Və yaxud keçmişə qayıdış nədən qaynaqlanır?
Qadın qarderobu daim yeni və aktual formalarla zənginləşir. Bəzi fasonlar isə uzaq keçmişdən qayıdır. Bu geyimlər ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.
Kloş şalvar
Məsələn, ötən əsrin 70-cı illərinin ortalarında istifadə edilən klyoş şalvar bu mövsüm çox məşhurdur. Çox az adam bilir ki, bu şalvarın adı fransızca "zəng" mənasını verən "cloch" sözündən götürülüb. Modasevər qızlar klyoş kimi tanınan enlibalaq şalvarlar haqqında bir neçə vacib məqamları bilməlidirlər.
Dar şalvarlar və cinslər artıq neçə ildir ki, qadın qarderobunu işğal etmişdi. Bu mövsüm isə klyoş şalvarlar hegomonluq iddiasına düşüb. 70-ci illərin klyoş şalvarlarının hələ uzun müddət dəb gündəmini zəbt edəcəyi proqnozlaşdırılır. Bu tip şalvallar hündür belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə etməkdən çəkinməyin.
Klyoş şalvarlar bol kəsimli model olduğu üçün üst geyim kimi dar və bədənə yapışan köynəklər geyinmək daha yaxşı olar. Məsələn, əyninizə yaxşı oturan qısa pencəklərlə bu tip şalvarı uyğunlaşdıra bilərsiniz. Unutmayın ki, kloş şalvarla köynəyi isə mütləq şalvarın içinə salmalısınız. Üstdə qalanda çox səliqəsiz görünür. Təbii ki, incə kəmər taxmağı unutmamalısınız.
Ayaqqabı seçimində işiniz asandır. Ayaqqabı modelinə gəldikdə zərif yox, daha çox kobud modellərə üstünlük verin. Enlibalaqlı şalvarlar qalın dabanlı, ya da tanketka ayaqqabılarla çox yaxşı uyğunlaşır. Sadəcə ayaqqabının görünməməsinə diqqət edin. Bu zaman boyunuz olduğundan daha uzun görünər.
Böyük çiyinli pencəklər
80-ci illərin geyimləri isə böyük çiyinləri ilə xarakterikdir. Modelyerlər bunun üçün çiyinlikləri ən müxtəlif formalarda tikirdilər. Beli incə göstərmək üçün xanımlar adətən qalın kəmərdən istifadə etmək məcburiyyətində qalırdılar. O illərdə bu tip pencəklər geyinən xanımların ətəklərinin uzunluğu da dizdən bir qədər aşağı olmalı idi. Uzun pencəklər də məhz 80-ci illərdə dəbə minib. Üstəlik, həcmli çiyinlər yalnız pencəklərdə deyil, qarderobun bir çox digər əşyalarında da mövcud idi. Bu tendensiyanın ən romantik təcəssümü o, zamanlar dəbdə olan bluzlar idi. Qeyd edək ki, 40 il əvvəl məşhur müğənni Qreys Cons bütün dünyaya göstərdi ki, kişi pencəyini geyinməklə şık və zərif qalmaq olar. Enli çiyinli və bol kəsimli pencəklər "Qara pantera" ləqəbli müğənninin qarderobunun əsasını təşkil edirdi. Müğənni hətta konsertlərdə də ənənəvi tərzinə müraciət edir. Nostalji hisslərə qapılan dizaynerlər onun klassik obrazlarını dəbə yenidən gətiriblər.
Məsələn, Jan Pol Qotyenin 2013-cü ilin yaz-yay kolleksiyası tamamilə 1980-cı illərin ruhunda hazırlanmışdı və xüsusilə Qreys Consa həsr olunmuşdu. 2017-ci ilin yaz-yay mövsümündə dizaynerlər çəkinmədən və böyük məmnuniyyətlə onun obrazlarını növbəti dəfə dəbə qaytarıb. Özü də müasir versiyalarda. Məsələn, "Balenciaga" enli çiyinli bluzları lasinlərlə geyinməyi tövsiyə edir. "Vivienne Westwood", "Saint Laurent" və "DKNY" kimi lüks brendlər isə Qreysin məşhur kapüşonlu obrazlarını yamsılayıblar.
İş obrazını siz də belə pencəklərin sayəsində darıxdırıcı olmaqdan xilas edə bilərsiniz. Boz, qara, tünd göy, hətta parlaq çəhrayı rəngli pencəkləri dar cins şalvarlarla geyinə bilərsiniz.
