20 oktyabr 2021 00:00
1069

Qarabağ və Şərqi Zəngəzur: Yeni elektrik infrastrukturu qurulur

20 oktyabr Energetiklər Günüdür

Bu gün Azərbaycanda Energetiklər Günüdür. 17 ildir ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Düz 40 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməsinin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycanın belə əlamətdar tarixə qədəm qoyması, beynəlxalq arenada söz sahibinə, regional gücə çevrilməsi bütün digər nailiyyətlərlə birgə, həm də məqsədyönlü enerji siyasətinin, perspektivləri bir neçə yüzilliyə hesablanmış enerji strategiyasının təntənəsidir. Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı Dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 10 ildə 2055,4 meqavat gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 meqavata çatdırılıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə işğal altına olan torpaqlarını azad etməsi bir çox digər sahələrdə olduğu kimi, elektroenergetika sahəsində də əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaratdı. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə “Azərenerji” ASC tərəfindən elektroenergetika infrastrukturunun yaradılmasına başlanıldı və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlandı. Qeyd edək ki, Qarabağ Enerji Strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə ölkə sisteminə inteqrasiyasını nəzərdə tutur. “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov mətbuata verdiyi açıqlamada bildirib ki, Qarabağda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq, “Azərenerji” ASC Ağdam rayonunda 110 kilovoltluq iki yarımstansiyanın tikintisinə başlayıb. Gələcəkdə artım tələbatından asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür. Qarabağ Enerji Strategiyasına əsasən, işğaldan azad olunmuş bütün rayonlarda bu ilin sonuna kimi yarımstansiyalar fəaliyyət göstərəcək.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri zamanı artıq bir sıra yarımstansiyaların açılışı həyata keçirilib. Belə ki, Vətən müharibəsi başa çatandan cəmi bir neçə ay sonra Qarabağın elektriki enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücə malik “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzulu və Şükürbəyli yarımstansiyalarının açılışının edilməsi proseslərin hansı sürətlə aparıldığını göstərdi.  Həmçinin oktyabrın 3-də Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarının yenidənqurmadan sonra açılışı baş tutdu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ilin oktyabrın 3-də işğaldan azad etdiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi, “Suqovuşan-2” stansiyasında isə ildə 8,7 milyon kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulub.

Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı oldu. Açılışda iştirak edən ölkə başçısına məlumat verildi ki, Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb. “Cəbrayıl” yarımstansiyası, ilk növbədə, bu rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastruktur layihələrini, eləcə də rayonun ümumi şəhərsalma konsepsiyasına əsasən, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd-qəsəbələrini elektrik enerjisi ilə təmin edəcək.

Bütün bunlar ölkə rəhbərliyinin həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda ləyaqətlə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin yaratdığı xoş reallıqlardır. Energetiklər Günü münasibətilə bu sahədə çalışanları təbrik edir, uğurlar arzulayırıq.

Sevinc Azadi, “İki sahil”