19 avqust 2021 22:58
1476

Əməksevərliyi ilə gənclərə örnək olan tanınmış neftçi-alim

Həyatın mənasını yalnız elmdə və zəhmətdə görən Beykəs Xıdırovun 85 yaşı tamam olur 

Tanınmış neftçi, iqtisad elmləri doktoru Beykəs Xıdırov gənclik enerjisi ilə ömrünün 61 ilini neft sənayesinin inkişafına həsr edib, Azərbaycan elminə çoxsaylı töhfələr verib. Görkəmli alim seçdiyi yolun doğruluğuna inanaraq, neft sənayesinin inkişafı istiqamətində bütün varlığı ilə fəaliyyət göstərib. Beykəs Xıdırovun əmək fəaliyyətini izlədikcə, onun  çoxcəhətli iş təcrübəsini öyrəndikcə, bu qənaətimizdə yanılmırıq ki, o təcrübəli mütəxəssis kimi bu zirvəyə yalnız əzmi, iradəsi, işinə sonsuz sevgisi, özünə tələbkarlığı ilə yüksəlib.

Azərbaycan neftçilərinin, eləcə də elm adamlarının yaxşı tanıdığı Xıdırov Beykəs Seyfulla oğlu 1936-cı ildə avqust ayının 22-də Xaçmaz rayonunun Həsən-Qala kəndində kolxozçu ailəsində dünyaya göz açıb. 1951-ci ildə həmin kəndin 7 illik natamam orta məktəbini əla qiymətlərlə bitirərək, 1952-ci ildə Xudat şəhər Çkalov adına orta məktəbin 8-ci sinifinə qəbul olunub. Gələcəyin məşhur neftçisi 1954-cü ildə orta məktəbi müvəfəqiyyətlə başa vurub, 1955-ci ildə Məşədi Əzizbəyov adına Sənaye İnstitunun Mühəndis-İqtisad fakültəsinə daxil olur.

1960-cı ildə Azərbaycan Sənaye institutunu müvəfəqiyyətlə bitirir və işləmək üçün təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutuna göndərilir. Elə həmin ildə də Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Konstruktor şöbəsinin “texniki iqtisadi əsaslandırma sektoru”nda, az sonra isə həmin sektorun əsasında ilk dəfə təşkil olunmuş “İqtisadi tədqiqatlar” laboratoriyasında kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Beykəs müəllim bizimlə söhbəti zamanı o illərə qayıdaraq bildirdi ki, orada 35 laboratoriya fəaliyyət göstərirdi və hərəsinin də öz istiqaməti vardı. Alim onunla çiyin-çiyinə çalışan şəxsləri də unutmayıb: “Laboratoriyada həmçinin məşhur akademik Əli Quliyev, İzzət  Orucova da işləyirdilər.  60 nəfərə qədər elmi işçi, 4 briqada çalışırdı”.

Həmin labaratoriyada B. Xıdırova rəhbərlik tərəfindən sürtkü yağları aşqarların istehsalı istiqamətində aparılmış tədqiqat işlərinin iqtisadiyyatı ilə məşğul olmaq həvalə olunub. İqtisadi baxımdan ilk respublika əhəmiyyətli iş keçmiş ittifaq miqyasında 50-60 faiz respublikanın o zamankı A.Caparidze adına Neft Emalı Zavodunda professor R. Ş. Quliyev və F. İ. Səmədovanın tədqiqatlarına əsasən istehsal olunmuş MK-22 növlü təyyarə yağının xammal bazasını genişləndirilməsinin iqtisadi əsaslandırılması olub. Həmin iş ittifaq əhəmiyyətli problem olduğundan nəticələri 1963-cü ildə mərkəzi jurnalda çap olunmuşdu. Bundan başqa 1960-cı illərin əvvəllərinə kimi “Azər Neft yağ” NEZ-də istehsal olunmuş 1500-1600,0 min ton sürtkü yağlarının xammal bazasını respublikamızın unikal neftləri ilə yanaşı “Neft Daşları” neftinin az parafinli neftləri təşkil edirdi.

Beykəs müəllim söyləyir ki, 1964-cü ildən etibarən sürtkü yağlarının istehsalında problemlər meydana gəldi: “ Sürtki yağları 18-19 dərəcədən yuxarı temperaturda donur və öz qabiliyyətini itirir. 1956-1957-ci illərdə Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru Əli Musa oğlu Quliyevin komandası ilə birgə yeni aşqar icad olundu ki, həmin aşqardan 0,5 faiz əlavə etməklə sürtkü yağının donma temperaturu xeyli aşağı düşürdü. Bu ixtiraya görə də, akademik Əli Quliyev dövlət mükafatına layiq görüldü. Sonrakı illərdə neft yataqları genişləndirilməyə başlandı. Köhnə yataqlarda isə neft ehtiyatları azalırdı, neftin tərkibində parafin karbohidrogenlərin miqdarı artırdı”.

