30 sentyabr 2021 17:31
13793

Balıq yeməkləri ilə qətiyyən bu qidaları yemək olmaz

Sərin havaların başlaması ilə balıq yeməklərinin mövsümü də başlayıb. Lakin bilməlisiniz ki, balıqla birgə yeyilməsi tövsiyə edilməyən bir sıra qidalar var.

Rusiyalı həkim-dietoloq Yevgeni Arzamsçev “Moskva 24”ə müsahibəsində qəti şəkildə balıq yeməkləri ilə bəzi yeməkləri qatmamağı insanlara məsləhət görüb.

“Bura ilk növbədə süd məhsulları aiddir. Balıqla qarışarsa, mədənin işini poza bilər”,-deyə o bildirib.

Dietoloq balıqla göbələk və dənli bitkiləri də qatmamağı tövsiyə edib. Bu, çox ağır birləşmə olar, yeməkdən sonra ağırlıq və yuxululuq yarada bilər. Mədə iltihabi xəstəlikləri varsa, xəstəliyin güclənməsinə səbəb ola bilər.

Qida mütəxəssisi qeyd edib ki, balıq hər bir protein qidası kimi, tərəvəzlərlə birlikdə ideal şəkildə həzm olunur. Bu zaman mədə üçün çox yüngül və təhlükəsizdir.

Süd və süd məhsullarını, göbələk və dənli bitkiləri ən azı balıqdan 3-4 saat sonra yemək məsləhətdir.

Həkim, həmçinin paxla yeməklərinin balıqla birlikdə istehlak edilməməsini tövsiyə edib, çünki bu, mədədə ağırlığa səbəb ola bilər. Bundan əlavə, paxlalar zülalın mənimsənilməsinə mane olur.

Mütəxəssis əlavə edib ki, arzuolunmaz qidalarla balıq yeməyin nəticələri hər bir insanın həzm sisteminin vəziyyətindən asılıdır. Vəziyyət əsasən, qastrit və ya digər iltihabi xəstəlikləri olan insanlarda ağırlaşa bilər.

Nubar Süleymanova, “İki sahil”