10 avqust 2021 21:06
1893

Həzi Həsənlinin öz dünyası, söz dünyası

...Ömrünün 65-ci baharını qarşılayan tələbə yoldaşım, qələm dostum Həzi Həsənli barədə yazmağa başlayanda bir anlıq 43 il əvvəlki günlərimizə qayıtdım. Bizə uzaq tələbəlik həyatını xatırladan indi tək-tük ağ-qara fotoşəkillərimiz yadigar qalıb. Amma Həzinin təbirincə desək, tələbəlik illərindən ünsiyyət tapdığımız adamlardan ayrı düşsək də, ürəyimizdə hər kəsin özünəməxsus xatirəsi yaşayır...

 Əfsus ki, yaşımızın bu çağında bizə o əlçatmaz və ünyetməz illəri  yalnız xatırlamaq qalır. Əslində indiki zaman çərçivəsində mənəvi və ruhi sığınacaq tapdığımız ən gözəl “məkanlardan” biri də həmin illərin işıqlı  xatirələridir...  

Yadaşımızda əbədi qalanların - jurnalistika fakültəsinin professor-müəllim heyətinin də, birgə təhsil aldığımız, öz imzaları ilə sayılıb - seçilən tələbə yoldaşlarımızın işıqlı obrazları bir-bir gözlərim önündə canlanır... (Allahdan dünyasını dəyişən müəllimlərimizə də, tələbə yoldaşlarımıza da rəhmət diləyirəm. Ruhları şad olsun.)

 ...Həzin, xoş xırıltılı səsi ilə hamıdan seçilən Həzi BDU-dan sonra İstanbul Universitetini bitirdi, daha sonra ingilis dili üzrə təhsil aldı. Başqa səhədə çalışsa da, uzun illərdir ki, onun imzası mətbuat səhifələrindən düşmür. Ürəyinə yatan, onu düşündürən, həyəcanlandıran, SÖZ ovqatı üstə köklənən mövzuları peşəkarcasına qələmə alır, bənzərsiz tapıntıları ilə bədii yaradıcılığını daha da zənginləşdirir. Bədii-publisistik, sənədli-poetik məqalələrində, yol qeydlərində, nəşr olunan kitablarında Həzi özünəxas, həm də çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik qələm sahibi kimi diqqəti cəlb edir. Adı gənc yaşlarından sözə sahiblik edən yaradıcı adamların cərgəsində yer alan Həzi ürəyindən gələn sözləri şirin dillə bəyan etmək vərdişinə dünyaya göz açdığı Borçalının Faxralı kəndində yiyələnib. Poetik ruhuna ana dilimizin şəhdi-şirəsi ağbirçək nənələrin söhbətlərindən, ağsaqqal babaların həyat hekayətlərindən, şifahi ənənəyə söykənən aşıq poeziyasından hopub.

Ulu Tanı tarixi çox uzaqlara dirənən Faxralının söz və saz dünyasından heç vaxt səxavətini əsirgəməyib. Fəqət, poetik düşüncələri bir elin-obanın səmalarına sığmayan Həzinin, görkəmli mühacirşünas Abid Tahirli demişkən, təxəyyülü, ilham və xəyal pərisi sədd-sərhəd tanımır... Elə Həzinin bir ucu dünyanın sirlərinə yetən keşməkeşli yollarla  Bakıya  - qədim mədəniyyət  məbədgahına gəlib çıxmağında da  ilahi  bir  hikmət vardı. Həzi  də öz istedanı  hiss etdiyi andan  ona  təkcə Allah vergisi kimi yanaşmadı, istedadının qədrini bildi, onu zaman-zaman cilaladı, ən əsası isə ucalıqda tutmağı bacardı.

Bakıya gəldi, amma içində Borçalı havası yaşatdı,  doğma Faxralını  bir an belə  unutmadı.

Səni Kremilə dəyişmərəm mən,
A mənim kərməli, təzəkli kəndim.
"Ağ ev" ağ olsa da, üzü qaradı,
Ağüzlü, ağ günlü - bəzəkli kəndim.