Beləliklə, qeyd olunan dövrdə neftin hasilatında və az parafinli hissənin nəql olunmasında problemlər yaranmışdı. Bunu nəzərə alaraq institutda o zaman istismara başlamış “Qum-adası”, “Səngəçal- dəniz”, həmçinin “Neft-Daşları” neftinin parafinli növündən müxtəlif çeşiddə sürkü yağlarının istehsalı texnologiyasının işlənməsi istiqamətində genişmiqyaslı tədqiqatlar aparılırdı. Zavod istənilən halda istehsalı davam etdirmək üçün hər hansı bir tədbir görməli idi. Digər tərəfdən isə yeni yataqlardan çıxarılan neftin sxemi işlənilirdi. Çünki məqsəd sxemə parafinsizləşdirmə prosesini əlavə etmək idi. 

Tədqiqatların nəticələrinə əsasən, Beykəs Xıdırov tərəfindən ilk dəfə respublikada hasil olunmuş parafinli neftlərdən yağların istehsalı texnologiyası iqtisadi cəhətdən əsaslandırılmışdır.

Moskvada Ümumittifaq Neft Emalı Elmi Tədqiqat İnstitutunda “1965-1980-ci illərdə SSRİ-də sürtkü yağlarının istehsalı və yerləşdirilməsi” mövzusunda iş aparılırdı. Həmin mövzuda respublika zavodlarındakı vəziyyətin obyektiv nəzərə alınması üçün institutun rəhbəri akademik V.S. Əliyevin təşəbbüsü ilə B.Xıdırov 1964-cü ildə 6 ay müddətinə Moskva şəhərinə ezam olunur. Məhz bundan sonra Neft-Kimya Prosesləri İnstitutunun tədqiqatları əsasında ölkəmizdə parafinli neftlərin emalı hesabına yağ istehsalının həcmini saxlamasına beynəlxalq səviyyədə nəzərə alınmasına nail olunur. Aşqarlar Kimyası İnstitutu təşkil olunana qədər bu sahədə aparılan tədqiqatların qiymətləndirilməsi AzNİİ-7, BFK-1, İNXP-21, SB və SK-3 kimi aşqarlarının ilkin iqtisadi əsaslandırmaları Beykəs Xıdırov tərəfindən yerinə yetirilib.

Beykəs müəllim, 1970-ci ilə kimi sürtkü yağları və aşqarlar texnologiyasının iqtisadiyyatı ilə əlaqədar apardığı işləri ümumiləşdirərək 1971-ci ildə “Azərbaycanda yüksək kefiyyətli yağ istehsalının iqtisadi səmərəliliyinin tədqiqi” mövzusunda hazırladığı dissertasiyanı müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülür.

Yeri gəlmişkən, Beykəs Xıdırov 1970-ci illərin sonlarından başlayaraq institutda işlədiyi “İqtisadi Tədqiqatlar” laboratoriyasına rəhbərlik etməyə başlayıb. Göstərilən dövrdən etibarən B.Xıdırov müxtəlif illərdə institutun neft emalı və neft-kimyası sahəsində çoxsaylı laboratoriyalarda aparılan tədqiqatların iqtisadi qiymətləndirilməsi və istehsala tədbiq olunmuş karbamidə parafinsizləşdirmə 1A1M tipli katalitik kreking, yağların hidrogenlə təmizlənməsi, sürtkü yağların istehsalı üçün tikilib işə salınmış iki parafinsizləşdirmə proseslərinin istismarını xarakterizə edən faktiki məlumatlar əsasında aparılmış iqtisadi işlərin icraçısı və yaxud rəhbəri olmuşdur.

1980-ci ilin axırlarında neft emalı iqtisadiyyatı istiqamətində apardığı işləri sistemləşdirərək doktorluq dissertasiyası hazırlamaq məqsədilə 6 ay müddətinə Moskvanın Qumpkin adına Neft və Qaz İnstitutuna ezam olunub.

