19 sentyabr 2021 23:29
920

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti sentyabrın 17-19-da Rusiya Dövlət Dumasına seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

“İki sahil”in məlumatına görə, Azərbaycan müşahidəçi missiyasının tərkibində Moskvada səfərdə olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov AZƏRTAC–a müsahibəsində bildirib ki, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib.

“Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçiriblər. Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində tətbiq edilmişdi. Bundan əlavə, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”, - deyə N.Səfərov qeyd edib.

Deputat xatırladıb ki, Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəy yalnız səsvermə bitəndən sonra təqdim edilə bilər.

N.Səfərov deyib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanunamüvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.