Adi vaxtlarda adətən yanından əhəmiyyət vermədən keçdiyimizdən əksər insanlarımızda şəhərimizdə kitab satışı ilə məşğul olan mağazaların sayının az olması kimi yanlış fikir formalaşıb. Yəqin bu fikir həm də ona görə yaranıb ki, istedadlı xalq olaraq həmişəki kimi yazarlardan korluq çəkməsək də yazılanları oxuyanlar, eləcə də kitaba maraq əvvəlki qədər çox deyil. Əslində isə qısa bir araşdırma göstərir ki, paytaxtda kitab mağazalarının sayı kifayət qədərdir və əksəriyyəti kifayət qədər əlçatan yerdə - mərkəzi, o cümlədən metro stansiyalarının çıxışına yaxın yerlərdə fəaliyyət göstərir. Bəs alıçılar kitab mağazalarına nə qədər “yaxındırlar”? Kitab oxuyanımız çoxdurmu? Oxucuların tələbi hansı janrda olan əsərlərədir?
Suallarımıza cavab tapmaq üçün şəhərimizin müxtəlif ünvanlarında yerləşən bir neçə kitab mağazasına baş çəkdik. İlk həmsöhbətimiz olan “28 May” kitab evinin əməkdaşı Pərviz Bəbirov 4 ildir işlətdikləri kitab mağazasında satışın azaldığını bildirdi: “Bəzi kitabların satışı mövsümi xarakterlidir. Yeni tədris ilinin başlaması ərəfəsində dərsliklərə, o cümlədən hazırlıqlara, dil kurslarına gedən abituriyentlər üçün testlərə, digər vəsaitlərə tələb artır. Hazırda isə yay tətili ilə əlaqədar daha çox bədii kitablar satılır, bədii ədəbiyyatın oxucusu isə o qədər də çox deyil”.
Oxucuların dünya ədəbiyyatı nümunələrinə üstünlük verdiklərini deyən P.Bəbirovun sözlərinə görə, onlardan daha çox Mark Levi və Fyodr Dostayevskinin əsərlərini istəyirlər: “Türk yazıçılarına da maraq var, əsas da Orxan Pamukun kitablarını soruşurlar. Yerli yazarlarımızdan ən çox satılanlar isə Çingiz Abdullayev və Elxan Elatlının detektiv janrında yazılmış əsərləridir”.
Yeri gəlmişkən, “28 May” kitab evi 2 ilə yaxındır ki, kitabların paytaxt sakinlərinin ünvanına çatdırılması xidmətini də həyata keçirir. Təbii ki, böyük də olmasa müəyyən məbləğ qarşılığında. P.Bəbirov bildirdi ki, sərt karantin dövründə sifarişlər daha çox idi, elə indi də sifarişlər olur, ancaq əsasən gəlib mağazada baxıb seçim edərək almağa üstünlük verirlər.
“Əli və Nino” mağazalar şəbəkəsinin filial satıcısı Fərəh Ələkbərzadə də oxucuların əsasən xarici ədəbiyyata üstünlük verdiklərini söylədi: “Klassik dünya ədəbiyyatının nümunələrini daha çox alırlar. Son vaxtlar türk yazıçıların əsərləri ilə maraqlananlar da çoxalıb. Əsas da Orxan Pamukun həm orijinal, həm də Azərbaycan dilinə tərcümə edilmiş kitabları satılır. Yerli yazıçılırdan ən çox oxunan isə detektiv janrda yazılmış əsərlərdir”.
“Libraff” kitab mağazasının satıcısı Əli Abdullayevin fikrincə, son zamanlar oxucuların zövqündə müəyyən dəyişmələr var. Bədii ədəbiyyatla yanaşı, insanın mənəvi-psixoloji inkişafına kömək edən əsərlərin alıcıları nisbətən çoxalıb. Dəyişməyən isə detektiv janra olan həvəsdir. Bir də yeni əsərlərin reklamı da vacibdir: “Ümumiyyətlə, reklamlar kitab bazarına ciddi təsir edir. Bəzən görürsən ki, hansısa kitabın reklamı yaxşı aparılıb, insanlar həmin kitaba fokuslanır, hamı gəlib o kitabla maraqlanır, alıb oxumağa çalışır. Məsələn, bizim mağazadan son vaxtlar ən çox soruşulan kitablardan biri Deyl Karneginin “Dostları necə qazanmalı, insanlara necə təsir etməli?” kitabıdır. Kitab haqqında müsbət rəyin geniş yayılması onun çox satılmasına səbəb olur”.
