Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 17-də sürətli hücumla Füzulini işğaldan tam azad etdi. İgidlərimiz 27 ildən sonra şəhərdə bayrağımızı ucaltdılar. Digər qürurverici məqam isə müharibədən cəmi 9 ay sonra isə Füzulidə inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsidir. Belə ki, 2021-ci ilin sentyabrın 5-də Bakıdan havaya qalxan «Airbus A340-500» tipli «Qarabağ» sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk və möhtəşəm hava limanında eniş etdi.
Bu hadisə ölkəmizin siyasi-hərbi və iqtisadi qüdrətinin bir daha təsdiqidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Tarixin ən dəyərli səhifəsidir ki, 9 ay əvvəl Füzuli hava limanının tikildiyi ərazi Azərbaycan igidlərinin yağı düşmənin başını əzən döyüş meydanı olduğu, halda bu gün həmin ərazi Qarabağın dünyaya açılan hava qapısına çevrilib.
Prezident İlham Əliyev yanvarın 14-də həmin aeropotun təməlini qoyanda demişdi ki, bu hava limanının əsas məqsədlərindən biri də xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də uzaq deyil. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.
Qeyd edək ki, Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti cəmi 35 dəqiqədir. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək. Burada uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün ən müasir enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri quraşdırılıb. Bu isə hava limanında istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək.
Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib. Hava limanını Zəfər yolu və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Ərazidə yaşıllaşdırma işləri də aparılır.
Azərbaycan Prezidentinin də söylədiyi kimi, Füzuli aeroportu işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Çünki hazırda Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Həmin turistlərin daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilmələri üçün Füzuli hava limanı daha əlverişli imkan yaradacaq. Bir sözlə, Füzuli Beynəlxalq Aeroportu regionda turizmin canlanmasına kömək edəcək.
Xüsusi vurğulamaq lazımdır ki, sentyabrın 5-də Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan «Boeing 747-400» tipli hava gəmisi də Füzuli hava limanına eniş etmişdi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bu, onu göstərir ki, hava limanı həm də yükdaşımalar, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.
Ümumiyyətlə, Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına Böyük Qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir.
İqtisadçı ekspertlər də hesab edirlər ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilməsinə imkan yaradacaq. Qarabağda və Şərqi Zəngəzurda aeroportların inşası bir də ona görə əhəmiyyətli hadisədir ki, bu layihələr işğaldan azad edilmiş ərazilərimizdə xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına yeni imkanlar yaradacaq. Nəticədə işğaldan azad olunmuş torpaqların abadlaşması və sürətlə qurulması prosesi gerçəkləşəcək.
Elçin Zaman, «İki sahil»