Gecə geyimləri tərzi
"Givenchy" və "Olenich" yaz - payız kolleksiyalarını yaratdıqda, 90 -cı illərin geyimlərindən ilham alaraq romantik, zərif gecə geyimlərinə bənzər bir tərz yaratdılar.
Onlar bunu edərək o, zamanlar zərifliyin rəmzi kimi tanınan Kerri Bradshav və Reyçel Greenin üslubunu sanki təkrarladılar.
Mini ətək
Bir çox qadınların ən sevimli geyimlərindən biri də məhz mini ətəkdir. Bu geyim bütün dövrlərdə mənfi tərəfləri ilə qınağa səbəb olsa da, hər zaman dəbdə olub. Bu gün də cəmiyyətimizdə mini ətəyə yanaşma birmənalı deyil. Sən demə, mini ətəyin çox maraqlı yaranma tarixi var. Belə ki, 1959-cu ilin yanvar ayında gənc ingilis dizayneri Meri Kuantın ağlına çox maraqlı bir fikir gəlib. Bir dəfə o, rəfiqəsinin yeri silmək üçün qısaldılmış köhnə ətəkdə döşəməni sildiyini görüb və ağlına belə bir fikir gəlib. O, bu cür ətəyi öz kolleksiyasına daxil edib. Həmin vaxtdan etibarən podiumlarda yeni bir tendensiya yaranıb və qızlar müasir dəbin tələbinə tam cavab verən qısa ətəklər geyinərək çılpaq ayaqlarını nümayiş etdirməyə başlayıblar. Bu kolleksiyanın buraxıldığı ildə 200 mindən çox ətək satılıb. Kuant bu uğura sadə izahat verib: “Mən aşıq-saçıqlığı çox sevirəm. Ona görə də mənim kimi düşünən milyonlarla qadın mənim bu ideyamı çox xoşladı." O,həmçinin qeyd edib ki, mini ətəyin yaranması qadınların obrazına ikiqat cazibədarlıq qatıb.
Xatırladaq ki, mini yubkaların daha populyar olmasında fransız dizayner Andre Kurregesin də böyük rolu olub. İlk dəfə mini yubkalar 1965-ci ildə yaz-yay kolleksiyasında nümayiş olunub.
Hal-hazırda qısa ətək həm istirahət, həm də işgüzar şəraitə uyğun geyimdir. Hər bir məşhur modelyerin kolleksiyasında qısa ətəklər mütləq olur.Məsələn, məşhur dizayner Miucci Prada, belə ətəkləri bir idman ayaqqabısı və boş köynəklərlə birləşdirməyi təklif edib. David Coma isə mini ətəkləri boş jaketlər ilə geyinməyi məsləhət görüb.
Elə bir xanım da tapılmaz ki, onun qarderobunda mini ətək olmasın. Məşhur dizaynerlərin fikrincə qısa ətək geyinən xanım gözəl görünür və cazibəsini daha yaxşı biruzə verir. Qeyd edək ki, qısa ətəklərdə xanımlar yaşından cavan görünürlər. Belə ətəkləri geyinmək arzusu xanımı həmişə formada qalmağa məcbur edir. Buna görə də, kişilərin diqqətində olmaq istəyənlər üçün qısa ətək ən yaxşı seçimdir.
Bermud şortları
Bu şortlar əsasən 1920-1930 -cu illərində məşhurlaşdı.Bu şortların 20-ci əsrin 30-cu illərində Bermudda mövcud olan qadağaya görə yarandığına dair əfsanələr mövcuddur. Orada qadınlara ombalarını kişilərə göstərmələri qadağan edilmişdi. Buna görə ixtiraçı qadınlar adi şortları sadəcə uzatdılar. Digər bir mənbədə isə göstərilir ki, Bermud şortları ilk dəfə hərbi formanın bir hissəsi kimi ingilis müstəmləkə qoşunlarında meydana çıxıb. Onlar isti ölkələrdə geyinilmək üçün hazırlanmışdı. Bermud adaları da Böyük Britaniyanın müstəmləkəsi olduğundan orada geniş yayıldı.
Hal-hazırda dizdən və ya bir az aşağıya çəkilmiş şortlar cəmiyyətin elit hissəsinin həyat tərzinə uyğundur . Bir çox qadınlar bu tip şortları tətil gedərkən geyinir. Qeyd edək ki, bermud şortlar əsasən kəçən ildən podiumlara qayıtdı.
Samirə Tağıyeva, "İki sahil"