14 sentyabr 2021 17:34
671

Xətai rayonunda Vətən müharibəsi şəhidinin xatirə lövhəsinin açılışı olub FOTO

21 illik  şərəfli ömrün şəhidlik məqamı

“Vətən sağ olsun” deyib öz qanları və canları ilə torpağa azadlıq toxumu səpən, Vətən uğrunda qəhrəmancasına mübarizə aparan, qəlbi Vətən eşqi ilə çırpınaraq şəhidlik məqamına yüksələn, Vətən borcunu layiqincə yerinə yetirən, şəhadəti ilə tarix yazan igidlər sırasında İkinci Qarabağ müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlu da var. Kəmaləddin Məmmədzadə də elimizin qartal baxışlı, şahin duruşlu, şir ürəkli, polad biləkli qəhrəman şəhid oğulları kimi gözünü qırpmadan həyatda ən şirin nemət olan canını ən müqəddəs və ali dəyər olan Vətən uğrunda fəda etdi. Ömrünün 21-ci ilində şəhidlik məqamına ucaldı.

Sentyabrın 14-də Vətən müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun 22-ci doğum günündə paytaxtın Xətai rayonunda şəhidin xatirəsinə həsr olunan xatirə lövhəsinin açılış mərasimi oldu.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli,  şəhidin ailə üzvləri, sinif yoldaşları və digər ictimaiyyət nümayəndələri iştirak etdilər.

Mərasimdə hərbi ənənələrə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbir iştirakçılar Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərimizin müqəddəs ruhuna ehtiramlarını ifadə etdilər. Daha sonra şəhidin xatirə lövhəsinin qarşısına tər güllər düzüldü.

Şəhidlərimizin qəhrəmanlığı gənc nəslə nümunədir

Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Zəfər dünyada dillər əzbəridir: “Ən əsası da odur ki, 30 illik həsrətə son qoyulub və buna məhz xalq-iqtidar-ordu birliyi nəticəsində bütöv Azərbaycan nail olub. Əlbəttə ki, bütün bunlar Vətəni uğrunda canını qurban vermiş qəhrəman oğullarımızın sayəsində gerçəkləşdi.”

P.İmanov vurğuladı ki, ənənəvi olaraq, rayonumuz  Vətən müharibəsində öz canı bahasına qələbəni bizə yaşadan şəhidlərimizin adını müxtəlif formalarda anır, xatirələrini əbidiləşdirmək üçün tədbirlər keçiririk. Əsas məqsədimiz şəhidlərimizin adını və xatirəsini əbədiləşdirmək, onların ailə üzvlərinə, yaxınlarına təskinlik vermək və şəhidlərimizin qəhrəmanlığını gənc nəslə nümunə olaraq onların yaddaşlarına həkk etməkdir: “Şəhidlərimizin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaət, onların döyüş yolu gələcək nəsillər üçün nümunədir. Vətən uğrunda canını fəda edən qəhrəmanlar əbədiyyətədək xalqımızın yaddaşında yaşayacaq, onların xatirəsi dövlətimiz tərəfindən daim uca tutulacaq.

Onların xatirəsi xalqımız tərəfindən hər zaman əziz və uca tutulacaq

Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin göstərdiyi şücaətdən danışıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı vurğulayıb: “Şəhidlərimizin xatirəsi bizim ürəyimizdə əbədi olaraq yaşayacaq. Bugünkü tədbirdə iki şəhidimizin xatirəsini yad etmək üçün gələn tədbir iştirakçılarına Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev adından çox sağ olun deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.”

Çıxışlarda şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən qəhrəmanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.

Tədbir zamanı məktəblilərin ifasında Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan  hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Vətən müharibəsi dünya hərb tarixnə qızıl hərflərlə yazıldı

Daha sonra mərasimdə ehtiyatda olan kapitan, Qarabağ qazisi, Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov çıxış edərək bildirdi ki, 44 günlük  Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərdi və dünya hərb tarixnə qızıl hərflərlə yazıldı: ”Şəhidlərimiz bütöv Azərbaycanı gələcək nəslə əmanət qoyub getdilər. Onlar qanı və canı bahasına bu torpaqları düşməndən azad etdilər. “Dəmir yumruq” düşmənin başını əzdi, onlara Azərbaycan xalqının nəyə qadir olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ordumuzu, millətimizi qorusun. Biz daim müzəffər olaq. Şəhidlərimizin bizə qoyduğu əmanəti qoruyaq. Gələcək  nəsl qəhrəman şəhidlərimizdən örnək götürməlidir. Şəhidlərimiz necə Vətəni seviblərsə, öz canları bahasına azad ediblərsə, qoruyublarsa, gələcək nəsldə Vətənimizi göz bəbəyi kimi qorumalıdır".

