14 sentyabr 2021 00:58
1444

Biz artıq gələcəyə baxmalıyıq

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, müharibə artıq bitib, münaqişə həll olunub, baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb

 

Qırx dörd günlük Vətən müharibəsinin başlandığı, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Anım Günü kimi təsis olunan 27 sentyabr 2020-ci il tarixindən bizləri bir illik zaman ayırır. Arxada qalan bir ilin hər günü Zəfərimizə gedən yolun təhlili, 30 illik işğal dövründə ölkəmizə qarşı ikili standartlara əsaslanan siyasətin yaratdığı problemlər geniş təhlil edilərək hər an dəyişməz olan bu mövqeyimiz önə çəkilir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaqdı və barışmadı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilən torpaqlara səfərləri ilə bağlı təəssüratlarını ifadə edərkən bildirir ki, əlbəttə, hər bir Azərbaycan vətəndaşı hansı hissləri keçirirsə, mən də o hissləri keçirirəm, bəlkə daha çox: «Çünki mən artıq əyani şəkildə o torpaqlarda olmuşam. İndi vaxtaşırı televiziya reportajlarında dağıdılmış, viran qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb.»

İşğaldan azad edilmiş ərazilərimizdə bir dənə də salamat bina yoxdur. Tarixi və dini abidələrimiz tamamilə dağıdılıb. Bu mənzərə bütün dünyaya təqdim edilir və təqdim edilməlidir. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. «Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik» söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, buna görə şanlı Qələbəmiz bölgə, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Dünya Azərbaycanın hansı imkanlara malik olduğunu gördü. Hərb variantı səbəbsiz yerə istisna edilmirdi. Maraqlıdır, 10 noyabr üçtərəfli razılaşmasından sonra «fəallaşan» ATƏT-in Minsk qrupunun həmsədrləri niyə Ermənistanı sülh razılaşmasından irəli gələn addımları atmağa məcbur etmir? Bir müddət öncə yaydıqları bəyanatda vasitəçilik missiyalarını davam etdirmək, regionda sabitliyin, təhlükəsizliyin təminatına dəstək vermək istədiklərini bildirirdilər. Qətnamələr, konvensiyalar maraqların toqquşması üzündən saralmış kağız üzərində qalacaqlarsa, onların qəbuluna vaxt sərf etməyə nə ehtiyac var? Ən əsası hər hansı bir məsələnin tərəflər arasında çözülməsinə mane olub, onu beynəlxalq problemə çevirən dünya dövlətləri ədalət meyarının maraqlar fonunda əridiyindən xəbərdar və bu prosesin əsas iştirakçıları olduqları halda özlərini beynəlxalq hüququn «müdafiəçiləri» kimi göstərmələri təəssüf doğurur. Doğrudan da yatmış vicdanların oyanması və dünya dövlətlərinin xarici siyasətinin yenidən formalaşdırılması, beynəlxalq hüququn tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsi zamanıdır. Ölkə Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən diqqəti bu kimi məsələlərə yönəldərək bildirmişdir ki, xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupunun həmsədri olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişlər. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim: “Bu, təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilinin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik.”

Azərbaycan Ordusu döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazdı. 2003-cü ildə ilk dəfə Prezident kimi and içərək söylədiyi « Azərbaycanda ordu quruculuğu daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır» fikirlərini 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq edən Ali Baş Komandan İlham Əliyev Şuşada, Füzulidə, Cəbrayılda, Ağdamda, Xudafərində, işğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqla sözlə əməl birliyini nümayiş etdirdi. «Şuşasız bizim işimiz yarımçıq olar» söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.
 Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Bu Qələbə, ordumuzun Zəfər sevinci xalqımızın Müzəffər Sərkərdəsi Prezident İlham Əliyevin ətrafında «dəmir yumruq» kimi birləşməsinin ifadəsi idi. Bu qələbələr ordu quruculuğu istiqamətində aparılan islahatların, çəkilən zəhmətin bəhrəsidir. Son illərdə ölkə iqtisadiyyatının güclənməsinin, ordu quruculuğunun intensivləşməsinin, müdafiə sənayesinin inkişafının məntiqi nəticəsi olan torpaqlarımızın azad olunması düşmən üzərində qələbəmizi şərtləndirdi. Döyüş hazırlığını, qüdrətini hərb meydanlarında düşmənə ağır zərbələr endirməklə bildirən ordumuzun müasir hərbi texnika, müasir silahlarla təmin olunması, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclu orduları sırasında yer alması, həm də iqtisadi qüdrətimizin göstəricisidir. Оrdumuzun döyüş əməliyyatları XXI əsrdə müharibə aparılması nümunəsi adlandırılır. Prezident İlham Əliyevin xalqa müraciətlərində və beynəlxalq hərbi ekspertlərin açıqlamalarında qeyd olunduğu kimi, çətin relyefə malik, sıldırım qayalarla əhatə olunmuş Şuşa uğrunda mübarizədə qalib gələn Azərbaycan Ordusunun döyüş təcrübəsi müstəsna hal, dünya hərb tarixində unikal əməliyyat adlandırılaraq beynəlxalq səviyyədə öyrənilir. Azərbaycanda illərdən bəri ordu quruculuğu istiqamətində aparılan islahatların məntiqi nəticəsi beynəlxalq təşkilatların açıqladıqları statistik rəqəmlərlə də ifadə olunur. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusu «Qlobal atəş gücü» indeksi üzrə 64-cü yerdə qərarlaşaraq, siyahının 111-ci sırasında yerləşən Ermənistanı qabaqlayır. Hərbi kontingent, hava qüvvələri ilə təminat baxımından da Ermənistanı xeyli arxada qoyan ordumuzun əməliyyatlar zamanı mülki əhalini hədəfə almaması isə Azərbaycanın multikultural dəyərlərə sadiqliyini, döyüş əməliyyatları zamanı belə humanizm prinsiplərini diqqətdə saxladığını göstərir. Ordumuzun belə yüksək dəyərləndirilməsi təbiidir. Ermənistanı «məğlub edilmiş ölkə» adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, oğrular, əsgər yeməyini satanlar hesabına formalaşan Ermənistan ordusu fərarilərdən, qorxaqlardan ibarətdir. Qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitləri qarşısında ağ bayraq qaldıran, hərbi kapitulyasiyaya məcbur olan Ermənistan ordusunda fərarilik edənlərin sayı 10 mini ötüb. Əsgərini, hərbi texnikasını döyüş meydanında qoyub qaçan, zabit şərəfini Azərbaycan əsgərinin ayaqları altına atan hərbçilərin dönüklüyünü, qorxaqlığını, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olduğunu özləri belə təsdiqləyirlər. Quldurlardan, muzdlulardan ibarət Ermənistan ordusundakı biabırçı vəziyyəti «Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların «qəhrəmanları» qorxaqdırlar, onların rəhbərləri cinayətkarlardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində-1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib» sözləri ilə diqqətə çatdıran Prezident İlham Əliyev hər zaman qeyd edirdi ki, erməni xalqı özünü dövlətə başçılıq edən xunta rejimindən qorumalıdır. Bu gün də müstəqil olmayan, rəzil vəziyyətə düşən Ermənistan saxtalaşdırılmış keçmişindən əl çəkmədən irəli gedə bilməyəcək.