Həzinin qələmindən çıxan şeirləri bulaq kimi axıcıdır. Bulaq dedim,  Həzinin “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz aparıcısı,  Xalq artisti Məhluqə Sadıqovanın anadan olmasının 100 illiyinə həsr etdiyi  essesini xatırladım: “Cəhrəli, nehrəli, ətirli, fətirli nənələrimiz, ağır elli, atı yelli babalarımız “Bulaq” başına yığışdı. Ellərimiz, çöllərimiz onların allı – güllü sözünə – söhbətinə qulaq kəsildi. “Bulaq” bizləri ululuğa inandırdı, yurdun başına dolandırdı. İnsanlarımızın  özünüdərki bulaq kimi qaynadı. “Bulaq” verilişinin efir təcəssümü qatar – qatar saz havalarının üstündə köklənəndə  dinləyicilərini də könül – könülə məhrəmləşdirdi.”

Aşıq yaradıcılığını dərindən bilməsi Həzinin   “Kəhər at nalı neylər?..", "Düşüncənin yaşı", "Ömür körpüləri", "Siz ey sevdiklərim","Dağlar Əlinin təbəssümü", "İşıq əlifbası" və başqa kitablarının poetik yükünü də, məzmununu da, təsir gücünü də artırır.

...Həzinin poeziyası haqqında tanınmış ədəbi tənqidçilər, tədqiqatçı -alimlər çox yazıblar. Məşhur Argentina şairi Armando Qomes "Siz poeziyaya hansı tələblərlə yanaşırsınız” sualına cavab verərkən demişdir: "Ən başlıca tələb odur ki, poeziya əsl poeziya olsun... Şeiri hamı yaza bilər. Amma unutmayın ki, şeir hələ poeziya deyildir, şeir poeziyanı ifadə etmək üçün yalnız bir vasitədir.”

 Həzinin poeziyası da əsl poeziyadır, onu şeirlərində meşələrdən əsən mehin pıçıltısını, quşların səsini, bulaqların zümzüməsini, təndir çörəyinin ətrini duymaq olur. O, təkcə poetik nümunələrinə deyil,  publisistik düşüncələrinə də təbiətin bütün çalarlarını,  şirinliyini qata bilir və folklor nümunələrindən, atalar sözlərindən, təşbeh və epitetlərdən yerli-yerində istifadə edir.

Yazıçı-publisist, filologiya elmləri doktoru Elçin Mehrəliyevin dediyi kimi: “Biz həyat axarının ahəngini, dövrün  nəbzinin döyüntüsünü ədəbi yaradıcılığın digər növlərindən daha çox publisistikada hiss edirik.”

Vətən müharibəsindən sonra, müzəffər ordumuzun Qələbəsindən ruhlanaraq, müharibə mövzusunda daha çox yazmağa meyil göstərən qələm adamlarından biri də Həzi Həsənlidir. Onun “İki sahil” qəzetində dərc olunan bütün yazılarını demək olar ki, hamısını  oxumuşam. Həzini sinəsi söz kürəsidir: sözü bişirib dağ etməmiş dilinə gətirmir. “Koroğlunun Cəngisi, Qıratın üzəngisi” başlıqlı məqaləsində Qələbə sevincini oxucuya qəlbindəki səmimi hisslərlə belə çatdırır:  “İndi yollarımız Cıdır düzünə baş alıb gedir. Çox çəkməz ki, Qarabağ atları Şuşanın dağlarında kişnəyər. Cıdırda hamını mat qoyan, heyran yerişli - ceyran yerişli, gümüş üzəngili, Koroğlu Cəngili Qarabağ atları... İndi könlümüzdən ucalan diləklər kimi, Cıdır düzündən Cəngi havaları ucalır.”

Həzi Həsənli pərvanə şamın başına dolanan kimi, sözün, sazın  başına dolanır, oxucusunu, dinləyicisini lirik duyğularının ucalığına qaldırır...

Altmış beş yaşı ilə üz-üzə,  məğrurcasına dayanan Həzinin  qəlbi bu gün  gənclik illərində olduğu kimi, doğma Vətən, el-oba, torpaq, yurddaş sevgisilə döyünür. Səsi də, sazı da, sözü də,  özü də əvvəlki ovqatda qalıb. Hələ qarşıda önun söz dünyasını və öz  dünyasını daha mənalı edəcək illər var...

Qələm dostumun, tələbə yoldaşımın nurdan biçilmiş  SÖZ  boğçası ilə dopolu  ömür kavanına uzun yollar qət etmək azusu ilə...

 

Nurəddin Ədiloğlu, “İki sahil”