Abidə kompleksinin açılışında iştirak edən şəhidin ailə üzvləri, döyüş yoldaşları ürək sözlərini, şəhidlə bağlı xatirələrini “İki sahil”lə bölüşdülər:

Deyirdi ki, düşməndən qisasımızı alacağıq

Şəhidin həm sinif, həm də parta yoldaşı Osman İbrahimov bildirdi ki, Kəmaləddin saf qəlbli, ürəyi təmiz, dostcanlı insan idi: “Əsgər gedəndən sonra mənlə əlaqə saxladı ki, hərbi xidmətdəyəm. Ona qədər xəbərim yox idi. Tez-tez  ondan məlumat alırdım, maraqlanırdım. Axırıncı dəfə onunla xatirə lövhəsinin yerləşdiyi bu parkda olarkən zəngləşdim. Dedi ki, hər şey yaxşıdır. Özünüzdən muğayat olun. Əsas da anamdan və atamdan... Danışığından hiss edirdim ki, Kəmaləddinin içindəki Vətən sevgisi daha da coşub. O deyirdi ki, düşməndən qisasımızı alacaq, ən son damla qanımıza qədər vuruşacağıq. Layiqincə Vətən borcumu yerinə yetirirəm. Şuşa azad olunan günün səhəri xəbər gəldi ki, qardaşımız Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Qarabağ həsrətinə son qoymağı özünə borc bildi

Kəmaləddinin müəlliməsi Sədaqət Fərhadova qeyd etdi ki, şəhidimiz sinifdə mülayim, səmimi, mehriban uşaq olub: "Öz üzərində çalışan, irəli getməyi, özünü inkişaf etdirməyi sevən şagird idi. Kəmaləddinin özü kimi, duyğuları da yaraşıqlı və gözəl idi. Ətrafındakı insanların qayğısını çəkməyi sevirdi, özünə insanlıq borcu bilirdi sanki... Necə ki, yaxınlarının, tanışlarının qayğısını çəkməyi sevirdi, eləcə də Vətənin qayğısını, dərdini çəkməyi, 30 illik Qarabağ həsrətinə son qoymağı özünə borc bildi. Biz onu heç vaxt yaddan çıxartmayacaq, şərəflə onun əziz xatirəsini yad edəcəyik. Allah rəhmət eləsin".

Qürur duyuram ki, belə igid oğul böyütmüşəm

Şəhidin anası Aygün Məmmədova vurğuladı ki, bu gün həm fəxredici, həm də ağır gündür: "Oğlumun mövlud günüdür. Kəmaləddinlə fəxr edirəm. Qürur duyuram ki, belə igid oğul böyütmüşəm. Övladdan əlavə o, mənim dostum, sirdaşım idi. Onun haqqında nə qədər danışsam yenə də azdır. Allah bütün şəhid ailələrinə səbr versin. Şəhidlərimizin ruhu şad olsun. Bütün şəhid balalarımızın qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Kəmaləddinin səsindən Zəfər ruhunu hiss edirdim

Şəhidin atası Vüqar Məmmədov bildirdi ki, oğlum 21 il həyat sürdü: "İgid atası kimi deyirəm ki, Kəmaləddin çox layiqli, vətənpərvər oğul olub. Ata kimi fəxr edirəm ki, övladım Vətən müharibəsinin sonuna qədər döyüşlərdə iştirak edib. Kəmaləddin Şuşa istiqamətində gedən ağır döyüşlərdə şəhadətə ucaldı. Onunla  danışanda deyirdi ki, hər şey yaxşıdır,  Qələbə bizimlədir. Kəmaləddinin səsindən Zəfər ruhunu hiss edirdim.  Oktyabrın 22-si mənə zəng edəndə dedi ki, ata  3 döyüş yoldaşım şəhid olub. Mən onların qisasını almayana qədər geri dönməyəcəm. Oğluma sevinərək ürək-dirək verirdim ki, bədbinlik hiss etməsin. Noyabrın 1-də zəng vurdu ki, bir neçə gün mən sizinlə əlaqə saxlaya bilməyəcəyəm. Məndən narahat olmayın. Sonuncu zəngi noyabrın 7-də oldu. Kəmaləddin dedi ki, ata yeganə əsgərəm ki, İsa bulağından birinci su içmişəm. Bu o demək idi ki, artıq Şuşa işğaldan azad olub.

Qeyd edək ki, Kəmaləddin Məmmədzadə 1999-cu ildə sentyabrın 14-ü Bakıda anadan olub. 2006-ci ildə Xətai rayonu 249 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2017-ci ildə orta məktəbi bitirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin geodeziya və xəritəçilik ixtisasına daxil olub.  Kəmaləddin 2 il ali təhsil aldıqdan sonra  uşaqlıqdan Vətən sevgisi ilə böyüdüyündən üçüncü kursa keçid edərkən təhsilini dondurub və  2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb. O, 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüş bölgəsində iştirak edərək, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsində iştirak edərək düşmənin çox sayda tankını məhv etmiş, düşmənə ağır zərbələr endirmişdir. Noyabrın 9-u səhər saat 5:00-da Şuşa şəhərindən Xankəndi şəhərinə daxil olarkən ermənilər tərəfindən mühasirəyə alınır və boynundan snayperlə vurularaq qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədzadə Kəmaləddin Vüqar oğlu "Vətən uğrunda" , "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Şəhid Saatlı rayonunun Minbaşıllı kənd Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xatırladaq ki,  sentyabrın 14-ü  şəhid Məmmədzadə Kəmaləddinin  doğum günü idi. Kəmaləddin yaşasaydı 22 yaşını qeyd edəcəkdi... Cənnətdəki ilk doğum günün mübarək, şəhidim. Mövludun mübarək, şəhidim! Müqəddəs ruhun şad olsun, şəhidim!

Yaqut Ağaşahqızı,

Nurlan Məlikzadə, “İki sahil”