Döyüş meydanında, bütün dünya qarşısında rəzil olan ermənilərin bundan sonra bu damğa ilə yaşayacaqlarını söyləyən Prezident İlham Əliyev bildirir ki, Ermənistanın işğal siyasəti bu ölkəni siyasi, hərbi, iqtisadi cəhətdən asılı, müstəqil olmayan dövlətə çevirməklə, övladlarını ziyanlı nasizm, faşizm ideologiyaları ilə tərbiyə etməklə gələcəklərini də məhvə aparırlar. İşğaldan azad edilən Azərbaycan torpaqlarında törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı qəddarlıqların görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. «Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqları işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur» sözləri ilə işğalçının aqibətinin mütləq məğlubiyyətlə nəticələnəcəyini bildirən Prezident İlham Əliyev Ermənistanın timsalında faşizmin bütün dünya üçün qorxulu bəla olduğunu göstərir, separatizmi, dini radikalizmi, etnik təmizləmə siyasətini dəstəkləyən qüvvələri haqqa, ədalətə çağırır.

İkinci Qarabağ müharibəsində Gəncəni, Ağdamı, Füzulini, Tərtəri, Bərdəni davamlı atəşə tutan, ballistik raketlərdən, kasetli, fosforlu bombalardan istifadə edən Ermənistan faşizm ideyalarına son qoymadıqca dünya dövlətləri arasında yer ala bilməyəcək. Azərbaycan Ordusu işğalçıya qalib gəlməklə bölgədə erməni faşizminin belini qırdı: «Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin. Özümüzü müdafiə etmək üçün istənilən addımı atacağıq… Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər ki, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə» söyləyən Prezident İlham Əliyevin xarici mətbuata çoxsaylı müsahibələrində göstərdiyi qətiyyət, qərəzli suallara məntiqli cavabları, dünya siyasətinin təhlili baxımından verdiyi açıqlamalar da lider qətiyyətinin, fəlsəfəsinin, dəyişilməz siyasi iradənin göstəricisi idi.

Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. İşğalçını, terrorçunu dəstəkləyənlər artıq başa düşməlidirlər ki, alovlanan münaqişə ocaqlarının söndürülməsi üçün terrora, milli münaqişələrə «yaşıl işıq» yandırmaqla XXI əsrin çağırışı olan sülhə nail olmaq mümkün deyil. Azərbaycan son hadisələrdə göstərdiyi şücaəti, humanizmi ilə yenə də dünyada sabitliyin qorunmasındakı xoş niyyətini ortaya qoydu. Ölkəmiz qarşı tərəfə sülh sazişinin imzalanmasını təklif etsə də Ermənistan hakimiyyəti hələ də konkret cavab vermir. Düşünürük ki, 44 günlük Vətən müharibəsində nümayiş olunan dəmir yumruq unudulmayıb. Ən əsası Azərbaycanın sülh siyasətinə sadiqliyindən bəhrələnib 30 il danışıqlara imitasiya naminə qatılan Ermənistan və ona dəstək verənlərə dövlət başçısı İlham Əliyev bu mesajı çatdırır ki, sülh təklifini masa üzərində daimi saxlamaq fikrində deyilik.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, müharibə artıq bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır.

Yeganə Əliyeva, «İki sahil»