24 sentyabr 2021 15:18
1185

İmmunitetin zəif olduğuna işarə edən “incə” əlamətlər

Bəzi gizli əlamətlər insanlarda immunitet probleminin olduğundan xəbər verə bilər. Bu barədə rusiyalı həkim-immunoloq Olqa Şuppo “İzvestiya” portalına məlumat verib.

O bildirib ki, daimi yorğunluq hissi zəifləmiş immunitetin əsas göstəricilərindən biridir. Bu simptom həmçinin, stress sonrası bərpa prosesinə cavabdeh olan böyrəküstü vəzlərin disbalansından da xəbər verə bilər. Qarında şişkinlik və yaddaşın pozulması həyəcan siqnalı ola bilər.

Tez-tez dodaqüstü sahədə uçuqlar (herpes) immunitet defisitinə işarədir. Həkimin sözlərinə görə, normal halda orqanizm belə kiçik simptomların öhdəsindən gələ bilir, lakin bir balaca zəifləyən kimi bu funksiyaları yerinə yetirmək çətinləşir. İldə üç-dörd dəfədən artıq uçuq yaranarsa, artıq narahat olmağa əsas vardır.

“İmmunitet problemlərinə işarə edən digər simptom allergik reaksiyalardır. Bundan əlavə, saç tökülməsinə və dirsəklərdəki quru dəriyə qarşı da diqqətli olmalısınız”, - deyə Olqa Şuppo vurğulayıb.

Nubar Süleymanova, “İki sahil”