Təcrübəli neftçi B. Xıdırov 1999-2010-cu illərdə böyük həcmdə polimer materialların istehsalı sxeminin, Azərbaycanda üzvi və qeyri-üzvi materialların kompleksli elmi-texniki proqresi və s. mövzularda yerinə yetirilmiş problemlərin iqtisadi əsaslandırılması işlərinin rəhbəri, yaxud icraçısı olub. Bütün bunlarla yanaşı neftayırma sahəsində bəzi iqtisadi göstəricilərin hesablama metodunun təkmilləşdirilməsi istiqamətində aparılan işlərin, yəni neft emalına aid bəzi kompleksli qurğularda alınmış məhsulların maya dəyərinin kalyulyasiya metodunun təkmilləşdirilməsində də əməyi olub. Maya dəyərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər ittifaqın mərkəzi təşkilatları tərəfindən qiymətləndirilir. 1990-cı ildə SSRİ-nin neftayırma müəssisələri üçün “Maya dəyərinin mövcud metodikası” Ümumittifaq təşkilatı tərəfindən təkmilləşdirilən zaman sahənin üç texnoloji prosesi (neftin ilkin emalı, 1A1M tipli katalitik kreking və karbomidlə parafinsizləşdirmə) B.Xıdırov tərəfindən təqdim olunmuş təklifə əsasən təkmilləşdirilmişdir.

İşinin peşəkarı, əməksevər insan B. Xıdırov 1990-ci ildə “Azərbaycanda neft emalının səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətləri” mövzusunda hazırladığı doktorluq dissertasiyası işini müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb. Həmin işin icrası zamanı neft emalında səmərəli texnoloji istiqamətlərin qiymətləndirilməsi və maya dəyərinə aid bəzi problemlərin təkmilləşdirilməsi ilə yanaşı, ilk dəfə neft emalı sahəsində “iqtisadi əsaslandırma” zamanı alınmış iqtisadi nəticənin birdəfəlik və əməliyyat xərclərindən müxtəlif miqyasda asılılığı öyrənilmiş, həmçinin o dövrün iqtisadçılarından fərqli olaraq ilk dəfə ictimai istehsalın son iqtisadi nəticəsi təkcə vergidən təmizlənmiş mənfəət yox, onunla birlikdə illik amortizasiya ayrımlarını məbləği təklif olunmuşdur.

Neftçi-alim, 1992-ci ildə Elmi Şuranın qərarı ilə yarımştat işdə qalmaq şərti ilə indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu rəhbərliyinin təşəbbüsü ilə burada iqtisadi məsələlər üzrə direktorun müavini vəzifəsində çalışmağa başlamışdır. Burada işlədiyi dövrdə zavodun iqtisadi məsələləri ilə yanaşı İNXP-nin əməkdaşları ilə birlikdə müstəqil Azərbaycan respublikasının neft emalının kompleksli istehsal proseslərində neft məhsullarının maya dəyərinin kalkulyasiyası metodu görkəmli neftçinin rəhbərliyi ilə işlənmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə razılaşdırılaraq, 1998-ci ildə Neft Şirkəti tərəfindən təsdiq olunmuşdur. 1997-1998-ci illərdə NKPİ-də “Azərbaycanda yanacaq və yağ istehsalının mərhələli inkişafının perspektiv kompleks sxemlərin işlənməsi” mövzusunda aparılmış tədqiqatların iqtisadi əsaslandırılmasına rəhbərlik etmişdir.

2006-cı ildə SOCAR rəhbərinin təşəbbüsü ilə Neft Şirkətinin baş ofisində “Emal kompleksi üzrə texnoloji araşdırmalar” şöbəsinin rəisi vəzifəsində işləməyə başlamışdır. 2014-cü ildən Neft Şirkətinin məsləhətçi MMC-sində aparıcı iqtisadçı kimi fəaliyyət göstərib.

70-ə yaxın elmi məqalənin və neftayırma mövzusunda 3 monoqrafiyanın müəllifidir. 1998-ci ildən AMEA İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.

Neft elminin inkişafında böyük və danılmaz əməyi olan Beykəs Xıdırovun əməyi müxtəlif dövrlərdə qiymətləndirilib. Alim çoxsaylı təltiflərə layiq görülüb. O, 1976-cı ildə SSRİ Xalq təsərrüfatı nailiyyətləri sərgisinin- bürünc medalına, 1979-cu ildə SSRİ Neft emalı və Neft-Kimya sənayesi əlaçısı döş nişanına, 2003-cü ildə Azərbaycan Respublikası Şöhrət ordeninə, 2008-ci ildə ARDNŞ-nin Fəxri fərmanına layiq görülmüşdür.

Beykəs müəllim Prezident İlham Əliyevin 19 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Bu gün işgüzarlığı, əməksevərliyi ilə gənclərə örnək olan, həyatın mənasını yalnız zəhmətdə görən Beykəs Xıdırovun 85 yaşı tamam olur.  Yubilyarı doğum günü münasibətilə ürəkdən təbrik edirik, alimə xoş əhval-ruhiyyə, sevincli günlər, möhkəm cansağlığı, mənalı ömür və bundan sonra da neçə belə yubileylər qeyd etməsini arzulayırıq.

Günel Eyyubova, “İki sahil”