B 6 və B 12 vitaminlərinin həddindən artıq qəbulu ağciyər xərçənginin yaranmasına səbəb ola bilər.
Bu haqda “Express” nəşri Ohayo Universitetinin alimlərinə istinadən xəbər yayıb.
Araşdırma zamanı mütəxəssislər 77 mindən çox insan arasında B vitaminlərinin qəbulu barədə sorğu keçiriblər. Tədqiqatlarda son on il ərzində alınan vitamin dozası və gündəlik pəhriz nəzərə alınıb.
Altı il sonra tədqiqatçılar ağciyər xərçəngi əlamətlərini araşdırmaq üçün tədqiqat iştirakçılarının sağlamlığını yoxlayıblar. Xərçəng riskinə təsir edən bir çox meyarları ölçdükdən sonra elm adamları B12 vitamini (müstəqil bir əlavə olaraq qəbul edilən) ilə əlaqəli ağciyər xərçəngi riskinin xeyli artdığını bildiriblər. Bu maddələrin vitamin komplekslərinin tərkibindən ayrı olaraq böyük dozalarda qəbulunun xüsusilə kişilər üçün təhlükəli olduğu ortaya çıxıb.
"Gündə 55 mikroqramdan çox B12 vitamini qəbul edən kişilərdə B vitamini qəbul etməyən kişilərə nisbətən ağciyər xərçəngi riski 98 %, yəni üç-dörd qat daha çoxdur”,-deyə tədqiqatın aparıcı müəllifi Teodor Braski bildirib.
O qeyd edib ki, B6 vitamini adətən, 100 milliqramlıq tabletlərdə, B12 isə ümumiyyətlə 500-3000 mikroqramlıq tabletlərdə satılır. Birinci vitamin üçün tövsiyə olunan gündəlik doza iki milliqram, ikinci üçün isə 2,4 mikroqramdır. Braski vurğulayıb ki,adətən, multivitamin kompleksləri bu vitaminlərin tövsiyə olunan dozasını ehtiva edir.
Dünya Xərçəng Araşdırma Fondu vitamin ehtiyaclarını yalnız qida ilə qarşılamağı tövsiyə edir. B6 və B12 vitaminləri ilə zəngin qidalara balıq, qırmızı ət və quş əti daxildir.
Nubar Süleymanova, “İki sahil”