19 oktyabr 2021 22:58
734

Tarif tənzimlənməsi iqtisadiyyatın zərərlə işləməsinin qarşısını alacaq

Bu dəyişiklik nəticəsində büdcədə yaranan artım sosialyönümlü tədbirlərə yönəldiləcək

Oktyabrın 16-da Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artıb. Tarif  Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi. Şuranın açıqladığı qərara əsasən, əhali üçün təbii qazın 1200 kubmetrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq.Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kubmetri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

Təbii qazın bir kubmetri sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb. Təbii qazın qiymət artımı elektrik enerjisinin də topdansatış və pərakəndə qiymətlərinin artmasını şərtləndirib. Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik). Tarif Şurasının yeni qərarında qiymət tənzimlənməsi üç kateqoriyaya ayrılır. Birinci kateqoriyada 200 kVts-dək olan abonentlər üçün 8 qəpik, ikinci kateqoriyada 200 kVts - 300 kVts arası 9 qəpik, üçüncü kateqoriyada 300 kVts-dan yuxarı isə 13 qəpik hesablanır. Elektrik enerjisinin artımı 63 faiz əhalidən, yəni aztəminatlı ailələrdən yan keçəcək. Bir sözlə, yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2, 05 manat həddində proqnozlaşdırılır. Yeni tariflər barədə qərar noyabrın 1-dən qüvvəyə minir.

Bu tarif tənzimlənmələri əhalinin alıcılıq qabiliyyətinə təsir göstərməyəcək

Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verdiyini bildirir və qeyd edir ki, hazırda təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. «Azəriqaz» İstehsalat Birliyi (İB) isə tariflərdəki dəyişikliklərin qaçılmaz olduğunu bildirib. Həm «Azəriqaz» İB-nin, həm də «Azərişıq» ASC-nin rəsmiləri bildiriblər  ki, bu cüzi artımlar aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlayıb.

Təbii qazın qiymətinin artımında optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51%-i (5 milyon nəfər) bu arımlardan zərər görməyəcək. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək. İqtisadçıların qənaətincə, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılması həmin təbəqənin gəlirlərinin artırılmasını da şərtləndirəcəkdir.  

Bu, bir reallıqdır ki, koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, həmçinin dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərib. Son 2 ilə yaxın müddətdə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişmiş, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.

Qeyd edək ki, Tarif Şurasının təklif etdiyi bu artımlar dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və s. kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Azərbaycan hələ də dünyada təbii qazın qiymətinin ucuz olduğu ölkədir

Məlumat üçün bildirək ki, 2021-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali abonenti üzrə Türkiyədə orta hesabla 36 qəpik, Ukraynada 87 qəpik təşkil edib. Azərbaycanda  qeyri əhali üçün qazın bir kubmetri 25 qəpikdirsə, bu, Türkiyədə 60 qəpik, Ukraynada 2 manat, Belarusda 55 qəpikdir. Göründüyü kimi, Tarif  Şurasının ölkəmizdə yeni müəyyənləşdirmiş tarifləri bu gün bəzi ölkələrin tarifləri ilə müqayisədə yenə aşağıdır

Bəs bu qiymət artımının iqtisadi üstünlükləri nədən ibarətdir? Qeyd edək ki, tarif dəyişikliyi nəticəsində qaz hasilatı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir. Həmçinin yeni investisiya qoyuluşlarının təmin edilməsi, istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi, o cümlədən hasilatçıların zərərlə işləməsinin qarşısını almaq üçün belə cüzi qiymət artımı zəruri idi.

Elçin Zaman, «İki sahil»