Ə.Abdullayev də oxucuların daha çox dünya ədəbiyyatı nümunələrini aldıqlarını bildirdi. Yerli yazıçılarımızdan Elxan Elatlının Azərbaycan dilində və Çingiz Abdullayevin rus dilində nəşr olunmuş detektivlərinə maraq çoxdur. Elmi ədəbiyyatla isə maraqlanan da azdır, alan da.
“Bermud” kitab evinin satıcısı Hənifə Hacıyeva 4 ildir məşğul olduğu kitab satışında hazırda durğunluq olduğunu bildirdi: “Mağazamız Bakı Dövlət Universitetinə, Elmlər Akademiyasına yaxın ərazidə yerləşir. Əslində, alıcı sarıdan korluğumuz olmamalıdır. Ancaq pandemiya səbəbindən dərslərin onlayn keçirilməsi bizim işimizə təsir göstərib. Alıcı var, ancaq azdır. Satılan kitablara gəlincə, yerli ədəbiyyatdan əsasən detektivlərə maraq göstərilir. Bir də xarici yazarların kitablarını soruşurlar. Gənclər isə son zamanlar türk yazıçıların əsərlərini oxumağa üstünlük verirlər”.
Kitab mağazalarında həmsöhbət olduğumuz satıcıların dedikləri maraqlı bir faktı ortaya çıxardı – insanlarımız daha çox yerli və xarici detektivləri oxuyurlar. Niyə məhz detektiv? Bu janra kütləvi maraq haradan qaynaqlanır?
“Eros” psixologiya mərkəzinin psixoloqu Aygün Cəfərova janrından asılı olmayaraq kitab oxumağın insanın bir şəxsiyyət kimi formalaşmasında çox vacib vərdiş olduğunu bildirdi: “Kitab oxuyarkən insan beyni daha yaxşı qidalanır, analitik düşüncə tərzi inkişaf etmiş olur. O ki qaldı insanların daha çox detektiv janrda əsərlər oxumasına, bu artıq onların maraq dairəsi ilə bağlıdır. Bu janrda bədii ədəbiyyat oxuyanlar daha çox aktiv, hərəkətli həyata meyli olanlardır. Həm də detektiv əsərlərdə hadisələrin gedişatının, süjet xəttinin kəskin dəyişkən olması həyəcan yaradır, bu isə qana adrenalinin ifraz olunmasına və oxucunun özünü yaxşı hiss etməsinə səbəb olur. Hesab edirəm, səbəblərdən biri də məhz budur”.
Psixoloq Aytən Ələkbərova isə “İki sahil”ə açıqlamasında bildirdi ki, ilk öncə detektiv oxuyan insanların psixoloji xüsusiyyətlərinə nəzər yetirmək lazımdır: “Psixi gücü digərlərinə nisbətən çox olan insanlar bu janrda əsərləri daha yaxşı dərk edə bilirlər. Belə əsərlərə daha çox müraciət edənlər yazıçının yaratmaq istədiyi psixoloji durumu anlamağı bacarırlar. Bir nüansı da qeyd edim ki, yeniyetmələrin, xüsusilə abituriyentlərin detektivə meyilliyi ixtisas seçiminə müəyyən qədər təsir göstərə bilər və onların hüquq-mühafizə, güc strukturları sahəsinə həvəslənməsinə şərait yarada bilər”.
Kitabların qiymətinə gəlincə, bəzi bahalı nəşrləri çıxmaq şərtilə, əsasən orta statistik Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinə uyğundur. Bəzi kitabları hətta 3-4 manata da almaq mümkündür, kobud bənzətmə də olsa, bir qutu siqaretin puluna. Fürsətdən istifadə edib uzun müddətdir oxumağımı şiddətlə tövsiyə etdikləri qiyməti 8 manat olan kitabı da aldım – Jerome David Salingerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini. Qaldı oxumaq zövqünü yaşamaq. Axı oxumaq həqiqətən zövq verir...
Mahir Rəsuloğlu, “İki sahil”