18 oktyabr 2021 17:58
2435

Dünyanın ən qeyri -adi  rekordları

"Ginnesin Rekordlar Kitabı" na daxil olan  ən qəribə dünya rekordlarını təqdim edirik.

Dünyanın ən səs-küylü insanı

 Qəribə səslənsə də,  dünyada ən güclü qışqıra bilən insan Jill Dreykdir. Qeyd edək ki, onun qışqırığının gücü təxminən  129 desibeldir.

Nəhəng omlet

 "Ginnesin Rekordlar Kitabı"na daxil olan bu qeyri-adi omletin  çəkisi nə az, nə çox təxminən  6,5 kiloqramdır. Çox maraqlıdır ki,   45 min yumurtadan və 100 kiloqram kərə yağından hazırlanan bu omlet 4290 kiloqram çəkisi olan tavada bişirilmişdi.

Ən uzun burun

 Dünyanın ən uzun burunlu adamı Türkiyədə yaşayır. 8,8 sm uzunluğundakı burunu ilə məşhur olan Artvinli Mehmet Özyurək 9 ildir ki,  "dünyanın ən uzun burunlu adamı" adını "layiqincə" daşımaqdadır.

 İnanılmaz kirpiklərin sahibi

 Ukraynalı Valeri Smagliy 6,99 santimetr kirpikləri ilə “dünyanın ən uzun kirpikli insanı” adını qazanıb. Bu özəlliyi ilə “Ginnesin Rekordlar Kitabı”na düşən Valeri uzun kirpiklərinin sirrini yediyi bəzi qidalar ilə əlaqələndirib.  O, rekord qırdıqdan sonra kirpiklərini kəsməyə qərar verib. Xüsusilə qadınların onu qısqandığını deyən Valeri insanlarla danışarkən çətinlik çəkdiyini, hər kəsin onun kirpiklərinə baxdığını etiraf edib. 

 Ən uzun dırnaqlar

ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində yaşayan Ayanna Uilyamsın dırnaqlarının uzunluğu 54-56 sm-dir. Onun 10 əl barmağındakı dırnaqların toplam uzunluğu isə 5,48 metrə bərabərdir.

Rəssam Ayanna Uilyamsın adı "Dünyanın ən uzun dırnaqlı qadını" kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.

A.Uilyamsın dediyinə görə, dırnaqlarını hər gün antibakterial sabunla yuyur, xüsusi fırça ilə təmizləyir.

"Adımın "Ginnesin Rekordlar Kitabı"na düşməsi ilə fəxr edirəm. Məni artıq dünya tanıyır. Övladlarıma da deyirəm ki, səbir etməklə hər məqsədə nail olmaq mümkündür", - Ayanna Uilyams söyləyib.

 Ən böyük soğan 

 Böyük Britaniyada yaşayan Tony Glover 8,5 kq ağırlığında nəhəng soğan yetişdirdiyinə görə  "Ginnesin Rekordlar Kitabı" na daxil olub. 

 Burunla yazılan sözlər

Məhəmmədhüseyn Kurşid adlı insanın qeyri-adi bacarığı hər kəsi təəccübləndirib. O, kompüterdə  burnu ilə 103 hərfi  cəmi  47 saniyəyə yığıb. Onun bu  nailiyyəti " Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Ən cavan ana

Peru sakini olan Lina Medina adlı 5 yaşlı qız uşaq dünyaya gətirib. Heç kəs uşağın hamilə olduğunu güman  etməyib. Onun qarnında şiş olduğu hesab olunub. Həkimlər müayinə etdikləri zaman təəccüblə 5 yaşlı uşağın bətnində 7 aylıq körpənin olduğunu müəyyən ediblər. Dünyaya göz açan uşaq tam sağlam və 2700 qram çəkidə olub.

Ən balaca odlu silah

İsveçrədə istehsal olunan tapança sadəcə öz ölçüləri ilə yox, həm də qiyməti ilə görənləri heyrətləndirir. Hər nə qədər oyuncağa bənzəsədə , bu tapança əslində bir canlını öldürməyə qadirdir.

Uzunluğu kibrit çöpündən daha kiçik olan tapança tam işlək vəziyyətdədir. 6 güllə tutan tapançadan ardıcıl atəş açmaq mümkündür. Ölçülərinə gəldikdə isə  bu tapançanın uzunluğu 5 santimetrdən bir az çoxdur. Hündürlüyü 3.5 sm, qalınlığı isə vur-tut 1 santimetrdir. Təsadüfi deyil ki, işlək vəziyyətdə olan bu cırtdan revolver dünyanın ən xırda tapançası və odlu silahı kimi "Ginnesin Rekordlar Kitabı"nda yer alıb.

Qeyd edək ki, bu silahın qiymət  450 min dollardır.

Qeyri-adi sürücü

2020-ci ildə 57 yaşlı Frank Heçem "Ən kiçik avtobus sürücüsü" kimi "Ginnesin Rekordlar Kitabı"na daxil olub. 1989-cu ildə sürücülük imtahanlarından  uğurla keçən "balaca adam" elə o vaxtdan sürücü kimi fəaliyyət göstərməkdədir. Hal-hazırda onun boyu cəmi 136.2 santimetrdir. Qeyd edək ki, avtobus marşrutlarında  Frank cəmi 3 ildir çalışır.

Dünyanın ən uzun qadını və kişisi

Bəşəriyyət tarixində nəhəng hesab edilən kifayət qədər insan olub, ancaq Robert Uodlou adlı amerikalının rekordu hələ də təzələnməyib. Dünyanın ən uzun insanı kimi  tarixdə iz qoyan Robert 22 fevral 1918-ci ildə 3.95 kq çəki ilə  normal uşaq kimi anadan olub. Lakin doğuşdan sonra sürətlə böyüməyə başlayan Uodloun 6 ayında çəkisi artıq 13 kq idi. Bütün uşaqlardan fərqli olan Robert 5 yaşında bağçaya gedərkən artıq böyük insan idi. Onun boyu 1.87 m, çəkisi isə 50 kq-dan artıq idi. Robertin 19 yaşı tamam olanda 2.61 m boyu ilə dünyanın ən uzunboylu insanı kimi tarixə düşür. “Zərif nəhəng” ləqəbi ilə tanınan Uodlou milli media kanalları tərəfindən dəvət almağa başlayır və bu qədər məşhur olması onu uzunmüddətli pul mənbəyinə çevirmiş olur. Təəssüflər olsun ki, 15 iyul 1940-cı ildə ayağına düşən  bir infeksiya səbəbindən 22 yaşında vəfat edir.Qeyd edək ki, öldüyü zaman onun boyu 2.72 m, çəkisi isə 220 kq idi.

Bu zamana qədər “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən üzun qadını kimi daxil olan qadın isə Çinin Hunan əyalətinin Yujiang kəndində yaşayan Zeng Jinlian olub.1982-ci ildə 17 yaşında vəfat etdiyi zaman onun boyu 2.46 m idi. Maraqlı faktlardan biri də odur ki, 4 yaşlı Zengin boyu 1.56 m olub. 13 yaşına çatanda isə Zengin boyu artıq 2.17 m idi və hər kəsin marağına səbəb olan bu qızcığaz dünyanın ən uzun qadını kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olur.

Samirə Tağıyeva, "İki sahil"