24 sentyabr 2021 16:06
979

“Dünyanın axırında”qurulan bu qəsəbə ölkəyə turistlər cəlb edir - FOTO

Rusiyanın ən önəmli təbii qaz yataqlarının və mayeləşdirilmiş təbii qaz emalı mərkəzlərinin yerləşdiyi Yamal-Nenets muxtar vilayəti ərazisində qurulan bir qəsəbə turistlərin diqqətini cəlb etməkdədir.

Dünyanın ən şimal nöqtəsində salınan “Sabetta” qəsəbəsinin adı bölgədə yaşayan nenet adlı yerli xalqın dilindən tərcümədə “dünyanın axırı” anlamına gəlir. 2000-ci illərdə cəmi 19 yerli sakinin yaşadığı qəsəbənin hazırda 30 mindən artıq əhalisi var. Bölgədə təbii qaz müəssisələrinin qurulması ilə qəsəbənin sakinlərinin sayı da artıb.

 Yaz-yay aylarında günəşin heç batmadığı, qışda isə ümumiyyətlə görünmədiyi qəsəbədə nə ağac, nə də bir kol bitir. Qış aylarında şəhərdən görünən şey, yalnız qar və LNG daşıyan gəmilərin yerləşdiyi buzlu dəniz limanıdır.

 Orada insanlar və heyvanlar birlikdə yaşayırlar. Qütb ayıları və ağ tülkülərin zaman -zaman göründüyü qəsəbədə insanlar bu heyvanları bəsləyirlər, heyvanlar isə onlara zərər vermirlər.

Təbii qaz mədənlərində işlər ağır olduğuna görə qəsəbənin əhalisinin çoxu kişilərdir.
 Nəqliyyat vasitələrinin saatda maksimum 40 kilometr sürətlə sürüldüyü Sabetta qəsəbəsində yaşayan insanlar, xüsusi yerlər istisna olmaqla, evdə, küçədə və ya ofisdə siqaret çəkə bilməzlər. Sabettanın dünya ilə əlaqəsi bölgədə qurulan Beynəlxalq Sabetta Hava Limanı vasitəsi ilə təmin edilir.

Yamal yarımadasının ən şimalında yerləşən Sabettanın illik mayeləşdirilmiş təbii qaz  hasilatı 16,5 milyon ton təşkil edir. Sabetta son dövrlər Rusiyada icra olunan qaz layihələrinin başında gəlir.

Nubar Süleymanova, “İki sahil”