları daim mütaliə etdiyindən və ən müasir tibbi biliklərə malik olduğundan istənilən xəstəliyə qarşı müalicəsi qısa müddətdə öz effektini göstərirdi. Müalicə prosesində ən böyük problemləri belə sanki duyur, görür və hiss edirdi ki, bu da ona dəqiq diaqnoz qoymağa və müalicəni düzgün davam etdirməyə kömək edirdi.
Koronavirus infeksiyası ilə mübarizə şəraitində də öz peşə borcunu ləyaqətlə və yorulmadan yerinə yetirməkdə davam edirdi. Çox təəssüf ki, Doktor Qalib öz sağlamlığı uğrunda döyüşdə qalib gələ bilmədi.
Doktor Qalib həmişə doğma Qarabağımızın erməni işğalından azad ediləcəyi günə dərin inam hissi ilə yaşayırdı. Bu inam hissini hər kəsə söyləyir, hər gün Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun ZƏFƏR qazanacağı günü səbirsizliklə gözləyirdi. Elə haqqın dərgahına da bu inam hissi ilə qovuşmuşdu. Bu gün şükürlər olsun ki, Doktor Qalibin və onun kimi düşünən milyonlarla vətəndaşlarımızın arzusu çin olub, inam hissləri doğrulub. Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusunu darmadağın edərək torpaqlarımızı azad, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Doktor Qalib haqqında yazmağı düşünərkən onun daxili dünyasının zənginliyini, dərinliyini, qürur duyulmalı fəaliyyətini və əsl örnək olan işıqlı ömür yolunu təsvir etmək üçün sözlər seçməyin nə qədər çətin olduğunu duyuruq. Bu anda əvvəllər onun haqqında dostlarımızın söylədikləri və yazdıqları köməyimizə gəlir. Həqiqətən, Qalib böyüklüyünün təsviri üçün sözlər nə qədər gücsüzdür...
Bu gün Doktor Qalib haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Hədsiz dərəcədə xeyirxah bir insan olan Doktor Qalib yaşamaqdan, işləməkdən xüsusi zövq alar, müalicə üçün ona müraciət edənlərin simasında hər zaman təbəssüm görmək üçün əlindən gələni edərdi. Bu onun həyatının əsas meyarı, həyat kredosu idi. Elə indi də vaxtilə işlədiyi və minlərlə xəstənin şəfa tapmasına əvəzsiz xidmətlər göstərdiyi xəstəxanaya gələnlər bu parlaq zəkalı insanı – DOKTOR QALİBİ axtarır, adını hörmətlə çəkirlər. Onun işıqlı siması dostlarının qəlbində əbədi yaşayacaq, xatirəsi heç vaxt unudulmayacaqdır.
Rövşən Ağayev,
Natiq İsayev